Dəm qazı təhdidi böyüyür

8 Yanvar 2013 17:35 (UTC+04:00)
Havaların soyuması fonunda yenə də dəm qazından zəhərlənənlərin sayında artım müşahidə edilir. Problemdən əsas çıxış yollarından biri isə mütəxəssislərə görə, mənzillərdə, idarə və müəssisələrdə dəm qazı ilə bağlı xəbərdaredici cihazlardan və avtonom detektorlardan istifadə etməkdir. Əgər dəm qazının konsentrasiyası buraxıla bilən hədd dozasını keçirsə, bu halda həmin cihazlar səs və işıq siqnalı xəbərdarlıq edir.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov da Mövqe.az saytına açıqlamasında bu cihazların quraşdırılmasının vacib olduğunu bildirib: "Azəriqaz" Neft Şirkətinin tərkibinə veriləndə bizim müəyyən gözləntilərimiz var idi. Biz düşünürdük ki, bacaların təmizlətdirilməsi işi həyata keçiriləcək, bu baş vermədi. Binanın qazını kəsəndə öncədən xəbərdarlıq sistemi olacaq, bu da baş vermədi. Gözləyirdik ki, istehlakçılarla bağlanan müqavilə şərtlərində təchizatçının məsuliyyəti qoyulacaq, bu da baş vermədi və s. bu kimi problemlər oldu.
Bir çox ölkələrdə evlərə qiyməti baha olmayan siqnalizatorlar paylanıb. Qaz sızmaları olanda onlar səs verib istehlakçını xəbərdar edir. Biz düşünürdük ki, "Azəriqaz" əhaliyə siqnalizatorlar paylayacaq, lakin bu da həyata keçirilmədi. Əlbəttə, siqnal verən cihazların olması çox vacib məsələdir. Bu mənada mütləq qanunlarda dəyişiklik aparılmalıdır. Bu günə kimi biz hələ görməmişik ki, qaz partlayışında təchizatçının günahı olsun. Bu, əslində, belə deyil. Təchizatçıların da üzərinə düşən məsuliyyət müqavilədə göstərilməlidir və müəyyən adamlar məsuliyyətə cəlb olunmalıdır. İndilikdə isə zəhərlənmələrdə, partlayışlarda istehlakçının özü günahkar hesab olunur. Təchizatçının məsuliyyəti olmalıdır".
Həyat fəaliyyətinin təhlükəsizliyi üzrə ekspert Mənsur İbadov isə bildirib: "Ümumiyyətlə, Azərbaycanda verilən qazın tərkibi dünya standartlarına, Azərbaycanın özünün mövcud standartlarına uyğundur. Dəm qazı problemini yaradan ümdə səbəblərdən biri isə qeyri-standart sobalardan istifadə olunmasıdır. Həmin sobaların vaxtında təmizlənməməyi, hamamda qapıların içəri açılması, qazın normal yanmamağı da zəhərlənmələrə yol açır. Digər tərəfdən bu gün Azərbaycanda baş verən boğulma hadisələrinin 90%-i əhalinin maarifləndirilməsi işinin zəif olmasından irəli gəlir.
Ən vacib məsələ həyat fəaliyyətinin təhlükəsizliyidir. İnsanın təhlükəsizliyini təmin etmək üçün ilk növbədə təhlükəsizlik sistemləri qurulmalıdır.  Bunlardan biri də avtomatik idarəetmə sistemləridir. Məlumdur ki, yanğina qarşı, qaz sızmasına qarşı siqnalizasiyalar var. Bu gün qaz sızmasını təyin edən siqnalizasiyaların quraşdırılması vacibdir. Bu siqnalizasiyaların quraşdırılması həyət evlərində daha vacibdir. Elə evlər var ki, o evlərdə xətlər evin içindən keçir, texniki normalara, şərtlərə uyğun deyil. Belə evlərdə mütləq həmin sistemlər olmalıdır, onların qoyulması vacibdir. Əgər o sistem olsa, hər hansı bir təhlükə anında siqnal işə düşür.
Dövlət qurumları bu istiqamətdə təbliğat aparmalıdır. Azərbaycan Respublikası Konstitusiyasına görə qanunu bilməmək məsuliyyətdən azad etmir. Hər bir vətəndaş müəyyən qanunları bilməlidir və ona əməl etməlidir. Bu gün Azərbaycanda  qanunlar verilir, lakin vətəndaşlar nəinki qanuna əməl etmək, heç oxumaq da istəmirlər. Bu mənada vətəndaşlarin üzərinə məsuliyyət daha çox düşür, nəinki, dövlətin. Çünki, hər bir vətəndaş öz ailəsini, mülkünü qorumağa borcludur".