Problemli avtomobil kreditləri artır

9 Yanvar 2013 11:05 (UTC+04:00)

Səbəb bankların bahalı kredit siyasəti yürütməsidir  

Azərbaycanda avtomobil kreditlərinin baha olması danılmaz həqiqətdir. Bunun əsas səbəblərindən biri isə banklarla bağlıdır. Ümumiyyətlə, dünyada ən yüksək faizlə kredit verən banklar arasında Azərbaycan banklarının da adı var. Görünür, məhz kredit faizlərinin yüksək olması maşın bazarında da problemlərə səbəb olur. Məsələ burasındadır ki, problemli avtomobil kreditlərinin həcmi artıb.

ANS telekanalının məlumatına görə, 2012-ci ildə avtomobil kreditləri üzrə problemli kreditlərin həcmi 2011-ci illə müqayisədə təxminən 15% artıb. Bəs görəsən, problemli maşın kreditlərində bu qədər artım olmağına səbəb nədir? Maşın bazarlarında araşdırmalar göstərir  ki, təkcə alıcılar yox, hətta satıcılar da kreditli maşın satışının kifayət qədər problemli olduğunu deyir. Ekspertlər isə hesab edirlər ki, maşın kreditlərində faiz dərəcəsi və əlavə bank xərcləri çox yüksəkdir. Əsas səbəblərdən biri də vətəndaşların krediti götürərkən öz gəlirlərini düzgün qiymətləndirməməsidir. Avtomobil sahibi krediti ödəyə bilmədikdə, maşın bankın sərəncamına keçir və adətən, bu cür hallarda banklar avtomobil sahibinin ödədiyi krediti də geri qaytarmırlar.

Qeyd edək ki, dünyada ən yüksək faizlə kredit verən banklar arasında Azərbaycan banklarının da adı var. Qərbi Avropa ölkələrində kredit faizləri 3-4 faiz civarında, Şərqi və Mərkəzi Avropa ölkələrində 10 faizdən aşağıdırsa, Azərbaycanda bu rəqəm 20 faizdən yuxarıdır. 

Kredit götürməzdən öncə bilməli olduğunuz bir məqam da var. Belə ki, banklar kredit ayırarkən xarici markalı avtomobil, işlənmiş avtomobil  və Rusiya istehsalı olan avtomobilləri fərqləndirirlər. Bunun səbəbi işlənmiş avtomobillər üçün ayrılan kredit məbləğinin az olması və bankların çox qazanmaq istəmələri ilə bağlıdır. İşlənmiş avtomobillərin aşağı qiyməti, sənədləşdirmənin və kredit ayrılmasının  sadələşdirilməsi, ilkin ödənişin minimuma endirilməsi, alınan avtomobilin girov kimi sənədləşdirilməsi, bankların xidmət dairəsinin genişlənməsi avtomobillərin kreditlə satışına marağı artırıb. Banklarda kreditləşmənin klassik forması ilə yanaşı, həm avtosalonlar vasitəsilə, həm də ayrı-ayrı fiziki şəxslərdən kreditlə istifadə olunmuş avtomobil almaq istəyənlər üçün bazarda bir sıra yeni proqramlar tətbiq olunur. Lakin, kreditin faizi hələ də yüksək olaraq qalmaqdadır. Qeyd edək ki, dünyanın ən bahalı şəhərlərindən olan Moskvada  avtomobil almaq üçün kredit faizi 8-9, İstanbulda isə 11-12 faizdir. Heç 20 faizə çatmır. Bizdə isə az qala 30 faizdir. Üstəgəl kredit hesabının açılması, kreditin nağd verilməsi üçün xərclər və sığorta haqqı. Nəticədə hesablayıb görürsən ki, avtomobil öz qiymətindən 2 dəfə baha başa gəlir. Məlumat üçün deyək ki, Azərbaycanın avtomobil bazarında alıcıların əksəriyyəti 10-30 min AZN məbləğində olan avtomobillərə daha çox maraq göstərir.

Qeyd edək ki, maşın kreditləri əhalinin ən çox müraciət etdiyi kredit növü olduğundan, bu sahədə geriyə ödəmələr zamanı da ciddi problemlər yaranır. Bunun əsas səbəbləri kimi isə kommersiya banklarının vətəndaşlara kredit şərtlərini düzgün izah etməməsi, alıcıların isə sənədləşdirmə zamanı aylıq qazancları barədə yalan məlumatlar verməsi göstərilir. Bu problemlər isə avtomobil bazarına birbaşa təsir göstərir. Araşdırmalar göstərir ki, nəinki alıcılar, hətta satıcılar da kreditlə maşın alış-satışından razı deyil. Hələlik isə bu sahədə problemlər bankların kredit siyasəti üzündən daha da dərinləşir.

Səməd CƏFƏROV