Ermənilərlə əlbir müxalifət

9 Yanvar 2013 11:34 (UTC+04:00)

Məlumdur ki, bir müddət öncə "Mütəşəkkil Cinayət və Korrupsiya Hesabatı Layihəsi" ində Azərbaycan, onun rəhbərinə qarşı qərəzli mövqe sərgiləndi. Sonradan məlum olur ki, "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi"nin rəhbərlərindən biri milliyətcə ermənidir. O, uzun müddət Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən işgəncələrdə, terror hadisələrində iştirak edənlərlə birgə olub, onlarla dostluğu ilə öyünüb. 

Millət vəkili Siyavuş Novruzov açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin tərkibinə daxil olan Ermənistan Araşdırmaçı Jurnalistlər Təşkilatının rəhbəri Edik Baqdasaryan bu gün də eyni amalla fəaliyyətini davam etdirir.

S. Novruzov E. Baqdasaryanın Azərbaycanda istinad etdiyi mənbələri də ittiham edib: "Onun Azərbaycanda istinad etdiyi mənbələr dövlətçiliyimizin əleyhinə olan AXCP sədri Əli Kərimli, "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və digər bu kimi qurumlardır. Hansı ki bu mənbələr daima Azərbaycan əleyhinə yalan, böhtan, şantaj və digər bu kimi xarakterli məlumatlar yaymaqla məşğuldurlar".

Deputat  AXCP sədri Əli Kərimlini Edik Baqdasaryanla əməkdaşlıq etməkdə ittiham edib: "Bu bir daha da onu  göstərir ki, Əli Kərimli və onun dəstəsi hakimiyyətdə olmaq üçün hətta şeytanla da əlbir olmağa hazırdır. Azərbaycanlılara qarşı terror həyata keçirmiş erməni ilə belə əlbir olub, fəaliyyət göstərmək artıq onların nə xislətə malik olmasından xəbər verir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bildiyiniz kimi, vaxtilə Gürcüstanda Əli Kərimlinin adamlarının ermənilərlə danışqılara getməsi, onlardan pul alması və sair halların şahidi olmuşuq. İndi də təkrar olaraq göründü ki, Azərbaycanda seçkilər yaxınlaşdıqca, bu qruplar ermənilərlə əlbir olaraq dövlətə, ölkədə görülən uğurlu işlərə, isalahatlara, vətənə xidmət edən insanlara qarşı çıxışlar edirlər. Onlar ermənilərlə iş birliyinə hazırdırlar, təki Azərbaycan hakimiyyətində hansısa bir yeri tutsunlar". S. Novruzov AXCP-nin beynəlxalq aləmdəki müxtəlif erməni mənbələrindən maliyyələşdiyini bildirib: "Seçkiqabağı istəyirlər ki, o maliyyə bir az da artsın. Bunun üçün də bu cür saxta sorğular kimi yaramaz əməllərlə məşğul olurlar".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli isə "Mövqe"yə açıqlamasında bildirib ki, burada Əli Kərimlidən başqa, jurnalist Xədicə İsmayılovanın da iştirakı var: "Çünki, hesabat "Azadlıq" radiosunun təqdim etdiyi materiallara uyğun hazırlanıb. Həm Xədicə İsmayılovanın, həm də Əli Kərimlinin ümumiyyətlə, qərəzli və qəzəbli mövqedən çıxış edən insanların mövqelərinə söykənərək hansısa bir hesabatın hazırlanması ümumiyyətlə, absurddur. Bu, nəinki həmin təşkilatın obyektiv olmadığını, qərəzli olduğunu sübuta yetirir, həm də həmin qurumun əsl mahiyyətinin ictimaiyyətə açıqlanmasına imkan yaradır. Bu təşkilatın bundan sonra da açıqlayacağı hər hansı bir hesabatı ciddi formada qəbul oluna bilməz. Çünki, bu, konkret olaraq bir tərəfin subyektiv mövqeyini əhatə edir".

Elçin Mirzəbəylinin sözlərinə görə, bu məsələ eyni zamanda özünü jurnalist adlandıran Xədicə İsmayılovanın da əsl mahiyyətini ortalığa qoydu: "Belə anlaşılır ki, bu insan Azərbaycan dövlətçiliyinə qarşı tamamilə qərəzli, düşmən mövqedədir. O adam nəinki jurnalistikanın təməl prinsiplərinə, peşə etikasına əməl etmir, eyni zamanda özünü bütün bu proseslərdə tərəf kimi nümayiş etdirir və öz subyektiv fikirlərini ictimaiyyətə həqiqət kimi açıqlamağa çalışır. Öz məqsədlərinə çatmaq üçün ayrı-ayrı beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməkdən belə çəkinmir. Bu hadisələr Əli Kərimlinin və bütün dövrlərdə onun maraqlarını qoruyan Xədicə İsmayılovanın hansı düşüncə tərzinə, mənəviyyata sahib olduğunu nümayiş etdirir". 

Elçin Mirzəbəyli onu da bildirdi ki, bu yalan hesabata görə əməyi keçən hər bir insan cavab verməlidir: "Hesabatı hazırlayan mərkəz faktiki olaraq məlumatları haradan aldığını açıqlayıb. Böhtan xarakterli məlumatlarla  hesabatı hazırlayan təşkilat və hesabata saxta məlumatları ötürən insanlar məhkəməyə verilməlidir".

Millət vəkili Aydın Mirzəzadə isə bildirir ki, bu fakt düşmənimizin Azərbaycanı beynəlxalq nüfuzdan salmaq üçün istənilən çirkin metoddan istifadə etdiyini göstərdi: "Bu, birinci dəfə deyil. Dəfələrlə olub ki, hansısa beynəlxalq təşkilat adlanan qurumun adından verilən bəyanatın arxasında erməni diaspor təşkilatının, maliyyəsinin durduğu üzə çıxıb. Məqsəd dövləti və onu təmsil edən şəxsləri nüfuzdan salmaqdan ibarətdir. Çox təəssüfediləndir ki, Azərbaycan müxalifətinin bir hissəsi vaxtaşırı bu mənbələrə istinad edir. Bunun özü bir daha göstərir ki, müxalifətimizin müəyyən hissəsi öz fəndlərinin seçilməsində çox da diqqətcil deyillər. Onun üçün fərqi yoxdur, hansı yolla hakimiyyətə gələcək. Əsas məsələ hakimiyyəti "qaralamaq", özünün hakimiyyətə yeganə layiq olduğunu göstərməkdir".

Millət vəkilinin sözlərinə görə, müxalifətin hakimiyyət istəməsi normal bir məsələdir: "Azərbaycan demokratik ölkə olduğu üçün Konstitusiyamız rəqabətli seçkiyə şərait yaradır. Cəmiyyətdə dayağı olan istənilən bir qüvvə hakimiyyətdə mütənasib olaraq təmsil olunur. Amma Azərbaycanı sevməyən qüvvələrin onlar üçün düşmənə istinad vermək vətənpərvərliyə, hətta demokratiyaya xas deyil. Çox maraqlıdır ki, həmin təşkilatın bəyanatını təriflə yayan müxalifətin təsiri altında olan mətbuat orqanları sonradan təkzib vermədi. Yaydıqları yalana görə hətta cəmiyyətdən belə üzr istəmədilər. Hər halda Azərbaycan müxalifəti təkcə radikal müxalifətdən ibarət deyil. Parlamentdə təmsil olunan, parlamentdən kənarda konstruktiv mövqedə olan, milli maraqlardan çıxış edən, demokratiyanı gözləyən müxalifət dairələri də var. Ümumilikdə götürdükdə isə, Azərbaycan xalqı bir çox seçkilərdə inandığına, etibar etdiyinə üstünlük verib".