"Barselona" yeni rekorda doğru

9 Yanvar 2013 12:30 (UTC+04:00)
İspaniya çempionatının 18-ci turunda "Espanyol"u 4:0 hesabı ilə yenən "Barselona" 70 il əvvəlki rekordu təkrarlayıb. Kataloniya təmsilçisi çempionatda ardıcıl 36-cı matçını qolla başa vurub. Sonuncu dəfə belə nailiyyət 1940-cı illərdə müəyyənləşdirilib. Həmin vaxt "Barsa" 1942-1943-cü il mövsümünün 9-cu turundan 1943-1944-cü il mövsümünün 18-ci turunadək hər oyunda fərqlənərək, 106 qol vurub. Cari mövsümün 19-cu turunda baş məşqçi Tito Vilanovanın komandası səfərdə "Malaqa"nı da məyus etməyi bacarsa, əvvəlki rekordunu təzələyəcək. Qeyd edək ki, "Barselona" sonuncu dəfə 2012-ci il yanvarın 29-da "Vilyarreal"la görüşdə qol vura bilməyib.