Fırıldaqçı dilənçilər
9 Yanvar 2013 13:02 (UTC+04:00)
Son dövrlər Azərbaycanda fırıldaqçılıqla pul qazanmaq istəyən və
daha çox mədəni dilənçi təsiri bağışlayanların sayında bir artım
müşahidə olunur. Onlar bir çox hallarda insanların etibarından
sui-istifadə edərək bu və ya digər məsələlərdə kömək edəcəklərini
bəhanə etməklə adamlardan müəyyən miqdar vəsait qoparırlar. Özü də
demək olar ki, sözügedən fırıldaqçılıq halları hər bir sahəni əhatə
edib.
Məlumat verildiy kimi isə Bakı şəhərinin müxtəlif yerlərində xüsusi
hazırlanmış vərəqələr insanlara paylanır və əvəzində müəyyən
maddiyyat umulur. Vərəqləri paylayaraq maddi vəsait toplamağa cəhd
edənlər bunu guya Əjdərbəy məscidində kasıb insanlar üçün ehsan
mərasimi düzənləmək məramı ilə həyata keçirdiklərini iddia edirlər.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bildirir ki, bu, həqiqətə uygun
olmayan bir məsələdir və burada Əjdərbəy məscidinin adının
hallandırılmasından təəssüf hissi keçiririk. Belə ki, Əjdərbəy
məscidi kasıb insanlara yardımı hər zaman yalnız öz daxili
imkanları hesabına gerçəkləşdirir.
Bəzən isə "mədəni dilənçiliyi" özünü peşə seçənlər yoldan keçənlərə
yaxınlaşaaq yol pullarını olmadığını bəhanə gətirir və onlara heç
olmasa bir manat verilməsini xahiş edirlər. Görəsən, belə
fırıldaqçılığı şərtləndirən səbəblər nədir?
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, fırıldaqçılıq kimi mənfi
halların geniş vüsət almasına rəvac verən əsas amil maddiyyətin
mənəvi dəyərləri üstələməsidir: "Tarixin müəyyən dövrlərində
müxtəlif ölkələrdə, Hindistanda, Avropada, konkret tarixi şəraitdə,
konkret məkanda maddiyyət önə keçərək, mənəvi dəyərləri üstələyəndə
həmişə fırıldaqçılıqla pul toplamaq kimi hallara da yol açılır.
Mənəvi dəyərlərə daha çox üstünlük verildiyi cəmiyyətlərdə isə belə
xoşagəlməz hallara demək olar ki, rast gəlinmir. Təəssüf ki, son
dövrlər bütün Yer üzündə, o cümlədən Azərbaycanda maddi dəyərlər
daha da aktivləşərək mənəvi dəyərləri öz təsiri altına almağa
başlayıb. Hazırda cəmiyyətdə maddi dəyərlər daha populyar
olduğundan, insanlar daha çox bu amilə istiqamətləndiklərinə görə
fırıldaqçılığın da geniş miqyas alması təbii və qanuni hala
çevrilib. Onun nəticəsidir ki, son dövrlər bir sıra digər ölkələrdə
olduğu kimi, Azərbaycanda da fırıldaq gəlməklə əhalidən pul
toplamaq kimi hallar geniş yayılıb. Nə qədər ki, mənəvi dəyərlər
əvvəllər olduğu kimi cəmiyyətdə ahəngi tənzimləyən mexanizm rolunu
oynamayacaq, belə fırıldaq əməllər daha da artmaqda davam
edəcək".
Sosioloq Xosrov Oruclu isə düşünür ki, fırıldaqçılığı şərtləndirən
amillər içərisində əhalinin bir qisminin savadsızlığı dayanır:
"Adətən cəmiyyətdə hər hansı bir boşluq yarananda onu doldurmağa
çalışırlar. Belə boşluqlardan isə əksər hallarda fırıldaqçılar öz
xeyirlərini güdməklə "uğurla" yararlanırlar. Hazırda Azərbaycan
cəmiyyətində də müəyyən qədər boşluqlar var. Yəni cəmiyyətdəki
boşluqlar da müəyyən mənada fırıldaqçılığın özünə yer eləməsini
şərtləndirən amillərdən biridir. Digər tərəfdən, fırıldaqçılığın
yayılmasına əhalinin bir qisminin sadəlövh olması da rəvac verir.
Həmin fırıldaqçılar da bu məqamdan sui-istifadə etməklə əhalini
soyurlar. Fırıldaqçılıqla məşğul olmağı özlərinə "peşə" seçənlərə
gəldikdə isə onların bir qismi əzəldən bu çirkin işlərdə
bulunduqlarından yenə də yaranmış fürsətdən istifadə etməklə öz
çirkin əməllərini genişləndirirlər. Digər bir qisim fırıldaqçılar
isə işsiz olduğundan bu yollarla özlərinə gəlir götürməyi
düşünürlər. Bu da ondan irəli gəlir ki, indiki cəmiyyətdə maddiyyət
hər şeydən öndə dayanır. Maddiyyəti əldə etməkdən ötrü bir çox
insanlar hər cür çirkin əməllərə əl atmaqdan belə çəkinmirlər".