Yeni qanunla iki soyad istifadəsinə son qoyuldu

9 Yanvar 2013 15:55 (UTC+04:00)
Movqe.Az bildirir ki, İsveçrə yeni ildən etibarən gündəlik həyatı maraqlandıran bir çox qaydaları qüvvəyə qoyub. Bunlardan biri də soyadlarda edilən dəyişiklik olub. İstər qadın hüquqları istərsə də bürokratiyanın yaratdığı çətinlikləri nəzərə alaraq, İsveçrə iki soyad istifadəsinə son qoyub. Yeni tənzimləmə yeni ildən etibarən qüvvəyə minib. Belə ki, bu ildən etibarən evlənən cütlüklərdən hər biri evləndikdən sonra da öz soyadını ömür boyu daşıya biləcək. Cütlüklərə yeni qanun tək bir soyad altında birləşmə haqqını da verir. Edilən dəyişikliyə görə, nigah mərasimində cütlüklər hansı tərəfin soyadı altında yaşamaq istədiklərini bəyan edəcəklər. Bu vəziyyətdə ənənəvi qaydaya zidd olaraq kişi də həyat yoldaşının soyadını alaraq həyatına davam edə biləcək. Köhnə tətbiqə görə, qadınlar subaylıq soyadları ilə birlikdə yoldaşlarının soyadını da daşıyırdılar. Amma yeni qanunla bu ləğv edilib. Qadın nigah zamanı ya həyat yoldaşının soyadını alacaq ya da öz soyadı ilə davam edəcək. Öz subaylıq soyadını daşımağa qərar verən cütlüklərin uşaqları isə ana-atanın təyin etdiyi (cütlüklərdən birinin) soyadı daşıyacaqlar. Nigahsız doğulan uşaqlar birbaşa ananın soyadını alacaq. Ancaq, cütlüklərin ortaq tələbi ilə uşaq atanın soyadını da istifadə edə biləcək. Yeni qaydaya görə, evlilik tarixindən asılı olmayaraq köhnə cütlüklər də bundan faydalana biləcək. Bununla da, evli qadınlar həm subaylıq soyadlarına geri dönə biləcək, həm də ərinin soyadı ilə birlikdə iki soyad daşımamaq şanslarından istifadə edə biləcəklər. Rəsmi nigah dairəsinə müraciət ilə qadınlar soyadlarına qovuşa biləcək. Amma onlar müraciət üçün yeni şəxsiyyət vəsiqəsi xərci xaric olmaqla  75 İsveçrə frankı ödəmək məcburiyyətində qalacaqlar. İki soyadı ilə davam etmək istəyən insanlar isə bu şəkildə davam edə biləcəklər. Ancaq bundan sonra İsveçrədə iki soyad almaq mümkün olmayacaq.