Yeni sərt çörək standartları gəlir

9 Yanvar 2013 17:38 (UTC+04:00)
Çörək dünyada ən geniş yayılmış qida növlərindən biri, bəlkə də elə birincisidir. Gündəlik qida rasionumuzun əsasını təşkil edən çörəyin ləziz olması ilə yanaşı, gigyenik şəraitdə hazırlanması da vacib şərtlərdən biridir. Məhz bu məqsədlə yeni çörək standartının qəbulu gözlənilir. 
Standartın nə zaman qəbul ediləcəyini öyrənmək məqsədi ilə Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı  ilə əlaqə saxladıq. Qurum rəsmisi Mövqe. Az saytına açıqlamasında qeyd edib:
- Standartın layihəsi artıq hazırdır. Ekspertlər tərəfindən rəylər də verilib. Komitəyə yaxın zamanlarda təsdiq üçün təqdim ediləcək. Bu layihə Azərbaycan Standartları İnstitutu nəzdində fəaliyyət göstərən Taxıl Və Un Məmulatlarının Standartlaşdırılması üzrə Texniki Komitə tərəfindən hazırlanıb. Həmin Texniki Komitənin içində Standartlaşdırma Metereologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssisləri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, həmçinin Səhiyyə Nazirliyinin və digər qurumların, o cümlədən bu sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin mütəxəssisləri toplanmışdır. Biz hesab edirik ki, yaxın 1 ay ərzində, yanvar ayının sonunda çörək ilə bağlı yeni standartın qəbulu gözlənilir.
-Qəbul ediləcək yeni standartda nələr nəzərdə tutulub?
-Yeni standart hazırda qüvvədə olan standartdan tələblərin daha sərt olması ilə seçilir. Standartın qəbulu insan həyatının sağlamlığı, təhlüksəziliyi, ümumilikdə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, çörək məhsullarında keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədi daşıyır. Çörəyin daşınmasında, saxlanması və satışında rast gəlinən problemlər, həmçinin çörəyin çəkisi ilə bağlı məsələlər müasir beynəlxalq standartların tələblərinə uyğunlaşdırılıb.
-Standart iri müəssisələr ilə yanaşı, kiçik çörəkbişirmə sexlərinə də tətbiq ediləcəkmi?
-Azərbaycan Respublikasında irili-xırdalı nə qədər müəssisə varsa, müəssisənin istehsal həcmindən asılı olmayaraq çörək istehsal edən bütün müəssisələrə tətbiq olunacaq.