Dövlət borclanmasına limit tətbiq olunur

1 Oktyabr 2016 09:30 (UTC+04:00)

Azərbaycanda 2017-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1 milyard manat, xarici dövlət borclanmasının yuxarı həddi isə 0,5 milyard  manat həcmində nəzərdə tutulub. Bu barədə "2017-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir. Layihəyə əsasən, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı limiti isə 10 milyard manat olacaq. 

Bu fonda demək olarmı ki, borclanma, xüsusən də xarici borclanma azalacaq? Bu hal ölkə iqtisadiyyatına nə vəd edir?

İqtisadçı Oqtay Haqverdiyev bildirdi ki, xarici borclanmanın azalmasının onun yalnız hansı istiqamətə yönələcəyini biləndən sonra ölkə iqtisadiyyatına nə vəd edəcəyi barədə danışmaq olar: "Xarici borclanmanın konkret hansı layihələrə gedəcəyini biləndən sonra bu addımın effektliyinin nə dərəcədə olması və ya olmaması barədə bir söz demək olar. Hər halda Azərbaycanın hazırda mövcud olan xarici borcunun səviyyəsi o qədər də narahatedici həddə gəlib çatmayıb. Xarici borc Ümumi Daxili Məhsulun 40-50 faizini təşkil edəcəyi halda buna qorxulu hədd demək olar. İndilikdə isə cəmi 20 faizdir.

Digər tərəfdən olduqca vacib və bir müddətdən sonra xeyir verə biləcək hansısa böyük layihələrin icrası üçün xarici borclanmaya getmək yaxşıdır. Amma uzun müddətli perspektivdə xeyri olmayan kiçik layihələr üzrə borclanmaya getməyə elə də ehtiyac olduğunu düşünmürəm. Xarici borclanma qeyri-neft sektoruna gəlsə, bu fonda borcumuz da az olar, həm də onlar və biz buradan xeyir götürərdik". 

İqtisadçı-ekspert Cümşüd Nuriyevin qənaətincə, mövcud situasiyada yeni borclanmanın qarşısı alınacaq və tədiyyə balansına da yük düşməyəcək: "Öncə onu qeyd edim ki, xarici borclanma ilə bağlı BMT-nin son bölgüsünə görə inkişaf etmiş, etməkdə olan və zəif inkişaf edən dövlətlər 3 qrupa ayrılıb. Burada borclanma normaları da göstərilib. Ümumi Daxili Məhsulun 40-50 faizinə qədər borclanma iqtisadiyyat üçün problem yaşatmır. Azərbaycanda isə yaxşı ki, borclanma faizi yüksək səviyyədə deyil. Baxmayaraq ki, keçən ilin dekabrında olan devalvasiyadan sonra dollarla müqayisədə borcumuz artdı. Amma yenə də borclanma faizi Azərbaycan üçün yuxarıda qeyd edilən normadan azdır. 

Büdcə kəsirinin defisitlə götürülməsinin əsas məqsədi də odur ki, məhz daxili və xarici borclanmadan dövləti bu və ya digər formada qorumaq mümkün olsun. Azərbaycan dövləti də bunu qoruyur. 2017-ci il büdcəsində daxili və xarici borclanma üçün götürülən maksimal hədlər müəyyən mənada məhz bu ilki büdcə kəsirinin azaldılmasını nəzərdə tutur. İkincisi, bu yolla dövlət xarici borclanmanın da qarşısını alır. Azərbaycan paralel islahatlar modelini seçib ki, bu model də müasir dövrün tələblərinə daha uyğundur. Ölkə xarici borclanma limitini azaldırsa, təbii ki, hökumətin borc götürmək üçün zəmanət vermək səlahiyyəti olmur. Bundan sonra istər hökumət adından dövlət, istərsə də ayrı-ayrı nazirlik və yaxud səhmdar cəmiyyətlər səviyyəsində artıq borc götürmələr mümkün olmayacaqBu fonda həm yeni borc alınmasının qarşısı alınacaq, xarici borclanma azalacaq, eyni zamanda tədiyyə balansına yük düşməyəcək. 

Son 12 ildə Azərbaycanın tədiyyə balansı mənfi olmamışdı, amma bu il mənfi olma ehtimalı yüksəkdir. İstər xarici, istərsə də daxili borca limitin qoyulması dövlətin kəskin iqtisadi rıçaqlara əl atmasına dəlalət edir. Bu da öz müsbət nəticəsini verəcək. Ölkə belədə öz daxili resurslarından faydalanmalı olacaq. Dövlət öz resurslarına meyl etdiyindən hər bir manata ciddi diqqət yetirməli olacaq. Dövlətin axı, tarazlayıcı funksiyası ilə yanaşı, himayədarlıq funksiyası da var. İndiki halda da dövlət tarazlayıcı funksiyanı icra edərək tələb və təklifin optimal nisbətini müəyyənləşdirməlidir" .