Bazarlar super marketlərlə əvəzlənə bilər
10 Yanvar 2013 07:30 (UTC+04:00)
Məlumdur ki, bu gün paytaxt Bakıda fəaliyyət göstərən satış
məkanlarının içində ucuzluğu ilə fərqlənən xeyli bazarlar var.
Bunlar "8-ci km", "Təzə bazar", "Şərq" "Yaşıl", "Nəsimi"
bazarlarıdır ki, daim alıcı kütləsinin çoxluğu ilə fərqlənirlər.
Alıcı kütləsinin çoxluğu və buraya avtomobillərin həddən artıq çox
sayda olması isə bazar yaxınlığında nəqliyyat tıxacına səbəb
olur.
Digər tərəfdən bazarların əksəriyyətində sanitar vəziyyəti də o
qədər ürəkaçan saymaq olmaz. İkinci problemə qarşı vaxtaşırı
müvafiq tədbirlər görülsə də, bunu tıxac məsələsinə aid edə
bilmərik. Demirik ki, mövcud problemlər xarici ölkələrin, bizim
adları sadalanan bazarlarımıza oxşar bazarlarında yoxdur. Amma
Qərbdə sıx alıcı kütləsindən yaranan həmin problemlərin aradan
qaldırılması istiqamətində alternativ variantlar tətbiq olunmağa
başlayıb. Misal üçün bildirək ki, dünyaca satış bazarları ilə
məşhur olan qonşu Rusiyanın paytaxtında yeni ildən etibarən həmin
bazarlar super marketlərlə əvəz olunmağa başlayıb. Məqsəd də satışı
dünya standartlarına yaxınlaşdırmaq, sanitariya vəziyyətini
yaxşılaşdırmaq, xaotiklikliyi aradan qaldıraraq tıxac problemini
həll etməkdir. Ekspertlər oxşar metodun bizdə də tətbiqinin
mümkünlüyünü desələr də, bunun satış qiymətlərinin qalxmasına səbəb
olacağını bildirirlər.
İqtisadçı ekspert Ruslan Atakişiyevin sözlərinə görə, bazarların
müasirləşməsi müxtəlif yollarla həyata keçirilə bilər: "Bir variant
da həmin bazarların yerində böyük super marketlərin yaradılmasıdır.
Digər variant isə bələdiyyə və icra hakimiyyəti vasitəsi ilə
bazarların müasir standartlara cavab verəbiləcək şəkildə yenidən
qurulmasıdır. Bələdiyyələr həm də bazarların yaxınlığında avtomobil
dayanacağı tikə bilərlər ki, orada olan tıxacın aradan qalxmasına
köməklik göstərə bilər. Həm də bazarlarda sanitariya xidmətinin
gücləndirilməsinə ehtiyac var. Bu, həm xidmətin keyfiyyətini
artırır, həm də orada işləyənlərin sağlamlığına müsbət təsir
göstərə bilər".
Ekspert bildirir ki, bazarların əvəzinə super marketlərin tikilməsi
orada satılan məhsulların qiymətinin qalxmasına mütləq
şəkildə təsir göstərəcək: "Çünki, sahibkar istər-istəməz oranın
tikilməsində xərc çəkəcək. Onda da orada olan icarə haqqının
qiyməti də yüksək olacaq. Ticarətçilər də icarə haqlarının yüksək
olması ilə bağlı məhsulların qiymətini artıracaq. Bu baxımdan
şəhərdə ucuzluğu ilə tanınmış bazarlar sonradan bahalı bazarların
aqibətini yaşayacaqlar. Bu zaman əhalinin aztəminatlı təbəqəsi ucuz
məhsul əldə etmək üçün yenidən ucuz yerlər axtaracaqlar. Ona görə
də ikinci təklif daha optimal sayılar. Yəni, həmin bazarlar
bələdiyyələr və yaxud da yerli icra hakimiyyəti tərəfindən təmir
olunsun, müasir şərait yaradılsın. Sanitariya tədbirlərinin
mütəmadiliyini təşkil etmək üçün sistem qurulsun. Burada da cüzi
miqdarda icarə haqları qoyula bilər ki, bu, qiymətlərin elə də
qalxmasına təsir etməyəcək".
Ruslan Atakişiyevin fikrincə, yaxşı olar ki, həmin bazarların
yaxınlığında müasir dayanacaqlar tikilsin: "Dayanacaqda pulun
alınması bazarda məhsulun qiymətinin qalxmasına təsir etməyəcək.
Pula qənaət etmək istəyənlər də sərnişin nəqliyyatından istifadə
edəcəklər. Ona görə də ikinci variant daha sərfəli sayılar".
Kənd
təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirir ki, həmin super
marketlərdə şərait daha yaxşıdır: "Orada xüsusi dondurucular var
ki, məhsulun uzun müddət təzə qalmasına şərait yaradır. Sahibkarlar
həmin super marketlərə də keyfiyyətsiz məhsul gətirmir. Onlar
özlərinin imicini saxlamaq üçün daha keyfiyyətli məhsul gətirirlər
ki, keyfiyyətli xidmət göstərə bilsinlər. Amma bazarlar super
marketlərlə əvəzlənsə, mütləq orada satılan məhsulların qiyməti
qalxacaq. Çünki, orada xüsusi qulluq göstərən insanların sayı
çoxluğu, bəzi avadanlıqlar və digər xərclər satılan məhsulların
qiymətini qaldıracaq. Ona görə çalışmaq lazımdır ki, belə super
marketlərin olması ilə yanaşı, kənd təsərrüfatı məhsullarının
səyyar satışı da həyata keçirilsin. Belə olan da kasıb təbəqə üçün
səyyar satışla məşğul olan sahibkarların təklif etdiyi məhsul
məqbul sayılacaq. İmkanlı insanlar da super marketlərdən məhsul
əldə edə biləcəklər. Yəni, bu, bir növ istehlakçılar üçün seçim
imkanı yaradacaq".
Ekspertin sözlərinə görə, ümumiyyətlə, elə etmək lazımdır ki,
topdansatış bazarları şəhərdən kənar olsun: "Bundan əlavə, şəhərin
mərkəzində satış, standartlara uyğun şəraitdə həyata
keçirilməlidir. Əvvəllər adi kolbasa və ya sosiskaya 24 saat satış
müddəti qoyulurdu. Amma bu gün təzə ət 3 günə qədər asılı
vəziyyətdə saxlanılır. Burada tək ət yox, digər məhsulları da bu
cür şəraitdə saxlayırlar. Elə meyvə - tərəvəzlər var ki, onları
xüsusi şəraitdə saxlamaq lazım gəlir. Günəşin təsiri nəticəsində
onda bəzi proseslər gedir. Elə meyvələr var ki, inkişaf prosesi
dayandırılmayıb. Xüsusi şəraitdə dayandırılmalıdır. Onu da günün
altına qoyanda proses gedir və daxildən çürüyür. Artıq onu istehlak
etmək olmaz. Ona görə də kənd təsərrüfatı məhsullarının harada
topdan, harada pərakəndə satışı üçün standartlar olmalıdır.
Ümumiyyətlə, daha çox çalışılmalıdır ki, insanların bu işin satışı
ilə məşğul ola bilmələrinə imkan verilsin. Bunun üçün də müəyyən
qaydalar müəyyənləşdirilməlidir. Səyyar satış maşınları da olsa,
yaxşı olar. Çünki, həmin maşınlar məhsulu birbaşa alıcıların
yaşadıqları yerə gətirə bilirlər. Bununla da istehlakçıların təzə
məhsul əldə edə bilmələri asanlaşır. Belə halda satıcı məhsulu
xarab olmadan istehlakçıya çatdıra bilir. Həmin maşınlar da satış
üçün müəyyən standartlara cavab verməlidir".