Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmalıdır
10 Yanvar 2013 07:42 (UTC+04:00)
"Xocalı ilə Yerevan hava limanları arasında sərnişindaşımanı həyata
keçirməyə yönələn cəhdlər Ermənistanın sülh danışıqlarını
ləngitmək, prosesə zərbə vurmaq üçün fitnəkar xarakterli
addımlarındandır". Bunu Milli Məclisin deputatı, hakim Yeni
Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı
YAP-ın rəsmi saytına müsahibəsində deyib.
"Bu, qeyri-qanuni bir cəhddir. Beynəlxalq Aviasiya Agentliyi də
məsələyə bu cür yanaşır. Rəsmi Bakı da beynəlxalq hüquq
normalarında və konvensiyalarda əks olunmuş prinsip və müddəalara
istinad edərək buna öz etirazını bildirir. Bütün hallarda hüquq
bizim tərəfimizdədir. Bunun qarşısını almaq üçün edilən diplomatik
səylər davam etməkdədir", - o bildirib.
Qurbanlı vurğulayıb ki, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından
nəticə çıxarmalıdır.
"Azərbaycan bu məsələdə birmənalı şəkildə mövqeyini nümayiş etdirib
və bizim siyasətimizin başlıca qayəsini işğal edilmiş torpaqların
tam geri qaytarılması təşkil edir. Dövlətimiz bu məsələdə hansısa
bir kompromisdən bəhs etmir. Bizim ən böyük kompromisimiz
münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olmağımızdır", -
deputat deyib.
O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq normalarına və
konvensiyalara müvafiq olaraq öz ərazisini işğaldan azad etmək
hüququnu özündə saxlayır: "Üstəlik, bunu müttəfiq dövlətlərin
iştirakı ilə də edə bilər".
Mübariz Qurbanlı daha sonra deyib: "Yeni Azərbaycan Partiyasının
sədri, Prezident İlham Əliyev növbəti dəfə xalqımızın alternativsiz
seçimi olacaq".
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi kimi, bu gün
Azərbaycan dinamik iqtisadi inkişaf tempinə malikdir, ölkəmiz
beynəlxalq münasibətlərdə nüfuzlu dövlət, etibarlı strateji
tərəfdaş, ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin
edildiyi, tolerant dövlət kimi tanınır.
YAP icra katibinin müavini vurğulayıb ki, Prezident İlham Əliyev
beynəlxalq miqyasda nüfuzlu lider kimi qəbul edilir. Azərbaycan
cəmiyyətində də dövlətimizin başçısına yüksək inam var.
"Yeni Azərbaycan Partiyası 2013-cü ildə keçiriləcək prezident
seçkilərinə hazırlıqlarını davam etdirəcək. Əminik ki, Yeni
Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının və
fəallarının vasitəsilə, həmçinin Prezident İlham Əliyevin
siyasətini müdafiə edən çoxminli partiyamızın üzvü olmayan
vətəndaşlarla birlikdə uğurlu seçki kampaniyası həyata keçirə
biləcəyik. Ümidvarıq ki, Yeni Azərbaycan Partiyası kampaniya
çərçivəsində Prezident İlham Əliyevin uğurlu daxili və xarici
siyasət kursunu təbliğ etməklə seçkilərdə möhtəşəm qələbə
qazanacaq", - Qurbanlı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən
işlər, əldə edilmiş dinamik inkişaf təkcə cəmiyyətimiz deyil, eyni
zamanda beynəlxalq ekspertlər, reytinq agentlikləri tərəfindən də
yüksək səviyyədə qiymətləndirilir.
"Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyev cari ildə
keçiriləcək prezident seçkilərində xalqımızın yüksək səviyyəli
dəstəyi ilə qələbə qazanacaq", - Qurbanlı bildirib.