Prezident İlham Əliyev: Roma Papasının Azərbaycana səfəri tarixidir

2 Oktyabr 2016 19:00 (UTC+04:00)

"Zati-müqəddəsləri, hörmətli Roma Papası Fransisk həzrətləri! Hörmətli qonaqlar, xanımlar və cənablar! İlk növbədə, Zati-müqəddəsləri, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram! Sizə və nümayəndə heyətinizə xoş gəlmisiniz deyirəm!"

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin hökümət nümayəndələri, ictimai cəmiyyət və diplomatik korpusla görüşündə çıxışında deyib.

Prezident İlham Əliyev bildirib: "Keçən il Vatikanda görüşərkən mən sizi Azərbaycana dəvət etdim və çox şadam ki, Siz dəvəti qəvul edib bu gün ölkəmizə səfər edirsiniz. Bu səfərin çox böyük mənası var. Bu, tarixi bir səfərdir".

Dövlət başçısı vurğulayıb ki, bu səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək: "Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir də onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək. Vatikan-Azərbaycan əlaqələri artıq 24 ildir ki, uğurla inkişaf edir. Qeyd etdiyim kimi, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilib. 2012-ci ildə diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Vatikan muzeylərində Azərbaycan sərgisi keçirilib. İlk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycan sərgisi idi. Bizim əlaqələrimiz eyni zamanda, ictimai təşkilatlar tərəfindən dəstəklənir və keçən ilin fevralında Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın Müqəddəs San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olub".

Prezident qeyd edib ki, bu gözəl hadisə bir də onu göstərir ki, həm bizim ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir, eyni zamanda, dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır: "Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar, bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, Azərbaycan Şərqlə Qərb arasında hər zaman körpü rolunu oynayıb. Bu həm coğrafi körpüdür, eyni zamanda, mənəvi körpüdür. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunub bərpa edilir. Azərbaycan çox qədim diyardır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə tikilmiş Şamaxı Cümə məscidi Azərbaycanda yerləşir. Eyni zamanda, bölgəmizin ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi də Azərbaycanda yerləşir. Bakıda qədim atəşpərəstlər məbədi, eyni zamanda pravoslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən qorunur və bərpa edilir".

İlham Əliyev əlavə edib ki, Vatikan-Azərbaycan əlaqələrinin tarixində 2008-ci ildə çox əlamətdar hadisə baş verib: "2008-ci ildə Bakıda Katolik kilsəsinin açılışını qeyd etmişdik. Bakıda Katolik kilsəsi 1912-ci ildə inşa edilib. Ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən bu kilsə dağıdılıb. Digər dini abidələr kimi, məscidlər, pravoslav kilsələri, sinaqoqlar da dağıdılıb. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, Bakıda Katolik kilsəsi yenidən tikilsin və bu gün səhər, Zati-müqəddəsləri, Siz bu kilsədə dini mərasim keçirmisiniz. Bu, əlamətdar hadisədir. İlk növbədə biz tarixi ədalətsizliyi aradan qaldırdıq. Digər tərəfdən, Azərbaycanda yaşayan katoliklər üçün də bu çox böyük hədiyyə olub".

Dövlət başçısı sonra deyib: "Bu gün ölkəmizdə dinlərarası, xalqlararası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bunu təkcə biz demirik, bütün Azərbaycan reallıqları ilə tanış olan xarici nümayəndələr də bunu qeyd edirlər. Biz bir çox təşəbbüsləri irəli sürmüşük. Onların içərisində artıq dünyada böyük şöhrət qazanmış Bakı prosesidir. Bakı prosesi 2008-ci ildə başlayıb. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür. 2008-ci ildə Bakıda keçirilmiş Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz müsəlman ölkələrinin mədəniyyət nazirlərini dəvət etmişik. Tarixdə ilk dəfə idi ki, iki qurum arasında əlaqə yarandı. Bu əlaqəni biz yaratdıq. 2009-cu ildə isə Bakıda müsəlman ölkələrinin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından nazirləri dəvət etdik. Beləliklə, bu prosesə Bakı prosesi deyildi və bu gün Bakı prosesi çərçivəsində ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçiririk. Onların içində Dünya dini liderlərinin Zirvə görüşünü qeyd etmək olar. İki gün bundan əvvəl V Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa vurdu. Forumun əsas mövzularından biri multikulturalizm idi. İki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bütün bu təşəbbüslərin bir məqsədi var ki, bütün dinlərin nümayəndələri bir-biri ilə əməkdaşlıq etsinlər, qarşıdurmaya yol verilməsin. Bizim bu sahədəki uğurlu fəaliyyətimizi nəzərə alaraq, BMT qərar qəbul etmişdir ki, BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumu Bakıda keçirilsin və böyük müvəffəqiyyətlə biz bu il Forumu Bakıda keçirtdik. Belə tədbirlərin keçirilməsi ilk növbədə bizim özümüzə, insanlarımıza lazımdır. Çünki bu, bizim cəmiyyətimizə göndərilən çox müsbət bir siqnaldır, mesajdır. Digər tərəfdən, bütün dünyaya lazımdır. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində müharibələr, münaqişələr, qarşıdurma güclənir. Biz isə belə təşəbbüsləri irəli sürərək göstəririk ki, birgə yaşamaq mümkündür, bir-birinə hörmət etmək lazımdır və öz dininə hörmət edən mütləq başqasının dininə də hörmətlə yanaşmalıdır".

Prezident İlham Əliyev vurğulayıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib: "Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm də dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliğində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun ki, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir, bizim ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar, bizim ölkəmizin dəyərli vətəndaşlarıdırlar və bizim ümumi inkişafımıza böyük töhfələr verirlər. Biz, ümumiyyətlə, humanitar sahədə böyük işlər görürük. Təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılığın səviyyəsi təxminən 100 faizdir. Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir maneədir, səddir. Ona görə, Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərilir. Azərbaycan zəngin mədəni irsə malikdir və bu bizim cəmiyyətimizin əsasıdır. Biz milli-mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda, biz müasir, dünyəvi ölkəyik. Azərbaycan bu bölgədə müasirlik və inkişaf baxımından fərqlənən ölkələrdəndir".

Dövlət başçısı sonra deyib: "Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə üzləşib. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Bizim vətəndaşlarımız, 1 milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, xalqımıza qarşı Xocalı soyqırımı törədilib ki, bu gün 10 ölkə rəsmən bu soyqırımı tanıyıb. ATƏT iki dəfə işğal edilmiş torpaqlara faktaraşdırıcı missiyalar göndərib. Bu missiyaların hesabatı insanları dəhşətə gətirir. Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə öz növbəmizdə Bakıda erməni kilsəsini bərpa etdik. Bakıda yerləşən erməni kilsəsində erməni dilində 5 mindən çox kitab saxlanılır. Bax fərq bundan ibarətdir. Bu onların hərəkətləri, bu da bizim münasibətimiz. Buna görə təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar".

İlham Əliyev əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə bu münaqişənin həlli beynəlxalq hüquq çərçivəsində həll edilməlidir: "Dünyanın ali qurumu olan BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan dərhal və şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və 20 ildən çoxdur ki, torpaqlarımız işğal altındadır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qeyd etdiyim kimi, bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. Bizim 90-cı illərin əvvəllərində əhalimiz 8 milyon idi, onlardan 1 milyonu qaçqın və məcburi köçkündür. Bu humanitar fəlakəti öz gücümüzə həll etdik və həll edirik. Buna baxmayaraq ölkəmiz inkişaf edir. Bu ay müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Biz beynəlxalq aləmdə böyük hörmətə malikik. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycana səs verib, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib. Son 13 il ərzində iqtisadiyyatımız 3 dəfə artıb. Yoxsulluq, işsizlik 5 faizə düşüb, Azərbaycanda bir çox layihələr icra edilir. Biz müasir dövlət qurmuşuq. Bu gün Azərbaycan müstəqilliyinin 25 illiyini nikbinlik əhvali-ruhiyyədə qarşılayır. Çünki biz özümüzə və dünyaya sübut etdik ki, biz azad bir ölkə kimi, uğurla yaşaya bilərik. Azərbaycan bütün ölkəmizdə yaşayan xalqların doğma vətənidir, Azərbaycan möhkəm ayaqda durur. Biz müasir, dünyəvi, inkişaf edən əməkdaşlığa açıq olan ölkəyik. Sizin Azərbaycana səfəriniz bizim üçün tarixi hadisədir. Bu bizim üçün böyük şərəfdir. Siz bu gün səhər Katolik kilsəsində dini mərasim keçirmisiniz. Bu görüşdən sonra siz ölkəmizin ən böyük məscidi olan Heydər məscidinə gedəcəksiniz. Siz Bakıdan bütün dünyaya çox açıq aydın mesaj göndərirsiniz ki, multikulturalizm, dinlərarası dialoq, xoş niyyət, xoş münasibət zəfər çalmalıdır, üstünlük təşkil etməlidir. Mən sizə bu günkü görüşümdə bildirdim ki, siz bu səfərinizlə bütün dünyanın diqqətini Azərbaycana yönəltmisiniz. Bütün qitələrdə sizin davamçılarınız, sizi dəstəkləyənlər bu gün Bakıya baxırlar, ölkəmizlə, şəhərimizlə bu gün tanış olurlar. Görürlər ki, dünyada, müsəlman aləmində müasir, dünyəvi inkişaf edən ölkə var. Görürlər ki, bütün dünya katoliklərinin rəhbəri Fransisk Bakıdadır. Buna görə bütün Azərbaycan xalqı adından sizə minnətdarlığımı bildirmək istəyirəm, sizə can sağlığı, yeni uğurlar arzulayıram".