Yerli seriallar hələ də xarici rəqabətə tab gətirmir
10 Yanvar 2013 10:15 (UTC+04:00)
Son illər Azərbaycanda teleserialların çəkilməsi intensivləşib.
Ölkə başçısının bu sahənin inkişafı ilə bağlı olaraq məlum
sərəncamı və sərəncamdan irəli gələrək milli serialların çəkilməsi
üçün büdcədən 20 milyon manata yaxın vəsaitin ayrılması incəsənət
xadimləri tərəfindən birmənalı şəkildə təqdir olunub.
Film və serial sektoruna göstərilən diqqət sahəsində aktyorlar,
prodakşınlar, senaristlər, həm texniki işçilərin sosial durumları
müəyyən qədər yaxşılaşıb.
Qeyd edək ki, dünyada film ən gəlirli biznes növlərindən biri hesab
olunur. Məsələn, "Forbes" jurnalının hesabatına görə, keçən il ən
çox qazanan televiziya ulduzu "Two and a half men" serialının baş
rol ifaçısı Aşton Kutcher (24 milyon dollar) olub. Ən çox
qazananlar siyahısında "Housi" serialı ilə Huqh Lauri (18 milyon),
"Everybody Loves Raymond"dakı rolu ilə Ray Romano (18 milyon), "30
rock" ilə Alek Baldvin (15 milyon), "Ncis" ilə Mark Harmon (15
milyon), "Last Man Standing" ilə Tim Allen (14 milyon), "Grey`s
Anatomi" ilə Patrik Dimpsey (12 milyon), "The Big Bang Theory" Cim
Parsıns (8 milyon) da yer alıb.
Türkiyənin məşhur serial aktyoru Kıvanc Tatlıtuğ aylıq olaraq 50
min, Halit Ergenç 5 min, Hazal Kaya 30 min, Nurgül Yeşilçay 50 min,
Beren Saat 50 min, Tuba Büyüküstün 30 min türk lirəsi
qazanıblar.
Azərbaycanda son illər çəkilən seriallar o qədər də gəlir gətirməsə
də, dövlətin birbaşa dəstəyi nəticəsində yeni serialların
çəkilməsi, yuxarıda qeyd etdiyimiz kimi, bu sahədə müəyyən dirçəlmə
yaratdı. "Sirr", "Pərvanələrin rəqsi", "Bacanaqlar", "Qaynana",
"Ağabəyovlar" və s. seriallar çəkilir. Buna baxmayaraq Azərbaycan
tamaşaçısı yenə də əsas etibarı ilə xarici telekanallarda nümayiş
olunan əcnəbi serialları izləyir.
"Kurtlar Vadisi", "Muhteşem Yüzyıl", "Güney-Kuzey" və digər Türkiyə
serialları xüsusilə evdar xanımlarımızın daim izlədikləri
seriallardır. Məşhur Azərbaycan filmində deyildiyi kimi, bəs niyə o
əjdahadan bizdə yoxdur?
Əməkdar artist, "Simsar" teatrının bədii rəhbəri, yeni serialların
çəkilməsində iştirak edən Pərviz Məmmədrzayev bununla bağlı
bildirdi ki, Azərbaycanda serialların çəkilməsinə yeni başlanılıb:
"Azərbaycan seriallarını böyük tarixi, maddi-texniki, yaradıcı
bazası olan Braziliya, Argentina, Türkiyə və s. qabaqcıl ölkələrin
serialları ilə müqayisə edərək zəiflikdə ittiham etmək insafsızlıq
olardı. Nəzərə almaq lazımdır ki, Azərbaycanın müasir ruhlu
serialların çəkilməsi sahəsində təcrübəsi o qədər də çox deyil.
Maddi-texniki bazamız da yüksək səviyyədə deyil. Deyə bilərəm ki,
seriallarımız inkişaf mərhələsindədir. Bu sahədə büdrəmələr,
axsamalar olacaq. 10-15 serialın içərisində 1-2 sanballısı mütləq
olacaq. Mən hazırda bir serialın çəkilişində iştirak edirəm.
Talantlı, potensialı olan aktyorlar görürəm. Bu mənə deməyə imkan
verir ki, yaxın gələcəkdə bizdə də hər kəsin sevimlisi olacaq
seriallar yaranacaq, aktyorlarımız meydana çıxacaq".
Xalq artisti Həmidə Ömərova yeni serialların bir çoxunu bəyənməsə
də, onların çəkilməsinin tərəfdarıdır: "Mən özüm bir neçə xarici
seriala baxıram və bəyənirəm. Öz seriallarımıza gəldikdə isə bu
sahədə durum getdikcə yaxşılaşır. Düşünürəm ki, serailların
mövzusunu, ideyasını daha da zənginləşdirmək, xalqa yaxın etmək
lazımdır. Təkcə əyləncəli, tarixi deyil, sosial, ailə
problemlərindən bəhs edən ciddi seraillar da çəkilməlidir. Bu,
sınaq dövrüdür. 2013-cü ildə maraqlı seriallarımızın işıq üzü
görəcəyinə ümid edirəm".