Təmir kreditlərinə tələbat artır

10 Yanvar 2013 10:34 (UTC+04:00)
Ölkədə indi bir sıra əşyaların alış-satışının həyata keçrilməsində kreditlər olduqca böyük rol oynayır. Evdən tutmuş avtomobilə, qızıl-zinət, məişət avadanlıqlarına qədər bir çox əşyaları kredit hesabına əldə etmək mümkündür. Kreditlə indi mənzilləri də təmir etdirmək mümkündür  və bu hal getdikcə geniş yayılmaqdadır.
Məlumdur ki, evdə rahat mühit qurmaq, ətrafı düzənləmək və ya dekorasiyaları dəyişmək - bütün bunlar xərc və zaman tələb edir. Əgər sizi də mənzilinizin şəraiti qane etmirsə, bankların təklif etdiyi xüsusi kredit hər birimizin imkanlarını və tələbatlarını maksimum dərəcədə nəzərə alır. Mənzilinizin təmiri və ya ev tikintisi üçün pul yığıb gözləməkdənsə, sadəcə olaraq, ən yaxşı şərtlərlə kredit götürüb və elə bu gün evinizi düzənləməyə başlaya bilərsiniz.
Şərtlərdə əsas məqam illik faiz olsa da, eyni zamanda kreditin verilə biləcək maksimum məbləği, komisyon haqqı, təminat və s. digər tələblər də mühüm rol oynayır. Digər kredit məhsulları ilə müqayisədə "təmir krediti" məhsulunun əsas üstün cəhəti budur ki, müştəri təmir üçün pul vəsaitlərini bir dəfədə deyil, tədricən, təmir işləri aparılarkən alır. Bu isə imkan verir ki, müştəri faiz ödənişləri üzrə xeyli qənaət qazanmış olsun - faiz yalnız kreditin faktiki olaraq alınmış və istifadə edilmiş hissəsinə hesablanır.
Mütəxəssislər bildirir ki, son illərdə təmir kreditləri üçün müraciət edənlərin sayı  çoxalıb. Kredit verənlərin sözünə görə, artımın səbəbi təmir bazarında durğunluğun tədricən aradan qalxması ilə bağlıdır. Üstəlik, bir neçə il əvvəl alınan evlərin də tikintisi bitib və təmir vaxtı artıq çatıb. Əslinə baxanda, təmir kreditlərinin şərtləri başqalarından çox fərqlənmir. Faizlər, demək olar ki, eynidir - 22-24 %. Əvəzində belə kreditləri uzun müddətə - 5 ilə götürmək olur. Bank bu pulun necə xərcləndiyinə nəzarət edir.
Bank pulun həqiqətən təmirə xərcləndiyinə əmin olmaq üçün onu hissə-hissə verir. İşin bir hissəsi görülübsə, növbəti iş üçün kreditin ikinci hissəsi verilir və s. Təmir krediti yalnız müştəriyə, ya da onun ailə üzvlərinə məxsus olan ev üçün verilir. Pullu müştəri tapmaq çətinləşdiyinə görə, bəzi təmir şirkətləri də evi kreditlə təmir edir. Təmirin pulu 1 ilə ödənilir.
Təmir kreditləri 3000-dən 200 min dollara qədərdir. Məbləğ müştərinin gəlirindən asılıdır. 4-5 min manat kredit üçün 300-400 manatlıq maaş bəs edir. İctimai Televiziyanın məlumatına görə, təmir krediti üçün ən çox müraciət edənlər toya hazırlaşanlar, ticarətçilər və xarici şirkətlərdə işləyənlərdir. Təmir kreditləri həm köhnə, həm də yeni tikililərə verilir. Adi evlərin təmiri üçün verilən kreditlər 10-15 min manat arasında olduğu halda, yeni tikililərdə bu məbləğ 20-25 min manatdır. Fərdi yaşayış evlərində məbləğ daha yüksək olur. Qeyd edək ii, indi ölkədə fəaliyyət göstərən əksər kommersiya bankları ev şəraitini daha yaxşı etmək və ya sadəcə olaraq, əmlakının dəyərini artırmaq arzusunda olanlar üçün xüsusi kredit məhsulunu işləyib hazırlayıb.
Adətən təmir həyata keçirildikcə düşündüyünüz məbləğ artır. Iş sona çatana yaxın, sizin büdcəniz əhəmiyyətli dərəcədə arta bilər. Razılaşın ki, heç kəs istəməz ki, təmir prosesinin ortasında onun vəsaitləri qurtarsın. Axı heç kəs təmir meydançası şəraitində yaşamağı ağlından keçirmir.
Nə qədər təəccüblü görünsə də, yenə ən ideal çıxış yolu məhz mənzil təmiri krediti götürməkdir. Burda da sizə edilən təkliflərin hər birinin özünün müsbət və mənfi cəhətləri olacaqdır. İlk variant məqsədli kreditdir. İlk baxışda bu ən yaxşı variantdır. Bu zaman faiz dərəcələri aşağı olmalıdır. Kreditin qaytarılmasını isə borcalan üçün sərfəli olan müddətə uzatmaq mümkündür. Həmçinin belə bir krediti almaq da elə də çətin olmayacaq. Bank müştərinin krediti hansı məqsədlə götürdüyünü biləndə pulu ona daha rahat və daha arxayın verir.
Təbii ki, bunun da öz mənfi cəhətləri -minusları olacaqdır. Bu isə bank tərəfindən sərt və ümumi nəzarətdir. Digər bir problem isə bankın nəzarəti altında tikinti təşkilatı ilə müqavilə imzalamaq zərurətidir.
Əgər borcalan təmiri özü etmək istəsə, onda bank sizin bu sahədəki səriştənizi şübhə altına alacaq və sizə müəyyən bir inşaat kompaniyası ilə iş görməyi məsləhət verəcək. Bu da sizin üçün bir problem ola bilər ki, çünki bəzən bank, sadəcə, məsləhət verməklə yekunlaşmır, o sizə konkret bir firmanı tövsiyə edir və ya krediti yalnız konkret bir firmanın xidmətindən istifadə edən müştərilərə verir. Məsələ ondadır ki, bir sıra banklar, kredit təşkilatları inşaat firmaları ilə sövdələşmə imzalayır. Əgər müştəri həmin firma ilə işləməkdən boyun qaçırırsa, ona ya kredit verməkdən imtina edir, ya da daha pis şərtlər ilə kredit verirlər. Həm də belə ola bilər ki, tövsiyə edilən tikinti firmalarının qiymətləri orta bazar qiymətlərindən daha yuxarı olur.