Yağış yağan kimi yollar niyə tıxac olur?-Səbəbi açıqlandı

3 Oktyabr 2016 11:56 (UTC+04:00)

Qarşıda heç bir maneə, yolun ortasında xarab olan avtomobil, yaxud da hər hansı qəza hadisəsi baş verməyib. Amma yağış yağan kimi yollarda tıxac yaranır. Görəsən niyə? Yəqin ki, bu sual çoxlarını düşündürür. 

Elə biz də yağış yağarkən yolda hər hansı maneə olmasa belə tıxacın yaranmasının səbəblərini ekspertlərlə araşdırmağa çalışdıq.

Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad Hüseynov Movqe.az-a açıqlamasında deyib ki, yağışın yağması, yollarda göllərin əmələ gəlməsi elə avtomobillərin hərəkəti üçün ən böyük maneədir: "Çünki, yağış yağan kimi avtomatik sürücülər ehtiyatlı davranaraq sürəti azaldır. Yağış nəticəsində yollarda gölməçələr yarandıqda suda ilişmə zəifləyir. Bu zaman sürücü idarəetməni itirərək yoldan kənara çıxa, körpüdən aşa və yanaşı gedən avtomobillərə dəyərək qəza törədə bilər. Ona görə də, sürücülər yağışlı havada sürəti azaldırlar. Avtomobillər əvvəlki sürətlə hərəkət etmədiyindən, yollarda başqa maneə olmasa belə tıxac yaranır".

Ə. Hüseynov yağışın görməni də məhdudlaşdırdığını, avtomobilin güzgüsü vasitəsilə sürücünün hərəkət axınına nəzarət etməsini çətinləşdirdiyindən, sürücülər sürəti aşağı salırlar. 

Hüquqşunas deyir ki, yolların əksəriyyətində yağış barmaqcıqlarının olmaması, yağış xətlərinin kanalizasiya xətlərinə birləşdirilməsi yağış yağan kimi yollarda hər mövsüm təkrarlanan mənzərə yaradır. 

Ekspert Azər Allahverənov isə yağış yağan kimi yollarda tıxacın yaranmasına sürücülərin yollarda ehtiyatla hərəkət etməsinin səbəb olduğunu söyləyir. Həmsöhbətimiz Movqe.az-a bildirib ki,  yağış nəticəsində yolda göl yaranırsa, sürücünün bu zaman ehtiyatlı davranaraq sürəti azaltması vacibdir: "Çünki, sürücü yolda kanalizasiya qapağının, yağış barmaqcığının örtüyünün açıq olub-olmadığını bilmir. Yağış nəticəsində yaranan göllər sürücünün yoldakı kələ-kötürü də görməsinə maneə yaradır. Ona görə də sürücülər sürəti azaltmaq məcburiyyətində qalırlar". 



A. Allahverənov deyir ki, sürücülərin yağışlı yavada sürəti azaltması tıxaca səbəb olsa da, sürəti artırması daha böyük fəsadlara səbəb ola bilər: "Sürücülər yağışlı havada sürəti adi günlərdəki kimi saxlasalar və azaltmasalar ilk növbədə özləri üçün təhlükə yarada bilərlər. Avtomobil suda yüksək sürətlə hərəkət edərkən idarəetməni itirə bilər. Bundan əlavə gölməcəli yolda yüksək sürətlə avtomobilin idarə edilməsi, suyun  digər avtomobillərin şüşəsinə sıçramasına, həmin avtomobillərdə görmənin məhdudlaşmasına gətirib çıxarda bilər".

Ekspert yağışlı havada avtomobil idarəetməkdə çətinlik çəkən naşı sürücülərin də olduğunu, bu zaman sürəti aşağı salmasalar bunun daha böyük qəzalara yol açma ehtimalının olduğunu bildirdi.

Bakı Şəhər Yol Polisi İdarəsinin şöbə müdiri Vaqif Əsədov isə, iki gün aramsız yağan yağışlar zamanı şəhər yollarında tıxacın yaranmasının normal olduğu fikrindədir. Həmsöhbətimiz deyir ki, bunu faciəyə çevirmək, sosial şəbəkələrdə tıxacla bağlı müzakirələr açmaq əbəsdir: "Çünki, yağıntı normadan artıq düşüb. Bu zaman yollarda gölməçələrin yaranması təbiidir. Bu bir bizdə belə deyil ki... Bunu faciə kimi qələmə vermək düzgün deyil. Yağış yağanda, yollarda göl yarananda sürücü hamar yolda sürdüyü kimi avtomobili eyni sürətlə idarə edə bilməz. Su özü elə avtomobillərin hərəkətinə maneə yaradır. Belə havada sürücülər ehtiyatlı davranaraq sürəti azaltmalıdırlar ki, qəza hadisəsi baş verməsin. Sürət azaldıqda isə təbii ki, hərəkətin intensiv olduğu küçə və yollarda tıxac yaranır".