Leysan yağışları davamlı olacaq-Nazirliyin şöbə müdiri

3 Oktyabr 2016 11:59 (UTC+04:00)

Son iki gündə yağan aramsız yağışlar paytaxtda çoxsaylı problemlərə yol açdı. Hələ də Bakının bəzi yol və küçələrində yağışlar nəticəsində yaranmış gölməçələr hərəkətin intensivliyinə mane olaraq qalmaqdadır. Yağışın bu cür fəsadlar törətməsinin əsas səbəbi kimi normadan artıq düşməsi, hətta üç-dörd ayın yağış normasının birdən yağması göstərilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova mətbuata açıqlamasında bildirib ki, iki gün öncə yağan yağış son 36 ilin ən güclü leysanı olub. G. Məmmədova qeyd edib ki, 1980- ci ildə sentyabrın 21-də Bakıya 46 mm yağıntı düşüb: " Ötən gecə isə Bakıya düşən yağıntının miqdarı 47 mm olub. 2013- cü ildə sentyabrın 23-dən 24-nə keçən gecə isə 33 mm yağıntı düşüb. Ötən gün Maştağada 54 mm aylıq normanın (240 %), Bakıda 47 mm (273%), Binədə 37 mm (215 %), Sumqayıtda 33 mm (192%) , Zabratda 29 mm (169 %) , Neft Daşlarında 27 mm (153 %,) Bayıl yamacında 23 mm, Çilov adasında 20 mm (208%), Ələtdə 18 mm ( 105 %) yağıntı düşüb. Bakı ADA avtomat stansiyasına isə 65 mm yağıntı düşüb ki, bu da aylıq normanın 371 faizidir. Həmin avtomat stansiya Nərimanov rayonu ərazisinə düşür".

36 il bundan əvvəl yağan yağışın isə yenidən təkrarlanacağı, bu cür leysan yağışlarının davamlı hal alacağı isə qaçılmazdır. Çünki, ekspertlər bu cür leysan yağışını, iqlim dəyişməsinin  təzahürü kimi qiymətləndirirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat şöbəsinin müdiri İsa Əliyev Movqe.az-a açıqlamasında deyib ki, iqlim dəyişmələrinin çoxsaylı təzahürləri var: " Bu cür leysan yağışlarının yağması, illik yağıntı normasının  həm mövsümlər, həm də regionlar üzrə qeyri-bərabər paylanması, sel və daşqınların təkrarlanması tezliyinin və   gücünün  getdikcə artması iqlim dəyişmələrinin   təzahürlərindən sayılır. Qlobal istiləşmə nəticəsində Yer kürəsinin iki qütbündə olan buzlar əriyir və qlobal su dövriyyəsinə  əlavə su  ehtiyatları daxil olur və bu proses getdikcə sürətlənməkdədir. Buna yatmış suların qlobal dövriyyəyə qarışması da deyirlər. Bu okeanlarda və dənizlərdə suyun səviyyəsinin artmasına gətirib çıxardır".

Həmsöhbətimiz deyir ki, tarixən planetimizin iqlim sistemindəki   formalaşmış qanunauyğunluq insanların günahı üzündən artıq pozulubur və  yağıntının miqdarının normadan dəfələrlə artıq düşməsi, mövsümlər və regionlar üzrə qeyri-bərabər paylanması kimi halların gələcəkdə getdikcə daha da  artacağı gözlənilir. İ. Əliyev bunun qlobal ekoloji problem olduğunu söyləyir: "Getdikcə bu cür halların tezliyi və gücü də artır. Əvvəl 30-35 il bundan öncə bu cür hadisə qeydə alınmışdısa, ilbəil bu cür halların daha tez-tez təkrarlanmasını müşahidə edəcəyik. İqlim dəyişmələri   qlobal problemdir və onun qarşısının alınması dünya birliyindən əlbir fəaliyyət tələb edir.  Bu məsələdə  əsas  məsuliyyəti (həm tarixi, həmdə indiki) inkişaf etmiş ölkələr (ABŞ, Avropa olkələri, Rusiya və s)  daşıyır. Belə ki, onlar yer atmosferinə  istilik effekti yaradan qaz emissiyalarının böyük hissəsini atırlar. Doğrudur bu gün     Çin ekoloji tullantıların miqdarına görə, birinci yerdədir.  Dünya birliyi bu qlobal problemin qarşısını almaq üçün səylərini  davam etdirməkdədir. BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası, ona əlavə olan Kioto Protokolu  və bu yaxınlarda 2020-2030-cu illər üçün öhdəliklər üzrə  Paris Razılaşması qəbul edilmışdir və hazırda Dünya ölkələri tərəfindən ratifikasiya edilməkdədir.   Ancaq aparılan araşdırmalar göstərir ki, bu öhdəliklər problemin həll edilməsi üçün kifayət etmir. Ona görə də   bütün ölkələr gözlənilən itkilərin azaldılması və ya minimuma endirilməsi istiqamətində  adaptasiya üzrə tədbirlər planlarının hazırlanmasını vacib hesab edir".