Nazirlik əhaliyə xəbərdarlıq etdi
10 Yanvar 2013 12:40 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi dəm qazından zəhərlənmə halları ilə
bağlı əhaliyə müraciət edib. Movqe.az FHN-in rəsmi saytına
istinadən xəbər verir ki, son zamanlar qaz cihazlarının istismarı
zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə
alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti
vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsı səbəbindən
baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın
qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil
mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş
verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər
hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında
baş verir. Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq
məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz
və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da
təhlukəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana
daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə
karbon monooksidlə birləşməyə başlayır, karboksihemoqlobin yaradır
və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə
birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen
çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200
ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan
saniyələr ərzində bütün orqanizm boyu yayılır. Dəm qazından
zəhərlənmə zamanı bu simptomlar özünü biruzə verir: yaşaran gözlər,
başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik,
ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə
hallyusunasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffus
mərkəzinin iflici nəticəsində ölüm baş verir. Mənzildə dəm qazı
təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət
edilməlidir. Yadda saxlayın, evinizdə qeyri-standart, yəni kustar
üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi
təhlükəlidir. Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün
işləməsinə nəzarət edilməlidir. Unutmayın ki, qızdırıcı soba ilə
mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən
artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi
quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz. Eyni
qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü
suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri
olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam
otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər
açılmalı və ya qapalı muhitdə qaz yandırılarkən nəfəslikər açıq
olmalıdır. Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə
vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın
dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil
mütəmadı havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.
Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki
pasportunun olub-olmamasına diqqət yetirin. Mənzildə soba və
suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin
mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların
xidmətindən istifadə etməyin.
Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq
mütəmadı havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm
qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə
bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk
yardımı göstərə bilərlər. Zərərçəkəni dərhal təmiz havaya
çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır.
İmkan olduqda oksigen yastıqlarından istifadə edilir.
Alın və sinəyə soyuq kompress qoyun. Əgər zərərçəkmişin huşu
özündədirsə, o zaman ona isti çay verin.
Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu
simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə
təmiz hava ilə tənəffüs etmək yetərlidir. Zərərçəkmiş huşunu
itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını
iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də
əvəz etmək olar.
Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs
vermək lazımdır. Zərurət olduqda ürək massajı edilməlidir.
Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası
çağırılmalıdır. Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss
etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.
Hər hansı bir fövqəladə hadisə baş verdikdə "112" qaynar xəttinə
müraciət edin!