Borclu şəxslərin kredit götürməsi çətinləşəcək

4 Oktyabr 2016 09:45 (UTC+04:00)

Vətəndaşlara kreditlər verilməsinə nəzarət daha da güclənəcək. Bu məqsədlə yaxın gələcəkdə kredit büroları yaradılacaq. Həmin bürolarda vətəndaşlarla bağlı ən xırda məlumatlar da öz əksini tapacaq. 

Artıq Milli Məclisin payız sessiyasında ''Kredit Büroları haqqında'' qanun layihəsi 1-ci oxunuşda qəbul edilib. Yeni bürolar həmin qanuna əsasən yaradılacaq. Kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq. Bununla bağlı kredit bürolarında geniş məlumat bazası yaradılacaq. Məlumat bazalarında borcalanlarla bağlı ən müfəssəl məlumatlar öz əksini tapacaq. Ekspertlərin fikrincə, kredit bürolarının fəaliyyəti ilə bankların xərcləri azalacaq. Bununla yanaşı, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək. Bu isə o anlama gəlir ki, gecikməsi olan, qrafiki yaxşı olmayan borcalanların kredit götürməsi daha da çətinləşəcək. Ən əsası isə problemli kreditlərin həcminin azalmasına kömək edəcək. 

İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov bu günə qədər belə bir kredit bürosunun olduğunu xatırlatdı: "Bu kredit bürosu 15 ildən çoxdur ki, faəliyyət göstərir. Ona Kredit Reyesteri deyilir ki, əvvəllər Mərkəzi Bankın nəznində fəaliyyət göstərib. Hazırda isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdindədir. Hansı ki, həmin reyesterdə bütün banklardan və bank olmayan kredit təşkilatlarından alınan kreditlər haqqında məlumatlar var. 

Hansısa bank və ya bank olmayan kredit təşkilatı kiməsə kredit verərkən həmin Kredit Reyesterinə o barədə məlumatı göndərir. Bununla bərabər hətta krediti vətəndaşa, sahibkara verərkən də həmin reyesterə sorğu göndərir. Bununla da şəxsin başqa banka və ya bank olmayan kredit təşkilatına borcunun olub-olmadığını öyrənir. Ondan sonra həmin şəxsə kredit verir. Ancaq o məlumdur ki, vətəndaşların, firmaların, sahibkarların borcları yalnız bank və ya bank olmayan təşkilatlarına olmaya bilər. Məsələn, bəzi insanların lizinq şirkətlərinə, lombardlara, hətta dükanlara, mobil operatorlara borcları var. Hansı ki, bunlar haqqında isə həmin reyesterdə məlumatlar yoxdur. Ona görə də bank və ya bank olmayan təşkilatlar şəxsə borc verəndə bu məlumatlardan xəbəri olmur. Eyni ilə düknlar da nisyə alqı-satqı müqaviləsi ilə işləyirlər. Hansı ki, bu da borcdur. Yəni, dükanlar da vətəndaşın borcunun olub-olmadığını bilmir. Yəni, bu cür fəaliyyət göstərən reyesterdən yalnız bank və bank olmayan kredit təşkilatları informasiya ala bilirlər. Yeni kredit bürolarının isə əhatə dairəsi daha geniş olacaq. Bu deyilənlərin hamısı ora qoşula biləcək. 

Qanun layihəsinin ilk varinatı iki il əvvəl də təqdim olunmuşdu. O zaman qanun layihəsi zəif idi. İndi isə güman ki, layihə daha da güclənib. O vaxtı layihədə belə idi ki, bank olmayan kredit təşkilatlarında başqa istənilən borc verən  həmin büroya üzv ola bilərlər. Bu da o deməkdir ki, onlar həmin bürodan lazımı informasiyanı əldə edə bilərlər. Eyni zamanda kiməsə borc verirsə, həmin məlumatı büroya ötürməli idi".

Ekspertin sözlərinə görə, yeni qərar gələcəkdə problemli borcların həcminin azalmasına səbəb olacaq: "Çünki, bu gün əsas problem borc verilən şəxsin daha haralara nə qədər borcunun olması haqqında dəqiq məlumatların yoxluğudur. Bu nöqteyi-nəzərdən kömək olacaq. Lakin bu məsələ indiyə qədər olan borcların qayıtmasına kömək edə bilməyəcək. Bununla yanaşı, bankların, bank olmayan kredit təşkilatların daxili qaydaları da təkmilləşməlidir".