Nazirlik sistemində dövlət qulluğuna işə qəbul olunan gənclərlə görüş (FOTO)

3 Oktyabr 2016 18:28 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) müvafiq müsabiqə və müsahibə mərhələlərində uğur qazanaraq nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunan gənclərlə görüş keçirilib.


ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, nazir Səlim Müslümov ölkəmizdə hüquqi və dünyəvi dövlət quruculuğu, o cümlədən dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı sahəsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin mühüm xidmətlərindən söz açıb. Nazir bildirib ki, 2000-ci ildə qəbul edilən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu bu sahədə mütərəqqi dünya təcrübəsinə uyğun hüquqi əsasları, o cümlədən kadr siyasətinin əsas prinsiplərini müəyyən edir: "Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən uğurlu siyasəti ölkədə dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə, bu sistemdə dövlətçiliyə sadiq və bilikli, işgüzar insanlardan ibarət kadr potensialının formalaşmasına şərait yaradıb. Eyni zamanda, Prezident tərəfindən dövlət idarəetmə strukturlarında çalışan insanlar diqqət və qayğı ilə əhatə olunublar. Ölkədə digər sahələrdə olduğu kimi, dövlət qulluqçularının da əmək haqları mütəmadi olaraq artırılır. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət Qulluqçularının peşə bayramı təsis edilib".


S.Müslümov qeyd edib ki, ƏƏSMN sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi qanunvericiliyə uyğun şəkildə aparılır. Aidiyyəti qurum tərəfindən keçirilən müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış namizədlər həmin vakant yerlərə işə qəbul edilirlər: "Bu prosesin davamı olaraq, müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış daha 47 nəfərin müvafiq əmrlər əsasında nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbulu təmin olunub. Onların hamısı gənclərdir".


Nazir vurğulayıb ki, Azərbaycan Prezidentinin "Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır" prinsipi hazırda dövlət qulluğuna yeni işə qəbul olunan gənclərin də əsas fəaliyyət prinsipi olmalıdır: "Dövlət qulluğu sistemində çalışmaq həm məsuliyyətli, həm də şərəflidir. Sizə göstərilən etimadı dövlət qulluqçularının etik davranış qaydalarına əməl etməyinizlə, öz işinizi layiqli səviyyədə yerinə yetirməyinizlə, ən başlıcası, əhaliyə daim yüksək səviyyədə xidmət göstərməyinizlə doğrultmalısınız. Daim bilik səviyyənizi, peşəkarlığınızı artırmağa çalışın, çünki cəmiyyətimizdə gedən inkişaf prosesləri sizin də mütəmadi olaraq təkmilləşməyinizi, dünyagörüşünüzü, mənəviyyatınızı zənginləşdirməyinizi tələb edir".


Son illərdə əmək və sosial müdafiə sahəsində idarəetmə və xidmətlər sisteminin müasir tələblərə uyğun qurulması, əhaliyə xidmətlərin elektron texnologiyalar əsasında şəffaflaşdırılması istiqamətində aparılan islahatlardan bəhs edən S.Müslümov bildirib ki, qarşıdakı dövrdə də bu sahədə mütərəqqi islahatlar davam edəcək. O, yeni işə qəbul olunan kadrların bu islahat proseslərində daim fəal iştirak edərək, öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.


Nazir dövlət qulluğu sistemində yeni işə qəbul olunan gəncləri təbrik edib, onlara dövlət qulluqçusu kimi öz vəzifələrinin icrasında uğurlar arzulayıb.


Yeni işə qəbul olunan gənclər nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul edilmələrinə, bu sahədə obyektivlik və şəffaflıq prinsipinin təmin olunmasına görə minnətdarlıqlarını ifadə ediblər. Gənclər onlara göstərilən inam və etimadı daim yüksək səviyyədə doğrultmaq üçün səy göstərəcəklərini vurğulayıblar.