Millimiz Ukraynaya uduzdu
10 Yanvar 2013 14:22 (UTC+04:00)
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Valentin
Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə
qrupdakı son matçını keçirib. Yığmamız bu dəfə Ukrayna komandası
ilə qarşılaşıb.
İki oyundan sonra aktivində 4 xal olan millimiz yenidən qrup
liderliyini ələ keçirmək üçün Ukrayna yığmasını mütləq məğlub
etməli idi. Lakin bu görüşdə rəqibinə 0:2 hesabı ilə uduzan
millimiz qrupu 3-cü pillədə başa vurub. Beləliklə Ukrayna birinci,
Çexiya ikinci, yığmamız üçüncü, Litva isə qrupun sonuncusu olub.
Turnirin reqlamentinə görə ilk 4 qrupun qalibləri 1-4-cü pillə
uğrunda mübarizə aparacaqlar. Qrup ikinciləri 5-8, üçüncülər 9-12,
sonuncular isə 13-16-cı yerlər uğrunda yarışacaqlar. Qeyd edək ki,
millimizin yer aldığı A qrupunun digər oyununda Çexiya və Litva
yığmaları üz-üzə gəliblər. Bu oyun Çexiyanın 3:0 hesablı qələbəsi
ilə başa çatıb.