“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından ilk kitab

4 Oktyabr 2016 16:27 (UTC+04:00)

Azərbaycan ədəbiyyatının daha mükəmməl və yeni elmi meyarlar əsasında tədqiqinin reallaşdırılması sahəsində son üç ildə Nizami adına Ədəbiyyat İnstitutunun mühüm fəaliyyətinin çoxsaylı nəticələrindən biri olan "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" adlı kitablar seriyasının nəşrinə başlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə tərtib edilərək nəşrə hazırlanan kitablar seriyasının "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr" adlı I cildi artıq işıq üzü görüb. "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 22 noyabr, 2013-cü il Sərəncamına müvafiq olaraq nəşr edilən kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin mühacirət dövrü yaradıcılığı yer alıb.


Məhəmməd Əmin Rəsulzadənin həyatının ikinci mühacirət dövründə (1922-1955) qələmə aldığı bədii əsərləri, elmi-publisistik məqalələri, resenziyaları, "Azərbaycan Cümhuriyyəti", "Qafqaziya türkləri" monografiyalarının uyğun fəsilləri və digər monoqrafiyaları toplandığı kitab təkcə bu mütəfəkkir ədibin yaradıcılığının öyrənilməsində deyil, eyni zamanda, Azərbaycan ədəbiyyatının xaricdə araşdırılması məsələlərinin, bir çox ədəbi-tarixi faktların, ictimai-siyasi gerçəklərin tədqiqi üçün də dəyərli mənbədir.


Kitaba yazdığı "Mühacirət elmi-ədəbi irsinə nümunə" adlı ön sözdə akademik İsa Həbibbəyli ötən əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadənin yazdığı elmi-publisist əsərləri "milli düşüncə ilə elmi-siyasi qavrayışın sintezi əsasında yazılmış mükəmməl ədəbiyyatşünaslıq nümunələri" kimi yüksək dəyərləndirib. Eyni zamanda, akademik İsa Həbibbəyli 17 noyabr 1990-cı ildə


böyük ictimai xadim Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli Azərbaycan bayrağını rəsmi olaraq dövlət rəmzi kimi qəbul edilməsinə müvəffəq olmasını, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin saldığı möhtəşəm Bayraq meydanını Məhəmməd Əmin Rəsulzadənin "bir kərə yüksələn bayraq bir daha enməz" həqiqətinin yeni tarixi epoxadakı isbatı kimi bir daha qeyd edib.


Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan mühacirət ədəbiyyatı" şöbəsində filologiya üzrə fəlsəfə doktoru Nikpur Cabbarlının məsul redaktorluğu ilə hazırlanan kitabda xarici ölkə mənbələrindən, dövri mətbuat materiallarından istifadə olunub.


Məmməd Əmin Rəsulzadə kitabının tərtibçiləri və nəşrə hazırlayanları filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı, filologiya üzrə elmlər doktoru professor Şamil Vəliyevdir.


Hazırda "Azərbacan mühacirət ədəbiyyatı kitabxanası"ndan Ceyhun bəy Hacıbəylinin külliyyatı çapa hazırlanır.