Bələdiyyələr hələ də öz büdcələrini formalaşdıra bilmir

5 Oktyabr 2016 09:00 (UTC+04:00)

Azərbaycanda bələdiyyələrin öz büdcəsini formalaşdırmasında hələ də problemlər var. Xüsusilə vergi və ödənişləri yığılması istənilən səviyyədə deyil. Bundan başqa, bələdiyyələrin işindəki bəzi-qeyri şəffaflıqlar da büdcə formalaşdırılmasındakı əngəllərdəndir.  

Millət vəkili Tahir Rzayev hesab edir ki, bu problemlər bələdiyyələrin təşəbbüskarlığından asılı olan məsələdir: "Vergilərin ödənilməsi ilə əlaqədar qanun var. Bunu da bələdiyyələr yaxşı bilir. Bələdiyyələr gərək  təşəbbüskar olsunlar. İnsanlarla əlaqə saxlasınlar, müəyyən maarifləndirmə işləri aparsınlar, tez-tez insanların qapısını döysünlər. Bundan sonra ödənişləri rahat ala bilərlər. Bu işləri yaxşı yerinə yetirə bilən bələdiyyələr var. Bəziləri isə liberallıq, səhlənkarlıq edir və vergiləri yığa bilmirlər. İşlərini qura bilmədiyi üçün belə hallar olur".

Millət vəkili əlavə etdi ki, bu işlərin təmin olunması üçün çoxsaylı qərarlar qəbul edilib: "Qanunlara edilən dəyişiklər də bilavasitə bələdiyyələrin vəzifələrini, səlahiyyətlərini artırır, istiqamətləndirir. Bu gün bələdiyyələr onlara verilən səlahiyyətdən səmərəli istifadə etsələr, nəticə əldə edə bilərlər.  Əgər bu gün bələdiyyə öz vergisini yığmağa qadir deyilsə, ona əlavə yüksək səlahiyyətin verilməsi əbəsdir. O zaman xaos yarana bilər. 

Bələdiyyələr ilk olaraq əllərində olan səlahiyyətlərdən səmərəli istifadə etməlidirlər. Ondan sonra tədricən əlavə səlahiyyətlər verilə bilər. Bunu fərdi şəkildə də etmək olar. Yəni, işini qura bilən bələdiyyələrin müəyyən səlahiyyətlərinin artırılması mümkündür". 

Bələdiyyə məsələləri üzrə ekspert İlqar Hüseynli də bələdiyyələrin maliyyə əsasının formalaşmasının problem olaraq qaldığını təsdiqləyir: "Bələdiyyələrin əsas yığımı mülkiyyət üzərində aparılan yığımlardır. Bu sıraya əmlak və torpaq vergisi daxildir. 

Bu gün əmlak vergisinin qiymətləndirilməsində ciddi problemləri var. Eyni zamanda özəl mülkiyyətdə olan və bələdiyyə tərəfindən satışa çıxarılmış bələdiyyə torpaqlarının kadastrında problemlər yaşanır. Torpaq və ya mülkiyyətin sahəsi azaldığından bələdiyyə ilə mülkiyyətçi arasında bəzi hallarda sövdələşməyə yol verilir. İkincisi, bələdiyyələr maliyyənin toplanması prosesində ciddi maneələrlə rastlaşırlar. Problem xüsusi  ilə aztəminatlı ailələrdən irəli gəlir. Ümumiyyətlə, mexanizm köhnə metodlar üzərində qurulub. Bələdiyyə işçisi evlərə gəlməklə vəsait toplayır. Əslində, bunun özündə də qeyri-şəffaflıq var. Vətəndaşların ödəniləcək məbləğlə bağlı ya dəqiq informasiyları olmur, ya da verilən ödənişlərin tam olaraq qeydiyyatında problemlər mövcuddur. Bu baxımdan proseslər çox çətinliklə həyata keçirilir. Kənd yerlərində isə ümumiyyətlə, illərdir torpaq, əmlak vergisinin toplanması prosesində çətinliklər yaşanır. Bələdiyyələr seçkili orqandır və insanların səsinə ehtiyacı var. Bu baxımdan bəzi hallarda bələdiyyələr vətəndaşın xeyrinə güzəşt etmək məcburiyyətində qalır. Eyni zamanda kənd yerlərində vətəndaşların böyük hissəsi sosial müavinatlar hesabına, pensiya təminatı ilə dolanırlar. Bu tipli problemlər var".

Ekspert əlavə etdi ki, hazırda bələdiyyələrin vergiləri toplaması prosesi üzərində işlər gedir: "Vergilər Nazirliyinin xüsusi işçiləri vasitəsi ilə vergilər yığılacaq və həmin pul bələdiyyələrin hesabına köçürüləcək. Proses hələlik ləngiməkdədir".