Özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilir

5 Oktyabr 2016 09:15 (UTC+04:00)

Son vaxtlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracların keçirilməsi intensiv xarakter alıb. Növbəti hərrac noyabr ayının 1-ə təyin edilib. Həmin gün nə az-nə çox, 101 dövlət müəssisə və obyekti hərraca çıxarılacaq. Dövlət əmlaklarının 23-ü özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar paytaxt Bakı ilə yanaşı, Mingəçevir şəhəri, habelə Neftçala, Astara, Abşeron, Yevlax, Xaçmaz, Kürdəmir və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kənd-kimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, xidmət, sənaye, emal və digər sahələri əhatə edir.

İndiyədək xeyli sayda əmlak özəl mülkiyyətə çevrilsə də, bu proses kütləvi xarakter almırdı. Həm ölkə rəhbərliyi, həm də əhali bu işdə evolyusion yola üstünlük verirdi. Hökumət tələsmirdi ki, hazırlıqsiz kütləvi özəlləşdirmə iqtisadiyyatda məqsədsiz planlaşdırmaya, o da öz növbəsində qarışıqlığa səbəb olar. Sahibkarlar da müstəqil fəaliyyət göstərmək üçün lazımi təcrübəyə malik deyildilər. 

İndi vəziyyət müsbət yöndə xeyli dəyişib. Azərbaycanda aparılan məqsədyönlü iqtisadi və sosial siyasət bəhrəsini verib. Ölkə müxtəlif sahələrdə inkişaf sürətinə görə dünyada ən qabaqcıl mövqelərdə qərarlaşıb. Dünya iqtisadi birliyi Azərbaycanı müasir və bazar iqtisadiyyatına malik ölkə kimi tanıyır və qəbul edir. Çünki, ölkədə sahibkarlığın tərəqqisi üçün lazım olan bütün imkanlar qanunlar vasitəsilə yaradılıb və uğurla tətbiq olunur.

Məsələ burasındadır ki, özəlləşdirilən əmlakın sayının artması da məqsədsiz deyil. Belə ki, hərraca çıxarılan müəssisələrə diqqət yetirsək, görərik ki, onların profili ölkədə sürətlə gedən prosesin xarakterinə uyğundur. Məsələn, həmin müəssisələr sırasında "Astara Çay-3", "Lənkəran Broyler", "Masazır Quşçuluq", "Tovuz Məişət", "Yevlax Yun", "Zabrat Tikinti Quraşdırma" və digər səhmdar cəmiyyətləri vardır. Qeyri-neft sektoruna aid olan bu obyektlər postneft dövrünün inkişaf planının tərkib hissəsinə daxildir. Ərzaq, sənaye və xidmət sahələrində əhalinin məşğulluq səviyyəsinin artırılması, respublikada ərzaq təhlükəsizliyinin təmin olunması, dövlət büdcəsinin formalaşdırılmasında qeyri-neft sektoruna aid istehsal sahələrinin rolunun və xüsusi çəkisinin artırılması müasir dövr iqtisadiyyatımızın başlıca məqsədidir. 

Təcrübə göstərir ki, özəl müəssisələrdə əmək məhsuldarlığını yüksəltmək və məhsulun keyfiyyətini idarə etmək, iqtisadi böhranlar zamanı istehsalın xarakterini çevik dəyişmək daha asan başa gəlir. Sürət əsrində isə bu amil iqtisadi yüksəlişdə mühüm rol oynayır. Bütün bunları nəzərə alan hökumət özəlləşdirilən obyektlərin sayının artırılmasını məqbul sayır. Təsadüfi deyil ki, noyabr hərracına yuxarıda sadaladığımız əmlaklardan başqa daha 62 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında, habelə Şəki, Ağsu, Hacıqabul, Salyan, Balakən, İsmayıllı və digər rayonlarda yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri var.