Düşmən ölkədə böyük çaxnaşma

5 Oktyabr 2016 09:30 (UTC+04:00)

Ermənistanda hakimiyyət kürsüsünün oturuşmuş kadrları kütləvi surətdə əvəzlənir. Özü də ən mühüm və siyasi hakimiyyətin dayağı sayılan vəzifələrdəki kadrlar dəyişdirilir. Məsələn, müdafiə naziri Seyran Ohanyan vəzifəsindən çıxarılıb. Ermənistan prezidenti Serj Sarkisyanınəmri ilə Prezident Aparatının rəhbəri vəzifəsindən azad olunan Vigen Sarkisyan müdafiə naziri vəzifəsinə təyin edilib. Sarkisyanın digər əmrilə Armen Gevorkyan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad olunub vəErmənistan prezidenti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.


Yuri Xaçaturov Ermənistan Silahlı qüvvələri Baş qərargah rəisi vəzifəsindən azad olunaraqMilli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.Ermənistan SQ-i baş qərargah rəisi vəzifəsinə əvvəllər rəis müavini olan Movses Akopyan gətirilib.


Bu proseslə yanaşı, keçmiş prezident, bəzi ekspertlərin fikrincə, hazırda hakimiyyəti yenidən ələ keçirmək üçün gizli fəaliyyətdə olan Robert Köçəryan əleyhinə də ölkə mətbuatında məqalələr dərc edilir. Veteran sayılan Suren Sarkisyanın "Mən tamamilə aydın izah etdim ki, Robert Köçəryan 10 il ərzində 5 milyard dollar oğurlayıb" cümləsi ilə başlayan məqalədə Serjin rəqibinin üzərinə ciddi ittiham atılır.


Qəfil edilən sürətli vəzifə yerdəyişmələri nəyə xidmət edir? Seyran Ohanyan Sarkisyanın "sədaqətli" kadrlarından sayılır. Onu dəyişməyin nə mənası ola bilər? Düzdür, söz gəzir ki, Ohanyanı KTMT sədri qoyacaqlar. Ancaq, belə olacağı təqdirdə Ohanyanın əli Ermənistandan tam üzüləcək. Yəni, Sarkisyan hakimiyyətini qoruyub saxlamaq üçün "dostu"nun köməyindən məhrum olacaq. Çünki, adıçəkilən vəzifə Rusiyaya məxsusdur və həmin vəzifədə olan şəxs də rusların əmrlərini yerinə yetirəcək. Məsələyə məntiqi izahla yanaşmalı olsaq, ola bilsin, Kreml İrəvan qarşısında yeni öhdəliklər qoyub, məsələn, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda addımlar atılması tələb olunur. Lakin öz yalanları və talançılıq xüsusiyyətləri ilə xalqın etimadını itirmiş köhnə kadrlarla bu öhdəlikləri yerinə yetirmək mümkün deyil. Bu səbəbdən komanda yenilənir. Başqa bir versiya ondan ibarətdir ki, Köçəryan köhnə komandanın önəmli fiqurlarını artıq ələ alıb və onlar keçmiş prezidentin gəlişinə hazırlıq gördüklərinə görə etibarı itiriblər. Bir versiya da irəli sürmək olar ki, müdafiə naziri postuna hərbdən başı çıxmayan adamın gətirilməsi Sarkisyanın Qarabağ münaqişəsinin həllində monorəhbər rolunun gücləndirilməsinə hesablanıb. Təsadüfi deyil ki, erməni ekspertlər də operativ-taktiki kadr yerdəyişmələrini və vəzifə dəyişikliklərini Sarkisyanın qeyri-rəsmi olaraq birbaşa prezident idarəetmə üsuluna keçidi adlandırırlar. Ovanes Mandakuni adlı şəxs "1in" saytındakı məqaləsində yazır ki, son vaxtlar İrəvanda hakimiyyət uğrunda mübarizədə Müdafiə Nazirliyi həlledici rol oynamağa başlayıb. Serj Sarkisyan isə dost adlandırdığı Ohanyanı həmin postdan uzaqlaşdırmaqla yolu üzərindəki daş-qalaqdan xilas olmağı düşünür.


İrəvandakı digər bir binada yerləşən hökumətdə baş verən olaylar da diqqəti cəlb edir. Yeni təyin olunmuş baş nazir Karen Karapetyan kadrları dəyişməkdə ölkə prezidentindən geri qalmır. Hökumətdə sonuncu dəyişilən kadr dövlət gəlirləri komitəsinin sədri Ovannes Ovsepyan olub. Onu "Qazprom" ASC-nin baş direktoru və idarə heyətinin sədri Vardan Arutyunyan əvəzləyəcək. Karen özü də "Qazprom"dan gəlib. Açıq görünür ki, o da özünə sadiq adamları başına yığır. Bəlkə də Serj Sarkisyanın monohakimiyyətlilik arzusu Karen sarıdan gözlədiyi zərbələrə hazırlaşmaq məqsədi daşıyır. Heç kimə sirr deyil ki, Rusiya qazının açarı Kremlin əlində olduğu kimi oradan gələnlər də Kremlin adamları sayılır. Kim bilir, bəlkə elə Ermənistanın növbəti prezidenti elə Karapetyanın özü olacaq. Təbii ki, Moskva rəva görsə.


Beləliklə, bu yaxınlarda "müstəqilliyinin" 25 illiyini qeyd etsə də, Ermənistan hələ də öz yolunu tapa bilməyib. Ona görə yox ki, bu mümkün deyil, ona görə ki, bu ölkə üçün sadəcə, belə bir yol mövcud deyil. Çünki, saxta və süni şəkildə yaradılmış bir dövlətdir. Ermənistan üçün ən yaxşı yol tarixi həqiqətə uyğun şəkildə torpağında təşəkkül tapdığı dövlətin – Azərbaycanın tərkibində özünə muxtariyyət xahiş etməkdir. Belə olan təqdirdə o, indikindən qat-qat rahat və firavan, sülhpərvər həyata mənsub olar.