Müsəlman media təmsilçiləri haqsız hücumlara qarşı birləşirlər

5 Oktyabr 2016 09:45 (UTC+04:00)

Oktyabrın 3-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının niyyət konfransı keçirilib. İƏT üzvü olan ölkələrin aparıcı media təşkilatlarından gəlmiş nümayəndələrin, təcrübəli jurnalistlərin, Azərbaycanın məsul şəxslərinin iştirak etdiyi konfrans indiki dövr üçün çox aktual olan bir məsələnin – İslam dünyasının informasiya şəbəkəsinin yaradılması ideyasını müzakirə ediblər. 

İnsan inancları sahəsində özünəməxsus inkişaf yoluna malik Azərbaycan bu gün bütün dünyada innovativ layihələrin təşəbbüskarı kimi tanınır. Ölkəmizin bu sahədə aparıcı rolu irili-xırdalı, müxtəlif inanclı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanır və tanınır. Xüsusilə, müxtəlif konfessiyalı cəmiyyətlərin ən optimal birgəyaşayış modelinə yiyələnən Azərbaycan bütün səviyyələrdə nümunə kimi xarakterizə olunur. Təsadüfi deyil ki, jurnalistlərin yeni beynəlxalq təşkilatının yaradılması ideyası da azərbaycanlı təfəkkürünün məhsuludur. 

Konfrans çərçivəsində jurnalistlərə müsahibə verən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib: "İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılması ideyası çoxdandır ki, müzakirə olunurdu. Bu haqda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin Qabonda, daha sonra İranda keçirilən görüşlərində təşəbbüs qaldırılıb və onun təsis edilməsi ilə bağlı o dövrdən bu günə qədər, təxminən beş ilə yaxındır ki, təşkilati işlər aparılıb. Bu təşəbbüsü ilk dəfə Azərbaycan hökuməti irəli sürüb. Tehran toplantısında mən bu haqda çıxış etdim və həmin təşəbbüsü irəli sürdüm ki, Azərbaycan bu təşkilatın yaranması ilə bağlı bütün məsələləri öz üzərinə götürməyə, qurumun gələcək katibliyinin Bakıda yerləşdirilməsinə hazırdır".

Bakıdan gələn təkliflər ölkədə yaranmış unikal dəyərlərin davamlı olaraq inkişaf etdirilməsi arzusundan qaynaqlanıb. Çünki, bir cəmiyyətin timsalında müxtəlif dinlərin birləşməsi dünyada dini qloballaşma və inteqrasiya prosesini stimullaşdırsa da son nəticəyə nail olmağın yolu çox uzundur. Deyək ki, multikultural dəyər inkişafın ana xəttidir. Amma tək bununla kifayətlənmək düzgün dəst-xətt ola bilməz. Mütləq ideyanı şaxələndirmək, yeni köməkçi təşəbbüslərlə onun əhatə dairəsini daha da genişləndirmək vacibdir. İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin jurnalistlərini birləşdirəcək yeni qurum bu təşəbbüslərdən biridir. 

Hazırda İslam dünyasının bir sıra ölkələrində ictimai-siyasi vəziyyət çox mürəkkəbdir. Təəccüblü də olsa, müsəlman əlində silah müsəlmanla döyüşür. Bu işdə Qərbin siyasi texnologiyalarının, o cümlədən bu texnologiyanın tərkib hissəsi olan informasiya təxribatının rolu böyükdür. Bir təşkilat olaraq İƏT həmin ölkələrdəki qardaş qırğınlarının qarşısını almağa ciddi səy göstərir, qəbul etdiyi qətnamə və çağırışlarla insanları sülhə və dinc yanaşı yaşamağa səsləyir. Lakin bu çağırışlar o qədər də böyük əhəmiyyət daşımır, ona görə ki, maraqlı qüvvələrin informativ antitəbliğatı görülən işləri heçə çıxarır. Demək, İƏT-in həyata keçirmək istədiyi məqsədlərin informasiya dəstəyinə ehtiyacı var. Əslində, İƏT-ə daxil olan ölkələrin əksəriyyətində kifayət qədər inkişaf etmiş informasiya şəbəkəsi mövcuddur. Lakin bu şəbəkələrin bir-biri ilə əlaqəsi həddən ziyadə zəifdir, bəlkə də yox dərəcəsindədir. Buna görə də xristian dünyası ölkələrinin informasiya kanalları islam ölkələri üçün mənbə rolunu oynayır. Antitəbliğat üçün bundan yaxşı nə şərait ola bilər?! Bu şəraiti dəyişmək, münbit məcraya yönəltmək, informasiyaları birbaşa mənbədən əldə edib yaymaq, araşdırmaq və öyrənmək tək İslam ölkələri arasında deyil, həm də digər dinlərin üstünlük təşkil etdiyi ölkələrlə münasibətlərin real əsaslarda qurulmasına yardım işində yeni assosiasiyanın faydası böyük olacaq. 

Bu ideyanın aktuallığı konfrans iştirakçılarını tez bir zamanda əməli addımlar atmağa səsləyir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransdakı çıxışında bu məsələyə toxunaraq deyib: "İƏT-ə üzv ölkələrin səfirlərinin, jurnalistlərinin bu konfransda iştirakını yeni təşəbbüsə dəstəyin ifadəsi kimi dəyərləndiririk. Bir daha ümidvar olduğumuzu bildiririk ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin növbəti toplantısında bu təşəbbüs fəal müzakirə olunacaq və Assosiasiyanın səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq qərarlar qəbul ediləcək". 

Bakidaki konfransdan dərhal sonra göstərilən təşəbbüsün niyyət protokolu, konfrans iştirakçıları adından müraciət İƏT-in katibliyinə göndərilb, islam ölkələrinin mətbuat və informasiya nazirlərinə ünvanlanib. 2017-ci ildə Bakıda bu Assosiasiyanın ilk təsis konfransını keçirməsi təşəbbüsçülərin gözləntisidir.