Nüvə nəhəngləri müharibənin bir addımlığında

6 Oktyabr 2016 09:45 (UTC+04:00)

Neçə ildir davam edən Suriya böhranı 2016-cı ilin yayından etibarən səngiməyə başlamışdı. Dünya ictimaiyyəti nəhayət, bölgədə sülhün bərqərar olmasına ümidlənmişdi. Lakin bu belə olmadı. İki əsas tərəfin başında duran ABŞ və Rusiya yalnız öz mənafelərini düşündüklərindən və bir addım da geri çəkilmək fikrində olmadıqlarından Suriya cəbhəsi üzərində diplomatik savaşa girişiblər. 

Məsələ burasındadır ki, hər iki dövlət müstəqil şəkildə hərəkət edərək bu şərq ölkəsini nəzarəti altında saxlamağa çalışır. Amerika üçün bu, Orta Şərq siyasətinin son nöqtəsidir. Belə ki, İraq, Liviya və Küveyt kimi ölkələrdən rusları vurub çıxardıqdan sonra Bəşər Əsəd rejimi Kremlin regionda sonuncu dayaq nöqtəsi rolunu oynayır. Lakin ABŞ bunu da Rusiyaya çox görür və tam hökmranlığa nail olmağa çalışır. Rusiya opponentinin bu cəhdini az qala son ümid kimi qavrayır və hər vəchlə mövqeyini qorumağa səy göstərir. Arada qırılan isə günahsız və silahsız insanlardır. 

ABŞ düşünürdü ki, ölkəsinin yaxın iştirakı ilə yetişdirilmiş Gülənçilərin əli ilə Türkiyəni də İraqın gününə salacaq. Lakin bunu edə bilmədilər. Ənənəvi türk ruhu regionun ən güclü dövlətini qoruyub saxladı. Məntiqi olaraq, baş tutmayan dövlət çevriliş sayəsində Türkiyənin siyasi və mənəvi rolu gücləndi. Hadisələrin gedişində Amerika Birləşmiş Ştatların NATO ölkəsi olan Türkiyəyə münasibətində heç də müttəfiqlik missiyasını sədaqətlə yerinə yetirmədiyi məlum oldu. Bu konteksdə bir çox məsələlərin aydınlaşması Türkiyəni Suriyada daha fəal mövqe tutmağa, təklənmiş Rusiya ilə iş birliyini bərpa etməyə sövq etdi. Rusiya Amerika qarşısında mövqeyini möhkəmlətmək üçün Türkiyə ilə yaxınlaşmağa məcbur idi və bu səbəbdən Türkiyənin Suriyada yerüstü əməliyyat keçirməsinə mane olmadı. Türkiyə əvvəlcədən razılaşdırılmış Suriya ilə sərhəddə eni 45 km, uzunluğu 90 km olan təhlükəsizlik zolağını bərpa etməyə nail oldu. Bu isə ABŞ-ın planlarının əksinə idi. Gülən məsələsinə görə gözükölgəli olan amerikalılar Türkiyəni tam itirməmək üçün onun yeni planına qarşı çıxmadılar. Amma əvəzində gözlədilər ki, Türkiyə ilə birgə cəbhələri güclənəcək. Amerika sarıdan ağzı yanan Türkiyə isə işlərini ehtiyatlı tutdu və müstəqil siyasətlərini davam etdirdi. 

Türkiyənin yeni mövqeyi rusların mövqelərinə də müsbət təsir etdi və ABŞ bununla barışmadı. Rusiyaya qarşı döyüşən qüvvələrə silah yardımını gücləndirdi. Əvəzində Rusiya Suriyaya Qərb üçün dəhşət saçan S-300 raketdən müdafiə sistemlərini yerləşdirdi. Bu artıq yeri gələndə ABŞ təyyarələrini vurmaq üçün təsirli hərbi güc demək idi. Buna görə də amerikalılar Bəşər Əsəd ordusuna hava zərbələri endirdilər. 

Bunun ardınca ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi rəsmi olaraq bəyan etdi ki, ABŞ Rusiya ilə Suriyada atəşkəs rejimi üçün yaradılan ikitərəfli kanalların istifadəsini dayandırır. Səbəb kimi rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir. "Bu bizi çox təəssüfləndirir. Bununla belə, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri kəsməyəcək", deyə C.Kirbi bildirib. 

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərin soyuqlaşmasını belə qiymətləndirib: "Cekson-Venik" düzəlişini ləğv edib, o saat "Maqnitski qanunları"nı qəbul etdilər və rahat nəfəs alaraq "rusları həmişə qarmaqda saxlayacaqlarına" sevindilər. Bu, iki ölkə arasında münasibətlərin Ukrayna, yaxud Suriyaya görə pisləşmədiyini göstərən amillərdir. Sadəcə olaraq, hər şeyə öz baxışı olan bir ölkənin (Rusiyanın) möhkəmlənməsi Vaşinqtonda bəzilərini narahat edir".  

Hazırda ABŞ hakimiyyəti Suriyada hazırda mövcud olan silahlı münaqişəyə prezident Bəşər Əsədə müxalif olan qüvvələr tərəfindən birbaşa müdaxilə etmək imkanlarını nəzərdən keçirir. "Washington Post" qəzeti yazır ki, Amerikanın güc strukturları – Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi nümayəndələri Ağ Evdə "müavinlər komitəsi"nin iclasında Bəşər Əsədi hərbi əməliyyatların dayandırılması rejimi, Hələb ərazisindəki əməliyyatlar və ciddi sülh danışıqları perspektivinə yanaşmasını dəyişməyə məcbur etmək üçün hökumət qüvvələrinə məhdud hərbi zərbələrin endirilməsini müzakirə ediblər. Nəşrin yazdığına görə, bu mövzu "birinci şəxslərin komitəsi" səviyyəsində, yəni kabinet üzvləri arasında müzakirə olunacaq. İstisna edilmir ki, artıq qarşıdakı istirahət günlərində prezident Barak Obamanın rəhbərliyi altında ABŞ Milli Təhlükəsizlik Şurasının iclası da keçirilə bilər. Müzakirələrdə iştirak edən mənbənin məlumatına görə, nəzərdən keçirilən variantlar arasında ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri və gəmilərindən atılan qanadlı raketlər və digər uzaq hərəkət radiuslu silahlar vasitəsi ilə Suriya Hərbi Hava Qüvvələrinin uçuş-eniş zolaqlarına zərbələrin endirilməsi var. Mənbə bildirir ki, zərbələrin gizli endirilməsi nəzərdə tutulur. Bu vəziyyət isə Moskvanın Suryia maraqları ilə birbaşa ziddiyyət təşkil edir. Rusiyanın son addımları açıq şəkildə ABŞ-ın bu niyyətinin qarşısıın almağa yönəlib. Belə ki, Rusiya ilk dəfə Suriyaya "Antey-2500" (NATO təsnifatı üzrə "SA-23 Gladiator") hava hücumuna qarşı müdafiə kompleksini göndərib.

ABŞ administrasiyasındakı üç mənbəyə istinadən "Fox News" telekanalı bildirib ki, müdafiə kompleksinin komponentləri istirahət günlərində Rusiyanın Suriyada yerləşən Tartusdakı  hərbi dəniz bazasına çatdırılıb. Telekanalın həmsöhbətlərinin sözlərinə görə, "Antey-2500" kompleksinin Suriyada yerləşdirilməsinin motivləri anlaşılmazdır. Çünki, İŞİD və "Ən-NüsrəCəbhəsi"  terror təşkilatlarında aviasiya və ya qanadlı raketlər yoxdur. Hesab edilir ki, Rusiyanın müdafiə kompleksi potensial olaraq ABŞ tərəfindən mümkün təhdidə qarşı dura bilər. "Antey-2500" hədəfləri 250 kilometrə qədər vura bilir. Müdafiə kompleksindən daha çox rəqibin kiçik təyyarələri və qanadlı raketlərinə qarşı tətbiq edilir. Amma müdafiə kompleksi ortamənzilli ballistik raketləri də vura və rəqibin təyyarələri üçün maneələr yarada bilər. ABŞ ilə Rusiya arasında Suriya üzrə ikitərəfli təmasların dayandırıldığını xatırladan telekanal hesab edir ki, "Antey-2500" kompleksinin Suriyada yerləşdirilməsi Rusiyanın Bəşər Əsəd rejiminə hərbi dəstəyini davam etdirəcəyinin açıq göstəricisidir.

Beləcə, iki supergücün dövlət eqoizmi dünyanın müxtəlif regionlarda baş verən münaqişələrin əsasında durur. Vəziyyətin bu cür kəskinləşməsinin müharibəyə keçməsi ehtimalı siyasətçilərin hazırda müzakirə mövzusudur. Lakin II dünya müharibəsindən sonrakı qarşıdurma təcrübəsi göstərir ki, nüvə dövlətləri heç vaxt bir-biri ilə qabaq-qənşər vuruşmaqdan qaçır, problelərin həlli üçün 3-cü dövlətlərin ərazisini seçirlər. Məsələn, Suriyadakı kimi. Buna görə əminliklə demək olar ki, Amerika-Rusiya müharibəsi açıq müstəviyə keçməyəcək, bir sıra bölgələrdəki müharibələr isə səngiməyəcək.