"Bütün dünyada, olduğu kimi Azərbaycanda da uşaqların ana südü ilə qidalanmasının səviyyəsi arzu olunan həddə deyil. Ona görə də ölkədə ana südü ilə qidalanma faizinin artırılması vacibdir. Unutmaq olmaz ki, ana südü körpə üçün əvəzolunmaz qidadır" . Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün ana südü ilə qidalanmaya həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev söyləyib. "Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti"mövzusunda danışan baş pediatr bildirib ki, statistik məlumatlara görə, 1992-ci ildə 1 yaşa qədər 25%-ə qədər ana öz körpəsinə süd verib: "Döş ilə əmizdirmədə mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, bütövlükdə döşlə əmizdirmənin mühafizəsi, təbliği istiqamətində UNİCEF və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə bu rəqəm 50%-ə qədər yüksəlib. Əlbəttə, bu hələ arzuolunan hədd deyil. Ana südü ilə qidalanan uşaqların sayını artırmaq yalnız tibb işçilərinin, xüsusən pediatrların fəaliyyətindən asılı deyil. Bu sahədə uğur əldə etmək üçün bütövlükdə ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır".
N. Quliyevin sözlərinə görə, döşlə əmizdirmə ananın sağlamlığı üçün də vacibdir: "Döşü ilə övladına süd verən anada doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qorunur. Bu həm də ilk 6 ayda növbəti hamiləlik riskini azaldır. Baş pediatrın sözlərinə görə, ana südü ilə qidalanmaya mane olan əsas səbəblərin 998-99%-i subyektiv-ana südünün çatışmazlığı, 1-2%-i isə obyektiv səbəblər-hipoqalaktiya təşkil edir".
N.Quliyev bildirib ki, marifləndirmə sayəsində öşlə əmizdirmənin miqyasını maksimum arzuolunan həddə - 90-95%-ə çatdırmaq mümkündür.