Gədəbəydə ərin döydüyü qadın: "Qayınatam və qayınanam baxıb gülürdülər"

6 Oktyabr 2016 13:29 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, oktyabrın 4-də Gədəbəy rayonunun Armudlu kəndində həyat yoldaşı tərəfindən döyülərək Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 3 övlad anası olan Yasəmən Şamilova hadisə barədə Trend-ə açıqlama verib. O bildirib ki, hadisə oktyabrın 4-də səhər saatlarında yaşadığı evdə amansızlıqla döyülüb: "Səhər uşağımın üstünə acıqlandım. Həyat yoldaşım Elməddin Şamilov məni şillə ilə vurdu, dinmədim. Daha sonra mənə yumruq-təpik vurmağa başladı. Məni amansızlıqla döyürdü, heç kim də müdaxilə etmirdi. Qayınatam və qayınanam evin içində mənim döyülməyimə baxıb gülürdülər. Daha sonra yoldaşımın ürəyi soyumadı, mənə küt alətlərlə xəsarət yetirməyə başladı. Əvvəlcə ocaq maşası ilə, sonra çomaqla döyməyə başladı. Mən halsız vəziyyətdə idim. O məni sürüyə-sürüyə maşına mindirib Tovuz rayonuna sürdü".

Y.Şamilova deyir ki, huşsuz vəziyyətdə olduğu üçün həyat yoldaşı onu ölmüş bilib və Tovuz rayonunda yaşayış məntəqəsindən uzaq boş sahəyə ataraq gedib: "Özümə gələndə gördüm ki, biyabanlıqdayam. Zorla özümü toplayıb atamgilə gəldim və həyətdə yenidən huşumu itirdim. Məni valideynlərim Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirib. Hazırda vəziyyətim nisbətən normallaşsa da, bədənimdə çoxlu ağrılar var. Hər gün xəstəxanaya gəlirəm".

O bildirib ki, həyat yoldaşı və onun valideynləri uşaqları da əlindən alıb, onlarla nə danışmağa, nə də görüşməyə icazə verir: "Yoldaşım Gədəbəydə aşıq sənəti ilə məşğuldur. Toylara gedir, hər gün evə içkili vəziyyətdə gəlir, məni əsassız yerə döyüb təhqir edir. 9 ildir ki, mən o ailədə zülm çəkirəm. Hər gün döyülürdüm, amma uşaqlarıma görə ayrılmırdım. İndi artıq son qərarımı vermişəm. Polisə şikayət etmişəm, araşdırma aparırlar. Yaxın günlərdə boşanma barədə məhkəməyə də ərizə təqdim edəcəyəm".