Firudin Nəbiyev: Miqrantlar hər an insan alveri qurbanı olmaq təhlükəsi ilə qarşılaşa bilərlər

6 Oktyabr 2016 15:18 (UTC+04:00)

Miqrantlar hər an insan alveri qurbanı olmaq təhlükəsi ilə qarşılaşa bilərlər. Movqe.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Yeni Azərbaycan Partiyasına müsahibəsində bildirib. F.Nəbiyev qeyd edib ki, hüquqlarını bilməyən, ölkədə olmasını leqallaşdırmayan miqrantlar hər an insan alveri qurbanı olmaq təhlükəsi ilə qarşılaşa bilərlər: "Bu zaman qanunun tələblərinə riayət etməyən miqrantların hüquqlarını qorumaq müşkül bir məsələyə çevirilir. Məhz bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün əcnəbilər Dövlət Miqrasiya Xidmətinə, Xidmətin regional idarələrinə müraciət edib ölkə ərazisində müvəqqəti olmalarını, yaşamalarını leqallaşdırmalı, fəaliyyətlərini qanuni əsaslarla həyata keçirməli, bu sahədə mövcud olan qanunlarımızı bilməli və ona riayət etməlidirlər. Azərbaycanda müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzinə müraciət edə bilərlər. Onlar üçün müvafiq yer ayrılıb, xüsusi proqramlar hazırlanıb və kurslar təşkil edilib".

Xidmət rəisi deyib ki, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb: "Belə ki, miqrasiya sahəsində əməkdaşlığa dair Türkiyə, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Belarus ilə ikitərəfli sazişlər mövcuddur. Hazırda bir neçə ölkə ilə də belə sazişlərin imzalanması gözlənilir. Miqrantların, o cümlədən digər ölkələrdə miqrant həyatı yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi, sosial müdafiəsi, işə düzəlmə prosedurlarının asanlaşdırılması bu sazişlərin əsasını təşkil edir".

F.Nəbiyev əlavə edib ki, Azәrbaycan Prezidentinin müvafiq sәrәncamları ilә 2008­-ci ildәn indiyәdәk 1682 nәfәr Azәrbaycan vәtәndaşlığına qәbul və bərpa edilib: "Bununla belә, bu müddәt әrzindә 61 mindən çox şәxsin Azәrbaycan vәtәndaşlığına mәnsubiyyәti tanınıb vә onlar müvafiq dövlәt qurumu tәrәfindәn Azәrbaycan vәtәndaşının şәxsiyyәtini tәsdiq edәn sәnәdlәrlә tәmin edilib".

O, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan vətəndaşlığına hansı hallarda qəbul edilə bilmələrinə toxunub: "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əsasən, Azərbaycan ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan vətəndaşlığına qəbul edilə bilər. Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda, şəxs Azərbaycan üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda qeyd olunan müddət nəzərə alınmadan Azərbaycan vətəndaşlığına qəbul edilə bilər. Eləcə də şəxsin Azərbaycan qarşısında xüsusi xidmətləri olduqda o, qeyd olunan şərtlər nəzərə alınmadan Azərbaycan vətəndaşlığına qəbul edilə bilər".