ƏHƏD ABIYEV : - ““YENİ DAŞKƏSƏN” LAYİHƏSİ ARTIQ ÖZ HƏLLİNİ TAPDI”

10 Yanvar 2013 18:18 (UTC+04:00)

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Daşkəsən rayonuna ayırdığı vəsaitlə bağlı Rayon İcra Hakimiyyətində "Yeni Daşkəsən" layihəsinin həyata keçirilməsi ilə əlaqədar geniş müzakirə aparılmış, layihənin icrası üçün verilən qərara, möhtərəm cənab Prezidentin diqqət və qayğısına görə bütün daşkəsənlilər ölkə rəhbərinə dərin minnətdarlıq və təşəkkürlərini bildirməklə böyük ehtiram və inamlarını ifadə etmişlər.

Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının bütün sahələrini əhatə edən geniş, çoxsaylı, irimiqyaslı tədbirlərin – tikinti, abadlıq, quruculuq işlərinin həyata keçirilməsi istiqamətində işlər aparılır.

Artıq bu gün Daşkəsən rayonu inkişaf dövrünü yaşayır, böyük tikinti, quruculuq və abadlıq işlərinə başlanılmışdır. Ötən il ərzində görülmüş işlərə və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Toplantıda Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev geniş və dərin məzmunlu nitq söyləmiş, rayonda ilin yekunu ilə bağlı və "Yeni Daşkəsən" layihəsinin təqdimatı ilə əlaqədar qarşıda duran vəzifələrə dair hərtərəfli məlumat vermişdir.

İcra Başçısı qeyd etmişdir ki, ölkəmizin iqtisadiyyatı uğurla inkişaf etməkdədir. Hər ili böyük nailiyyətlər və qələbələr ili kimi yekunlaşdırırıq.Bu uğurların arxasında mütərəqqi baxışların daşıyıcısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli maraqlara uyğun apardığı xarici və daxili siyasəti dayanmışdır. Onun zəkası, istedadı və uzaqgörənliyi Azərbaycan xalqına işıqlı yol açmış, bu gün ölkəmiz regionun lider statusunu qazanmış və dünya dövlətləri arasında layiqli yer tutmuşdur. Hər bir ölkə vətəndaşı görür ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev cənablarını fərqləndirən keyfiyyət ondan ibarətdir ki, onun humanistliyi, mədəniyyəti, təvazökarlığı, müdrik siyasi davranışı ətrafda olanlar üçün bir örnəkdir, bir məktəbdir.

Məhz möhtərəm Prezidentimizin ali diqqəti və nəzarəti sayəsində ötən bir ildə rayonumuzda xeyli iş görülmüş, "Yeni Daşkəsən" layihəsinin uğurla icrasına başlanılmışdır. Daşkəsən şəhərinin, kənd və qəsəbələrinin ümumi görkəmi xeyli gözəlləşmişdir. Məqsəd budur ki, rayonlar şəhərlərə, kəndlər rayonlara çevrilsin. Bölgələrdə əmin-amanlıq, inkişaf, tərəqqi davam etsin. Hər birinizə yaxşı məlumdur ki, Daşkəsən rayonunun iqtisadiyyatı zəif, iqlimi və relyefi çox sərtdir. Bu ərazidə yeddi ay soyuq və şaxtalı havalar, sərt qış hökm sürür. Hava şəraiti tikinti, abadlıq və yenidənqurma işlərinin aparılmasına geniş imkanlar vermir. Ona görə də təbiətin bizə verdiyi qısa vaxtdan maksimum istifadə etmək hər bir idarə, müəssisə, təşkilat rəhbərinin, hər bir daşkəsənlinin borcudur. Digər rayonlarla müqayisədə təbiət kənd təsərrüfatının inkişafında da bizə problemlər yaradır. Aran rayonlarında ildə torpaqdan 4-5 dəfə məhsul götürüldüyü halda Daşkəsən rayonunda bu yalnız bir dəfə mümkün olur.

Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev qeyd etmişdir ki, rayonumuzda ötən bir il ərzində möhtərəm Prezidentimizin ali rəhbərliyi və nəzarəti altında 15 ünvanda tikinti işləri aparılmışdır. Həmin tikintilərin bir neçəsi artıq istifadəyə verilmişdir. Digərlərində isə inşa işləri davam etdirilməkdədir. Cari ildə bizi daha böyük, daha məsuliyyətli işlər gözləyir. Hər bir daşkəsənli bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevə 3000 nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayırdığı vəsaitə görə dərin minnətdarlıqlarını bildirirlər. Möhtərəm Prezidentimizin hər bir regiona olduğu kimi, Daşkəsən rayonuna da böyük diqqət və qayğısı vardır. İndi 31 km uzunluğunda olan Xoşbulaq-Astaf, 25 km məsafədə olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı təmiri bu gün gündəmdədir. Yaxın aylarda həmin işin icrasına başlanacaqdır. Onu da bildirmək istəyirəm ki, bu il rayonun 26 yaşayış məntəqəsində ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur. Rayon İcra Hakimiyyəti Aparatı üçün də yeni inzibati binanın inşasına başlanacaqdır. Daşkəsən şəhərinin bütün küçələrində asfaltsalma və işıqlandırma işləri başa çatdırılacaqdır. Şəhərin daxilində istinad divarlarının yenidən bərpası, yaşayış binalarının dam örtüklərinin dəmir lövhələrlə dəyişdirilməsi də nəzərdə tutulmuşdur. Daşkəsən şəhərini və iki qəsəbəni fasiləsiz, ekoloji cəhətdən təmiz içməli su ilə təmin edəcək yeni su xəttinin çəkilməsinə yaxın aylarda başlanılacaqdır.

Ilkin məlumatlardan görünür ki, Daşkəsən rayonu ərazisi bu il əsil tikinti meydançasına çevriləcəkdir. İstəyirəm ki, bu məqamda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Daşkəsəndə olarkən dediyi fikri sizə bir daha xatırladım. O, daşkəsənlilərlə görüşərkən demişdir. "Daşkəsəndə tikinti- quruculuq, abadlıq işləri aparılır və Daşkəsənin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm." Bu ali diqqət və qayğıya görə mən bütün daşkəsənlilər adından xalqına, vətəninə, Heydər Əliyev zirvəsindən xidmət edən möhtərəm Prezidentimizə dərin minnətdarlığımı, böyük hörmət və ehtiramımı bildirirəm.

Mən əminəm ki, sizin də fəal köməkliyiniz və iştirakınızla rayonda mövcud olan problemlər yaxın illərdə tamamilə öz həllini tapacaqdır. Hər birimiz əməli işimizlə, fəaliyyətimizlə o günlərə gedirik.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin geniş məzmunlu çıxışından sonra RİHBA-da Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri M.Yolçuyev, RİHB-nın şəhər İƏDÜN-si N.Vəliyev və rayon ağsaqqalları M.Zeynalov, E.Məmmədov "Yeni Daşkəsən" layihəsinin tezliklə həyata keçiriləcəyi və qarşıda duran məsul vəzifələrin layiqincə yerinə yetiriləcəyi istiqamətində görüləcək işlərdən danışdılar. Çıxış edənlər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevi 55 illik yubiliyeyi münasibətilə təbrik edərək bildirdilər ki, "Yeni Daşkəsən" layihəsinin həyata keçirilməsi üçün ayrılan vəsait bu əlamətdar günlə eyni vaxta təsadüf edir. Bu, rəhbəri olduğu rayonun İcra Hakimiyyətinin Başçısına ən yaxşı yubiley hədiyyəsidir.

Toplantının sonunda RİHB-nin müavini Cavanşir Qocayevə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim olundu. Cavanşir Qocayev əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevə və həyat yollarında onu daha da kamilləşdirən daşkəsənlilərə öz minnətdarlığını bildirdi. Bundan sonra da vətənimizin tərəqqisi, milli mənafeyimizin qorunması üçün var qüvvəsini sərf edəcəyini bildirdi.

Qarşıda duran vəzifələrin müzakirəsi qarşılıqlı anlaşma və işgüzarlıq şəraitində başa çatdı.

Sahib Əhmədov

Respublika Jurnalistlər Birliyinin üzvü