Azərbaycan və Ermənistan arasında güc fərqi sürətlə artır

8 Oktyabr 2016 09:00 (UTC+04:00)

Bir neçə gün əvvəl Amerikanın "Global Fire Power" araşdırma mərkəzi dünyadakı ən güclü orduların yeni reytinqini açıqlayıb. Qeyd edək ki, mərkəz bu tip araşdırmaları hər il aparır və nəticələri ictimailəşdirir. 

Hər il olduğu kimi bu il də araşdırma siyahısında 126 ölkə yer alıb. Orduların gücü, şəxsi heyətin, ehtiyat qüvvələrinin sayı, malik olduqları silah arsenalı və s. amillərlə ölçülən reytinq cədvəlinin ilk onluğunda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya və İtaliya qərarlaşıb.

Dünyanın ən güclü orduları sırasına daxil olan Azərbaycan 60, Ermənistan isə 94-cü pillədə yer tutub. Mərkəzin tərtib etdiyi ötənilki reytinq cədvəlində Azərbaycan döyüş gücünə görə 63, Ermənistan isə 74-cü pillədəydi. Beləliklə, cədvəldən göründüyü kimi Azərbaycanın mövqeyi yaxşılaşıb, Ermənistan isə nə az, nə çox, düz 20 pillə geriləyib. 

25 ildən çox müddətdir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Hazırda Cənubi Qafqazın bu iki ölkəsi müharibə şəraitindədir. Bu səbəbdən ölkələrin hərbi arsenalı, malik olduqları orduların kontingenti, döyüş gücü tək özləri üçün deyil, həm də regionda gözü olan digər dövlətlərin, hərbi-siyasi ekspertlərin və mütəxəssislərin diqqət mərkəzindədir. Sentyabr ayında İrəvan küçələrində Ermənistan silahlı qüvvələrinin nümayiş etdirdiyi "İsgəndər-M" operativ-taktiki raket kompleksi məhz icmalçılar tərəfindən hay-küylə qarşılanmış və təcavüzkar dövlətə belə bir güclü silahın satılmasını qınamışdılar. Məsələ burasındadır ki, Rusiyanın bu silahı hər hansı digər dövlətə satması beynəlxalq qanunlarla qadağandır. Belə olan təqdirdə silahın Ermənistanda peyda olması nə dəqəcədə qanuni və məntiqidir. Bu barədə mətbuatda çox yazılıb, çoxlu rəylər açıqlanıb. Lakin məsələnin mahiyyəti tam açıqlanmayıb: yəni, aydın şəkildə tərəflərdən heç biri "isgəndər-M"lərin İrəvana hansı yolla və məasədlə gətirildiyi barədə izahat verməyib. Ancaq buna baxmayaraq, bu silahın Ermənistan ordusunun əlinə düşməsi nə erməni silahlı qüvvələrinin gücünün artmasına, nə də silahın qarşısıalınmaz olması anlamına gəlməməlidir. 

Birinci versiya haqda nüfuzlu rus ekspertləri də bu fikirdədirlər. "Day.az" saytına müsahibəsində      rusiyalı tanınmış analitik və tarixçi-alim, Dağlıq Qarabağ məsələsində həmişə obyektiv mövqeyi ilə seçilən Oleq Kuznetsov deyib: "Ermənistan ordusunda "İsgəndər"in mövcudluğuna gəlincə, bu komplekslər regionda hərbi-siyasi situasiyanı əsla dəyişmir, hərbi-texniki qüvvələr balansına ciddi təsir etmir və Ermənistan silahlı qüvvələrinə hansısa strateji üstünlük qazandırmır. "İsgəndər"lə bağlı ən qorxulusu - bu raketlərin 2 hektarlıq sahədə hərbi obyekti məhv edə bilməsidir. Azərbaycanın hərbi infrastrukturunda isə aerodromlar istisna olmaqla, bu raketlər üçün layiqli hədəf yoxdur. Ən dəhşətli ziyan yalnız mülki obyektlərə vurula bilər - misal üçün, Gəncənin yaşayış kvartallarına. Ancaq belə zərbə bəşəriyyətə qarşı cinayət sayılar. O halda Bakının Ermənistana qarşı total müharibəyə başlayıb, onu hətta dövlət olaraq Yer üzündən silməsi üçün əl-qolu açılar". Analitikin fikri ilə razılaşmamaq mümkün deyil. 

İkinci versiyaya gəldikdə isə "isgəndər-M" Ermənistanda görünər-görünməz  Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Müdafiə Nazirliyində operativ müşavirə keçirilib. Müşavirədə Ermənistandakı bütün hərbi obyektlərin nəzarətə və hədəfə götürülməsi barədə konkret qərarlar qəbul edilib, müvafiq kəşfiyyat və hərbi strukturlara tapşırıqlar verilib. Təbii ki, söhbət həm də "İsgəndər" raket komplekslərinin yerləşdiyi obyektdən gedir. Demək, bu komplekslər sözdə nə qədər dəhşət saçsalar da, işdə onları zərərsizləşdirmək üçün Azərbaycanın əlində kifayət qədər hərbi vasitələr var. Bu səbəbdən də bu silahların düşmən ölkədə olması hələ onun bunlardan istifadə edə bilməsi demək deyil. 

Ümumiyyətlə, Ermənistan kimi asılı bir dövlətin böyük dağıdıcı gücə malik silahlardan özbaşına istifadə etməsi də heç vaxt baş verə bilməz. Buna görə də bəzi ekspertlərin dediyi kimi onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində"İsgəndər"ləri zor göstərmək vasitəsinə çevirməsi yalnız söz ola bilər. 

"Global Fire Power"un araşdırmasının nəticələri isə real vəziyyəti aydın göstərir. Qarabağın düşmən tapdağından azad edilməsində güc Azərbaycanın əlindədir. Amma əsas məsələ azadetmə prosesinin siyasi həllinə nail olmaqdır. Azərbaycan buna da addım-addım yaxınlaşır.