İqtisadi islahatların yeni mərhələsi başlanır

8 Oktyabr 2016 09:30 (UTC+04:00)

"Postneft dövrünün reallıqları dövlətdən daha çevik siyasət həyata keçirilməsini və bir sıra islahatların aparılması zərurətini yaradır. Bunu nəzərə alan Prezident İlham Əliyev xalqın iradəsinə müraciət etdi və bu islahatlar üçün xalqın dəstəyini aldı". Bunu  Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov referendumun nəticələrini şərh edərkən deyib. 

O bildirib ki, indi islahatların növbəti mərhələsi başlayacaq: "Bu islahatlarla bağlı artıq "yol xəritəsi" müəyyən edilib. Buna müvafiq olaraq da iqtisadi idarəçiliyin effektivləşdirilməsi, daha optimallaşdırılması və postneft dövründə Azərbaycanın davamlı inkişafının təmin olunması işləri başlanılıb". 

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov  Əli Həsənovun fikirlərini şərh edərək  bildirdi ki, yeni islahatlar iqtisadi idarəçiliyin effektivləşdirilməsinə, postneft dövründə Azərbaycanın davamlı inkişafının təmin olunmasına müsbət perspektiv vəd edir: "İqtisadi islahatlar 2015-ci ilin son aylarından başlayaraq Azərbaycanda yeni iqtisadi modelin ortaya qoyulması ilə başlandı. Düzdür, ölkəmizdə ona qədər də islahatlar gedirdi. İndi isə  dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi səbəbindən real sektorun inkişafının təmin eidlməsi istiqamətində hökumətin həyata keçirdiyi siyasət sürətləndirilib. Bu istiqamətdə ötən dövr ərzində onlarla qətiyyətli qərarlar qəbul olunub. 

Qəbul edilən bu qərarların içərisində ən başlıca sənədlərin biri də iqtisadi inkişafın "yol xəritəsi"nin hazırlanmasıdır. Əldə olunan məlumatlara görə, artıq bu "xəritə" hazırdır. "Yol xəritəsi"nin hazırlanmasında həm yerli, həm də dünyanın ayrı-ayrı ölkələrindən və beynəlxalq təşkilatlardan cəlb edilmiş mütəxəssislərin təcrübəsindən istifadə olunub. Nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatını, real sektorun əsas sahələrini praktik olaraq, təftiş edib, onun çatışmayan cəhətlərini aşkara çıxardan və bundan sonra onun əsaslı şəkildə yenilənməsi üçün ortaya proqram qoyuldu. Bu proqram ortalığa qoyulana qədər ötğən dövr ərzində çoxsaylı qətiyyətli qərarlar qəbul olunub. Məsələn, ötən ilin sonlarından sahibkarlığın inkişafına meydan açan qərarların əsası ilk növbədə iki il müddətinə bütün səviyyədə olan yoxlamaların dayandırılması oldu. 

Bundan başqa, gömrükdə şəffaflığın bərqərar edilməsi, korrupsiyaya qarşı qətiyyətli mübarizənin aparılması, Prezidentin "heç kim toxunulmaz ola bilməz" çağırışı ilə bu mübarizənin sürətləndirilməsi və tranzit yükdaşımalarla bağlı qərarın qəbul edilməsi, aqrar sektorda ciddi islahatların aparılmasını göstərmək olar.  Üç il ərzində təkcə bir strateji məhsul olan pambığın istehsalı 30 min tondan 300 min tona qədər qaldırılacaq. Digər tərəfdən cənab Prezident tütünçülüyün inkişafı ilə bağlı sərəncam imzaladı. Eyni zamanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı addımlar atıldı. Bu il baramaçılığın inkişafını təmin etmək üçün ölkənin ərazisində 1 milyon 600 min tut ağacı əkiləcək. Tək bu sadaladığımız sahələr deyil, digələrinin də bu sürətlə inkişafı nəzərdə tutulub. 

Bu gün Azərbaycan tək Qafqazın deyil, regionun ən böyük loqistika mərkəzin çevrilir. Şimal-Cənub dəhlizinin açılışı, bu ilin sonlarında Bakı-Tiflis-Qars dəmiryolunun istifadəyə verilməsi, Ələtdə beynəlxalq dəniz ticarəti limanının açılışı kimi layihələr Azərbaycan üzərindən çox böyük həcmdə yüklərin daşınmağa başlanmasının əsasıdır. Bunlar Azərbaycan iqtisadiyyatının real sektoru üçün böyük gəlirlər gətirəbiləcək layihələrdir. Azərbaycan praktiki olaraq, tranzit yükdaşımalar sahəsində regionda ən aparıcı rola malik olan dövlətə çevriləcək. Yaxın günlərdə cənab Prezident tərəfindən ölkədə turizmin inkişafı ilə bağlı qərar də qəbul olundu və Turizm Şurası yaradıldı. Yəni, real sektorun bütün istiqamətləri yüksəliş dövrünü yaşayır. Azərbaycan iqtisadiyyatının real sektorunun bu sürətlə transformasiyanın müsbət nəticələrinə yaxın 1 ildə şahid olacağıq. Ölkəyə valyuta axını kifayət qədər artacaq. Bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının neftdən asılılığını maksimum həddə qədər azalda biləcək. Aparılan siyasi islahatlar da görülən işlərin bundan sonra daha çevik idarə edilməsi baxımıdan atılan addımdır. Yaxın 2 il ərzində hər bir Azərbaycan vətəndaşı real sektorda inqilabi dəyişiklərin şahidi olacaq".