"Son vaxtlar heyvandarlıqla bağlı aparılan işlər təqdirəlayiqdir. Bu yaxınlarda mən Yalama Aqroparkının açılışında olmuşam. Bu, birinci belə aqroparkdır. Orada 3 min baş iribuynuzlu mal-qaranın saxlanması nəzərdə tutulur və biz bu sahəni genişləndirməliyik".
Movqe.az bildirir ki, Azərbaycan
prezidenti İlham
Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında söyləyib.
Dövlət başçısı qeyd edib ki, indi Kənd Təsərrüfatı Nazirliyi bu
işlərlə ciddi məşğuldur: "Cins mal-qara alınıb. Ancaq indi əsas
məsələ süni mayalanma sistemini tam qurmaqdır. Artıq bu istiqamətdə
də işlər görülür. Mənə verilən məlumata görə, 3-4 il ərzində biz
cinsi dəyişdirib yüksək keyfiyyətə malik olan mal-qaraya sahib
olacağıq. Bu, öz növbəsində bizə əlavə böyük əkin sahələri verəcək.
Çünki biz örüş torpaqlarımızdan çox səmərəsiz istifadə edirik.
Bəziləri boşdur, bəzilərində isə normativdən qat-qat az heyvan
saxlayırlar. Ona görə bizim heyvandarlığımız qapalı şəraitdə
inkişaf etməlidir. Verilən məlumata görə, təqribən 500-600 min baş
iribuynuzlu mal-qara bizə kifayətdir ki, südçülüyü, ətçiliyi
inkişaf etdirək və bu sahədə ən müasir standartları təmin edək.
Hazırda bizdə 2 milyondan çox iribuynuzlu mal-qara var. Ancaq
onların cinsi o qədər də yaxşı deyil. İndi xaricdən gətirilən cins
mal-qara ilə bunun fərqi yerlə-göy qədərdir. Ona görə bu sahədə
ciddi addımlar atılır, istifadəsiz örüş torpaqlarında düşünülmüş,
planlı şəkildə əkin işləri aparılmalıdır. Artıq İqtisadiyyat
Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Prezident Administrasiyası
bu işlərlə ciddi məşğuldurlar və beləliklə, biz özümüzü süd
məhsulları və kərə yağı ilə təmin edəcəyik".
"Bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı
lazımdır. Onların arasında fındıqçılığın çox böyük potensialı var.
Bizə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarından biri
fındıqdır. Yeni təkliflər hazırlanır. Qırx min hektarda yeni fındıq
bağları salınmalıdır. Mövcud fındıq bağlarının həcmi ondan azdır.
Ona görə, biz fındıq bağlarını 2 dəfədən çox artıracağıq. Fındığı
yetişdirmək üçün 12 rayon seçilib. İqlimi və torpağı münbit olan bu
12 rayonda fındıqçılıq çox ciddi şəkildə inkişaf etməlidir. Bunun
özəl sektor üçün də çox böyük faydası var", deyə prezident
bildirib.
Dövlət başçısı deyib ki, Abşeron yarımadasında ənənəvi badam
bağları azalır: "Ancaq bu da çox valyuta gətirən bir sahədir. Mənə
verilən məlumata görə, bizdə cəmi 500-600 hektar badam bağları var.
Bu, çox azdır. Minlərlə hektar badam bağları salınmalıdır. İndi bu
ərazilərdə boş torpaq sahələri çoxdur. Biz torpaqlardan səmərəli
şəkildə istifadə etməliyik və xüsusilə, Bakının, Sumqayıtın
ətrafında, Abşeronda böyük badam plantasiyaları salınmalıdır. Biz
zeytun idxal edirik. İndi bizim o qədər zeytun ağaclarımız, o qədər
imkanlarımız var. Həm Bakıda, Abşeronda, həm də digər yerlərdə
bizim çox böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz
özümüzü təmin edə bilmirik və hazır zeytun istehsalı bizdə çox
aşağı səviyyədədir. Ona görə, yeni zeytun bağları salınmalıdır.
İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal
zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki,
biz dünya bazarına zeytun çıxaraq. Bu da çox böyük gəlir gətirən
sahədir, həm fermerlər üçün, həm dövlət üçün".