Azərbaycan Gürcüstan və Ermənistan iqtisadiyyatını dirçəltməyə qadirdir

11 Yanvar 2013 07:11 (UTC+04:00)

"Cənubi Qafqazda iqtisadi inteqrasiya prosesləri Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsindən sonra başlaya bilər. Əgər Ermənistan bu işğalçı siyasətini aparmasaydı, üç Cənubi Qafqaz dövlətinin iştirak etdiyi ümumqafqaz evi bütün dünya üçün nümunəyə çevrilə bilərdi". Bu fikirləri Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli deyib. O bildirib ki, hazırda Baltikyanı ölkələr arasında Baltikyanı İttifaq adlandırılan mövcud əməkdaşlıq formatını Cənubi Qafqazda da tətbiq etmək olardı. Qlobal iqtisadi böhranın təsiri altında Ermənistanın ümumdaxili məhsulunda enmə artmaqdadır. "Bu onu göstərir ki, əgər Ermənistan Cənubi Qafqaz ölkələri ilə inteqrasiyaya üstünlük verərək torpaqların işğalı siyasətindən imtina etsəydi, Azərbaycanın ehtiyatlarından maksimum dərəcədə istifadə etmək imkanı qazanardı və bununla da iqtisadi itkilərdən qaçmış olardı. İşğal siyasətinə son qoyulsa, sülh əldə edildikdən sonra Azərbaycan Ermənistana kifayət qədər yardım göstərə bilər. Başqa sözlə desək, Azərbaycan Gürcüstan və Ermənistan iqtisadiyyatını müstəqil surətdə dirçəltməyə və inkişaf etdirməyə qadirdir"- deyə komitə üzvü vurğulayıb.