XİN: Şavarş Koçaryan diplomatiyadan uzaq komikdir

8 Oktyabr 2016 21:07 (UTC+04:00)

"Şavarş Koçaryan (Ermənistanın xarici işlər nazirinin müavini - red.) bəşəriyyətə qarşı cinayətlər törətmiş, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak etmiş və Ermənistan vətəndaşlarının öldürülməsinə əmr verən Serj Sarkisyanın hərbi-diktatura rejimini təmsil edir".  Movqe.az bildirir ki, Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ş. Koçaryanın səsləndirdiyi son fikirlərə münasibət bildirərkən deyib.

 

"Biz bir qayda olaraq diplomatiyadan uzaq olan və danışıqlar prosesinin mahiyyətini dərk etməyən Ermənistanın xarici işlər nazirinin komik müavinin sözlərini şərh etmirik. Amma bu dəfə onun nadanlığına və cəfəng fikirlərinə cavab verməyi vacib bildik. Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesini dövlət başçısına yaraşmayan ən eybəcər yalanlarla və tragikomediya oyunları ilə pozmağa və status-kvonu qorumağa çalışan da məhz Ermənistandakı hərbi-diktatura rejiminin başında duran Serj Sarkisyandır. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrləri də danışıqlar prosesində irəliləyişin əldə olunması, qəbuledilməz hesab etdikləri status-kvonun dəyişdirilməsi üçün lazımi qətiyyət və əzm nümayiş etdirmir və Sarkisyan rejiminə zəruri təzyiqləri göstərmirlər", - deyə qurum rəsmisi bildirib.