Əcnəbi kürəkən və gəlinlərin sayı sürətlə artır

10 Oktyabr 2016 11:54 (UTC+04:00)

Nə dini dinimizdəndir, nə də dili dilimizdən…Tamamilə fərqli mədəniyyətlərin, fərqli düşüncələrin, fərqli xalqların nümayəndələridir. Amma, bu onların azərbaycanlılarla ailə qurmasına heç bir əngəl törətməyib. İndi azərbaycanlı qızların rus, ingilis, gürcü hətta qaradərili insanlarla belə izdivaca girməsinə, nikahını rəsmiləşdirməsinə rast gəlinir. Eyni il əd əoğlanların.

 Rəsmi məlumatlara görə, Azərbaycanda əcnəbilərlə nikaha daxil olanların statistikası günü-gündən böyüyür. Statistik rəqəmlər də təsdiqləyir ki, son vaxtlar əcnəbilərlə evlənənlər xeyli artıb. Xüsusilə də qızların başqa ölkə vətəndaşlarına ərə getməsinə daha çox rast gəlinir. Ötən il Azərbaycan vətəndaşları ilə əcnəbi şəxslər arsında 2680 nikah bağlanıb. 2014-cü ildə isə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən 1816–ı nikah masasına əyləşib. 2013-cü ildə bu rəqəm 2 780, 2012-ci ildə 2688 olub. 

Bu ilin yeddi ayı ərzində 1171 azərbaycanlı xarici ölkə vətəndaşı ilə nikaha daxil olub. 2016-ci ilin 7 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 35,4 min nikaha daxilolma halları qeydə alınıb. Onlardan 624-ü Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 547-i isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır. Azərbaycan vətəndaşları ilə nikaha daxil olan xarici ölkə vətəndaşları əsasən Rusiya , Gürcüstan, Türkiyə və Ukrayna vətəndaşlarıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin məlumatına görə, hər il əcnəbilərlə nikaha daxil olanların sayı 2600-2700 arasında dəyişir. Azərbaycanda ötən il ərzində ölkə vətəndaşları ilə əcnəbi şəxslər arasında bağlanılan nikahlardan 149-u pozulub. 

Sosioloq Mehriban Nəsibova deyir ki, mədəniyyətlər arasında fərqlərin olması müəyyən zaman keçdikdən sonra həmin cütlüklər arasında bəzi problemlərə yol aça bilir: "Əcnəbi ilə qurulan ailələr heç də hər zaman uğursuz nəticələnməyə bilər. Amma əcnəbi ilə izdivaca girənlər də bilməlidir ki, onların mədəni və mental dəyərlərində fərqlər var. Onlar fərqli dünya baxışları olan ailələrdə doğulub, tərbiyə və təhsil alıblar. Bütün bunları düşünərək addım atmaq lazımdır. Artıq uşaq dünyaya gəldikdə onun hansı mədəniyyəti daşıması, uşağa hansı valideynin tərbiyəsinin aşılanması kimi məsələlər ortaya çıxır. Bu zaman yaranan fikir ayrılıqları əksər hallarda boşanma ilə nəticələnir.". 

Fərqli mədəniyyətlərə və millətlərə mənsub insanları birləşdirən belə nigahlar hətta müəyyən mənada uğurlu alınsa da, bunu demoqrafik təhlükə hesab edənlər də var. Deputat Musa Quliyev  isə hələ ki əcnəbilərlə nikahların Azərbaycanda demoqrafik təhlükə həddində olmadığı fikrindədir. Millət vəkili deyir ki, Azərbaycanda əcnəbilərlə nikah o qədər də yüksək faiz təşkil etmir: "Ailə institumuzun, mental dəyərlərimizin qorunub saxlanması imkan verir ki, azərbaycanlı qızlar müsəlman xalqları ilə nikaha daxil olsunlar. Hətta statistik rəqəmlərə də nəzər salsaq görərik ki, azərbaycanlı qızların əcnəbi və vətəndaşlığı olmayanlarla izdivacında əsas yeri türklər tutur. Bizim qızlar nadir hallarda rus, ingilis, gürcü, qaradərili xalqların nümayəndələri ilə evlənir. Amma təbii ki, genefondumuzun qorunması üçün əcnəbilərlə bağlanan nikahların sayı artmamalıdır. Ümumiyyətlə buna mane olmaq, tam qarşısını almaq isə mümkün deyil. Çünki,   ölkələrarası gediş-gəlişlərin artdığı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və qloballaşmanın vüsət aldığı bir dövrdə qarışıq nikahların artması tendensiyası bütün dünyada müşahidə olunur. Azərbaycanda bu statistikanın böyüməsini əngəlləyən amillər isə mental və ailə dəyərlərimizin qorunub saxlanılmasıdır".

M. Quliyevin sözlərinə görə, azərbaycanlı qızların əcnəbilərlə nikahının qarşısını tam almaq mümkün olmasa da, müəyyən tədbirlərlə o ailələrdə milli ruhun, azərbaycançılıq dəyərlərinin itməməsinin qarşısını almaq lazımdır: "Əcnəbi ilə evlənən qızlar çalışmalıdırlar ki, öz milli adət-ənənələrimizi unutmasınlar. Onların birgə nikahından dünyaya gələn uşaqlarda milli ruh itməsin. Bizim adət-ənənələrimiz, bayramlarımız, bayramlarda icra olunan ayinlərimiz qorunub saxlanılsın və gələcək nəslə ötürülsün. Bunun üçün həmin ailələrdə bu dəyərləri yaşatmaq lazımdır".

Həmsöhbətimiz deyir ki, bu məsələdə yük təkcə əcnəbi ilə nikaha daxil olan azərbaycanlı qızların üzərinə düşmür: "Bizim xaricdəki diaspor təşkilatlarımız da bu məsələdə fəallıq nümayiş etdirməlidirlər. Onlar xarici ölkələrdə təşkil etdikləri bayram tədbirlərinə həmin ailələri, onların uşaqlarını da dəvət etməlidirlər. Əcnəbi ilə qurulan ailələr onların diqqətində saxlanılmalıdır. Onlar Azərbaycanla bağlı olan tədbirlərə, eləcə də adət-ənənələrimizi yaşadan müxtəlif səpkili törənlərə həmin ailələri dəvət eməlidirlər ki, onların uşaqlarında milli ruh itməsin, milli adət-ənənələrimiz o ailələrdə də yaşasın".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə hesab edirlər ki, azərbaycanlı qızların xaricdə təhsil alması, əcnəbi vətəndaşların ölkəmizdə işləməsi, əhalinin sosial şəbəkələrdən istifadə etməsi də əcnəbilərlə nikahın artmasına təsir edən amillər arasındadır. 

Ölkəmizdə vətəndaşlığı olmayanlarla bağlanan nikahların statistikasını böyüdən daha bir səbəb isə milliyətcə azərbaycanlı olmasına baxmayaraq,başqa ölkələrdə yaşayanların izdivacıdır. Komitədən bildirdilər ki, Azərbaycan vətəndaşları ilə ailə quran əcnəbilərin əksəriyyəti Gürcüstan və Rusiya vətəndaşlarıdır. Onların əksəriyyəti isə milliyyətcə azərbaycanlıdır.