Şamaxı-Pirqulu yolu bağlandı
10 Yanvar 2013 22:35 (UTC+04:00)
Ağsu, Şamaxı, Qəbələ və İsmayıllı rayonlarına yağan güclü qar
nəticəsində Bakı-Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı yolunda
nəqliyyatın hərəkətində çətinlik yaranıb. APA-nın xəbərinə görə,
dünən axşam saatlarından başlayaraq həmin dağ rayonlarına yağan qar
bu gün axşamadək davam edib.
Bu gün axşam saatlarından başlayaraq Ağsu, İsmayıllı, Qəbələ və
Şamaxının dağ kəndlərində, Şamaxı və Qəbələ şəhərlərində, eləcə də
Bakı-Şamaxı yolunun Qobustan, Şamaxı və Ağsu rayonlarından keçən
bəzi yerlərində, Muğanlı-İsmayıllı-Qəbələ yolunun bir çox
ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşıb. Çox az sayda
avtomobil bu yollarda hərəkət edir.
Bakıdan Ağsu şəhərinədək olan ərazidə, yəni Qobustanın Cəngi kəndi
ərazisində, Şamaxının Muğanlı qəsəbəsindəki enişli-yoxuşlu yollarda
və Ağsu aşırımında şinlərində zəncir olmayan 20-yə yaxın maşın
buzlu yolda əlacsız qalıb, bəzi maşınlar sürüşərək yoldan kənara
çıxıb.
Bu gün Qəbələ və Şamaxıda qarlı havada idarəetməni itirən 3 sürücü
qəza törədib, 4 nəfər xəsarət alıb.
Şamaxı-Pirqulu yolu, eləcə də Şamaxı və Ağsu rayonlarını
birləşdirən magistral yol buz bağlayıb. Ağsu aşırımında nəqliyyatın
hərəkəti məhdudlaşıb. Şamaxı şəhərinin bəzi dağ kəndləri ilə
əlaqəsi kəsilib. Bu rayonların aran hissəsinə 10 santimetr, dağlıq
ərazisinə isə 15-20 santimetr hündürlüyündə qar yağıb. Qarın ən çox
düşdüyü yer isə Pirqulu qəsəbəsidir ki, bura təxminən 25-30
santimetr qar yağıb.
Şamaxının Pirbəhli, Qızmeydan, Dəmirçilər, Zarat kəndləri
istiqamətindəki yollarda qar və buz səbəbindən hərəkət məhdudlaşıb.
Bütün yollarda nəqliyyatın hərəkətinin bərpa olunması üçün gün
ərzində bir neçə dəfə duz və qum səpilsə də, hazırda aramsız yağan
qar yolun açılmasına mane olur. Ötən gecə olduğu kimi bu gecə də
yolların buz bağlayacağı bildirilir.
Bakı-Şamaxı-Ağsu yolu və Muğanlı-İsmayıllı-Qəbələ yolu qarla
əlaqədar hərəkət üçün təhlükəli olduğuna görə sürücülər alternativ
olaraq Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ, Kürdəmir-Ağsu
yollarından istifadə edirlər.