Təhsil naziri Ağdamda vətəndaşları qəbul edib tehsil naziri agdamda vetendaslari qebul edib

10 Oktyabr 2016 17:46 (UTC+04:00)

 Bu gün təhsil naziri Mikayıl Cabbarov Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Dram Teatrında vətəndaşları qəbul edib.

 

Təhsil Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciəti dinlənilib.

 

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması, təhsil krediti, ikinci ali təhsil və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 65 nəfər vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

 

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb.