Elektron kitabxana sahəsində vəziyyət hələ də ürəkaçan deyil

11 Yanvar 2013 10:01 (UTC+04:00)

Ənənəvi media və kitaba marağın azalması danılmaz həqiqətdir. İndi dünyada insanlar öz bilgilərini daha çox internet vasitəsilə zənginləşdirməyə üstünlük verirlər. Məsələn, kitaba pul verib oxumaqdansa, internetə girib eyni əsərin elektron variantını oxumağa daha çox maraq göstərirlər. Bu səbəbdən dünyada elektron ktabxanalar da özünün sürətli inkişaf dövrünü yaşayır. 

Azərbaycanda da artıq bir neçə elektron kitab xidmətlərini həyata keçirən saytlar mövcuddur. Bir çoxları hesab edirlər ki, elektron kitabxanaların fəaliyyətə başlaması kitab bazarını məhv edəcək. Yazıçıların, nəşriyyatların maliyyə durumu pisləşəcək. 

Məsələn, tanınmış publisist Ceyhun Musaoğlu hesab edir ki, elektron kitabxanaların fəaliyyəti öz-özlüyündə heç bir təhlükə yaratmır. Əksinə kitaba olan marağı daha da artırır: "Bu kimi kitabxanaların fəaliyyət göstərməsini təqdir edirəm. Xarici ölkələrdə elektron kitabxanaların gəlirləri milyardlarla dollar civarında ölçülür. Azərbaycanda isə bu bazar olduqca kiçikdir. Əhalinin onsuz da kitaba marağı azdır. Ölkə əhalinin cəmi 10 faizi gündəlik kitab oxuyur. Digər qism isə vaxtı olandan-olana, imkan düşəndən-düşənə kitab üzü açırlar". 

Qeyd edək ki, Azərbaycanda cəmi 3-4 elektron kitabxana mövcuddur ki, onların da əksəriyyəti bədii əsərlər yerləşdirməklə kifayətlənirlər. Elmi əsərləri öz səhifələrində yerləşdirən Azərbaycan saytlarının sayı demək olar ki, yoxdur. 

Məlumat üçün bildirək ki, Amerikada kitab bazarında dövriyyə təxminən 7 milyard dollar civarındadır. Almaniyada bu 6 milyard dollara yaxındır. Müşahidələr göstərir ki, getdikcə bütün dünyada elektron kitaba maraq azalır. 

Söhbətləşdiyimiz şəxslər bildirirlər ki, ənənəvi kitabdan alınan zövqü elektron kitablardan almaq mümkün deyil. 

Azərbaycan Yazıçılan Birliyinin elektron ədəbi-kulturoloji portalı olan kitabxana.net saytının yaradıcısı Aydın Xan Əbilov bildirir ki, Azərbaycanda son illər elektron kitabları oxuyanların sayı artsa da, bu sahədə güclü inkişaf yoxdur: "İnkişaf hələ ki, gözlədiyimiz səviyyədə deyil. Elektron kitaba marağın olması ümumiyyətlə, əhalinin elmi və təhsil səviyyəsindən asılıdır. Elmə, təhsilə, ədəbiyyata maraq göstərən şəxs lazım olan kitabı istənilən yolla əldə edib oxuyacaq. Bu sahəyə marağı olmayan, şit, bayağı musiqi dinləyənlərə pulsuz kitab, qəzet də versən oxumayacaqlar". 

A.Əbilov əlavə etdi ki,  Azərbaycanda nəinki elektron kitabxanalar, həmçinin ənənəvi kitabların bazarı da ürəkaçan deyil: "Ümumilikdə ölkəmizdə kitaba olan maraq aşağıdır. Biz bunu yüksəltməyə çalışmalıyıq. Azərbaycanda rus, türk, ingilis dilində kitab oxuyanların sayı artmaqdadır. Eyni əsəri, kitabı xarici saytlardan girib oxuyurlar. Kiçik kitab bazarı olan Azərbaycanda elektron kitabxanaları pullu etmək effekt verməyəcək. Amma vəziyyət o qədər də acınacaqlı, fəlakətli deyil. Azərbaycanda kitaba, ədəbiyyata olan marağın təxmini səviyyəsi mənə bəllidir. Əhalinin kitaba olan marağını artırmaq üçün kompleks tədbirlər həyata keçirmək lazımdır. Həyat təkcə pul qazanmaq, alver etməkdən ibarət olmamalıdır. Cibimiz boşalanda pul qazandığımız, qarnımız acanda  yemək yediyimiz kimi beynimiz də acanda onu kitab oxumaqla qidalandırmalıyıq. Kitabxana portalının rəhbəri olaraq məni saytımıza girənlərin sayının az və ya çoxluğu deyil, ümumiyyətlə kitaba olan marağın səviyyəsi maraqlandırır. Eybi yox, qoy mənim saytıma girməsinlər. Amma gedib kitab alıb oxusunlar". 

R.QAÇAYOĞLU