Radikallaşan Avropadan dünyaya gələn böyük təhdid

11 Oktyabr 2016 09:00 (UTC+04:00)

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında toxunduğu məsələlərdən biri də dünyadakı miqrant böhranı oldu. Ölkə rəhbəri bildirdi ki, miqrant böhranı Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar: "Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə bu partiyalar hakimiyyətə gələcəklər, - ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, - beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək". 

Siyasilər də bu məsələdə Prezidentlə həmfikirdirlər. Onların sözlərinə görə, hazırda Qərbdə millətçilərin hakimiyyətə gəlmə ehtimalı yüksəlib. Bu isə cəmiyyət üçün potensial təhlükədən xəbər verir. Eyni zamanda nəzərə alaq ki, dünya siyasətinin formalaşmasında Qərbin böyük yeri var. Bu fonda Qərbdə millətçilərin, radikalların hakimiyyətə gəlməsi bütövlükdə dünya üçün təhlükə hesab olunur.  

Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Manafov bildirdi ki,  həqiqətən də bu gün Qərbdə millətçi partiyaların hakimiyyətə gəlməsi tendensiyası güclənir: "Bu da daha çox Suriya münaqişəsinin yaratdığı problemlərlə bağlıdır. Bir müddət əvvəl Böyük Britaniyanın Avropa Birliyindən çıxması, daha sonra Fransa və Almaniyada keçirilən seçkilər Qərbdə məhz radikal mövqelərdə dayanan və ultra-sağ millətçi partiyaların hakimiyyətə gəlmə tendensiyalarını gücləndirib. Bu isə İkinci Dünya Müharibəsi ərəfəsində Avropa ölkələrində yaşanan ictimai siyasi vəziyyəti özündə ehtiva edir. Məhz bu səpkidə qüvvələrin Qərbdə hakimiyyət başına gəlmə imkanları ABŞ-ın Avropa ölkələrinə ciddi təsir göstərməsi ilə nəticələnəcək. 

Nəzərə alaq ki, sağ millətçilər dünyada qloballaşmanın əleyhinə çıxış edən qüvvələrdir. Bu da anti-qlobalistika hərəkatının güclənməsinə gətirib çıxaracaq. Perspektivdə sağ millətçi qüvvələrin Qərbdə hakimiyyətə gəlməsi artıq Avropa Birliyində "domino" sisteminin işlək vəziyyətə düşməsini yol açacaq. Böyük Britaniyanın ardınca bir sıra digər ölkələrin də gələcəkdə Avropa Birliyinin tərkibində çıxma ehtimalı yüksələcək. Bu da müasir dünyanın geopolitik durumuna təsirsiz ötüşməyəcək. Heç şübhəsiz ki, Qərblə Şərq, Rusiya ilə Avropa Birliyi arasında münasibətlər kəskinləşəcək. Bu şəraitdə üçüncü dünya ölkələrinin də seçim imkanları məhdudlaşacaq".

Ölkəmizə gəldikdə isə politoloq bildirdi ki, Azərbaycan balanslaşdırılmış siyasət yeritdiyindən özünü perspektivdə gözlənəbiləcək təhlükəli hadisələrdən sığortalayıb. Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov bildirdi ki, söhbət radikal partiyalardan gedirsə, onların hakimiyyətə gəlməsi dünya üçün böyük təhlükələrdən xəbər verir: "Xatırlayaq ki, 20-ci əsrin ortalarında radikal partiyaların hakimiyyətə gəlməsi dünya üçün yaxşı nəticələnmədi. Bu, təkcə alman xalqının, yaxın qonşularının yox, ümumi dünya probleminə çevrildi. Nəticədə İkinci Dünya Müharibəsi meydana çıxdı. 

Bu gün Fransada sionistlər, Almaniyada millətçi partiyaların nüfuzlarının artması, regional seçkilərdə üstünlüklər qazanması dünyanın sabitiyi üçün təhlükəli olan amillərdir. Radikal partiyanın hakimiyyətə gəlməsi bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Bu məsələ  insanları, siyasi partiyaları düşündürməlidir".