Azərbaycanın Avropa siyasətinin konkret istiqaməti açıqlandı

11 Oktyabr 2016 09:15 (UTC+04:00)

"Biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib. Prezident əlavə edi, ki, Avropa İttifaqının ən böyük rəhbərləri də indi Avropa məkanında dərin böhran yaşandığını etiraf edirlər: "Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! "Müsəlmanlara stop" deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik".

Siyasilər də ölkə rəhbərinə birmənalı dəstə verirlər. İndiki məqamda Azərbaycanın Avropaya inteqrasiyasının məqbul olmadığını düşünürlər. 

Millət vəkili Elman Nəsirov bildirdi ki, cənab Prezident Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra mühüm məsələləri diqqətə çatdırdı: "Hansı ki, onlardan biri də Azərbaycanın inteqrasiya siyasəti ilə bağlı məqam, ölkəmizin hara inteqrasiyası ilə bağlı sualın cavabının tapılması idi. Bu inteqrasiya bizə lazımdırmı? Cənab Prezident vurğuladı ki, "kiminsə xoşuna gəlmək üçün, yaxud da donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik" kimi ifadələr səsləndirirlər.  

Eyni zamanda cənab Prezident xüsusi ilə onu qeyd etdi ki, Avropada münasəlmanlara qarşı münasibətdə ikili standartlar hökm sürür. Həqiqətən də belə bir Avropaya inteqrasiya etmək lazımdırmı? Elə özlərinin liderləri açıq şəkildə qeyd edirlər ki, Avropada dərin böhran yaşanmaqdadır. Belə çıxır ki, biz böhranamı inteqrasiya etməliyik? Cənab Prezident belə ritorik suallar səsləndirdi və qeyd etdi ki, bu cür inteqrasiyanı dəstəkləmək kökündən  səhv siyasətdir. 

Azərbaycanın öz yolu var. Bizim siyasətimiz Avropaya inteqrasiya deyil, onunla əməkdaşlıq siyasətidir. Əməkdaşlıq və inteqrasiya tamamilə fərqli anlayışlardır. Bu kontektsdə cənab Prezident vurğuladı ki, Azərbaycanın Avropa İttifaqına daxil olan ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq müqaviləsi var. Avropa ölkələri ilə mühüm layihələri icra edirik. Bu baxımdan bizim qarşılıqlı əməkdaşlıq münasibətlərimiz mövcuddur. Biz hüquqi münasibətlərdən çıxış edərək siyasətimizi həyata keçiririk. Lakin cənab Prezident bildirdi ki, biz inteqrasiya siyasətini həyata keçirə bilmərik, biz əməkdaşlıq siyasətinə üstünlük veririk. Həqiqətən də əməkdaşlıq siyasəti tərəflərin hər biri üçün uğur gətirən, faydalı siyasətdir. Lakin inteqrasiya siyasətində həmişə inteqrasiyaya can atan yox, inteqrasiyanı qəbul edən tərəf uduşlu vəziyyət qazanır. İnteqrasiya edən isə uduzmuş olur. Yəni, burada inteqrasiyanı qəbul edənin mənafeyindən söhbət gedir. Məsələyə bu kontekstdə yanaşsaq və Avropaya inteqrasiyanı seçsək, daha çox uduzan tərəf biz oluruq. Ona görə də ən düzgün münasibət əməkdaşlıq münasibətidir. Cənab Prezident də bu fonda xüsusi qiymət verdi. Ölkə rəhbəri bizim Avropa qurumları ilə sıx əməkdaşlıq xəttinə sadiq qaldığımızı da vurğuladı: "Avropa Parlamanti ilə müansibətlərimiz bir il müddətinə dondurulmuşdu, onun da günahkarı qarşı tərəfin özü idi. Lakin bir ildən sonra yenidən münasibətlərini bərpa etmək istədiklərini vurğuladılar. Biz fərqli bəyannamə hazırladıq və həmin bəyannamədə Avropa İttifaqı bir daha belə nöqsanlara yol verməyəcəyini qeyd etmiş oldu". 

Ölkə rəhbəri həm də referendum məsələsinə toxundu. Qeyd etdi ki, Avropa və ABŞ qurumları referedumla bağlı hər zaman tənqidi mövqedən çıxış edirdilər: "Bu baxımdan Avropa Şurası Parlament Assambleyası (AŞPA) xüsusi ilə seçilərdi. Lakin bu dəfə, referendumdan sonra AŞPA səsvermə prosesdində heç bir ciddi qüsur tapa bilmədi və seçkinin nəticələrini birmənalı şəkildə qəbul etdi". Bütün seçki dövründə əgər 5 mindən çox səsvermə məntəqəsində 20-ə yaxın şikayət daxil olubsa, bu, o deməkdir ki, obyektiv seçkilər keçirilib. Avropa qurumları da bu reallığı görüb onu qəbul etdilər və qərəzli mövqedən çıxış etmədilər. Bu, onu göstərir ki, ən düzgün münasibət əməkdaşlıq münasibətləridir. Bundan hər iki tərəf qazanır. Azərbaycan dövləti də məhz bu yolla gedir. Bu yolda biz heç kimdən asılı deyilik. Bu prosesdə biz həm özümüzün, həm də partnyotumuzun mənafeyini nəzərə alırıq".