SOCAR istiqrazlarına 2 dəfədən çox tələb (FOTO)

11 Oktyabr 2016 12:11 (UTC+04:00)

SOCAR tərəfindən Azərbaycan vətəndaşları və qurumları üçün 100 milyon ABŞ dolları məbləğində kütləvi buraxılmış SOCAR İitiqrazlarına 2 dəfədən çox tələbat yaranıb.


Movqe.az-ın məlumatına görə, sentyabrın 20-dən ön sifariş toplanmasına başlanan SOCAR İstiqrazlarının (5 il müddətli, 3 aydan bir faiz ödənişli, 100 milyon ABŞ dolları məbləğində buraxılan) sifariş toplanma prosesi oktyabrın 10-da uğurla tamamlanıb.


ASAN xidmət, Azərbaycan Beynəlxalq Bankı, Azər-Türk Bank, Xalq Bank, Kapital Bank, Rabitə Bank, AzFinance, İnvestAz, Paşa Kapital və anderrayterliyi öhdəsinə götürən PSG Kapitalın işbirliyi ilə toplanmış ön sifarişlərin yekun sifariş halına gəlməsindən sonra bölüşdürülməsi prosesi 12 oktyabrda, yerləşdirilməsi isə 13 oktyabrda gerçəkləşdiriləcək. 14 oktyabradək Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiqləməsindən sonra 17 oktyabrda İkinci Bazar əməliyyatları başlanacaq. Prosesin uğurla nəticələnməsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Bakı Fond Birjası (BFB) və Milli Depozit Mərkəzi (MDM) dəstək olublar.


Dəyəri 100 milyon ABŞ dolları təşkil edən SOCAR İstiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203 milyon 604 min ABŞ dolları sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük Emissiya Prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcək, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq. Yekun nəticələr 14 oktyabrda dəqiqləşəcək. İnvestorların qarşılana bilinməyən tələblərinin onların bank hesablarına geri qaytarılmasına başlanılacaq və ən gec 18 oktyabrda proses sonlandırılacaq.