BDU-nun yataqxanalarındakı məcburi köçkünlər fevral-mart aylarından başlayaraq köçürüləcək
11 Yanvar 2013 11:00 (UTC+04:00)
Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşmış qaçqınlar
və məcburi köçkünlər fevral-mart aylarından başlayaraq Müşviqabad
qəsəbəsində salınan şəhərciyə köçürüləcəklər. Bunu Baş nazirin
müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri Əli Həsənov Azərbaycan Prezidentinin imzaladığı
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqamı"
çərçivəsində 2013-cü ildə nəzərdə tutulan tədbirlərin müzakirəsinə
həsr olunmuş müşavirədə bildirib. Onun sözlərinə görə, köçürülmə
prosesinə havaların nisbətən mülayimləşməsindən sonra
başlanacaq.
Həsənov, həmçinin qeyd edib ki, BDU yataqxanaları ətrafında olan
məktəblərdə təhsil alanlar da həmin qəsəbədəki məktəblərə
köçürüləcəklər. Dövlət Komitəsi sədri ötən il qaçqınların və
məcburi köçkünlərin həyat şəraitinin yaxılaşdırılması ilə bağlı
tikilən binalar və qəsəbələr barədə məlumat verib. O qeyd edib ki,
bütün infrastruktur işləri yüksək keyfiyyətlə həyata keçirilib.