Bankların sağlamlaşdırılması kreditləri ucuzlaşdıracaq

12 Oktyabr 2016 08:00 (UTC+04:00)

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident tərəfindən toxunulan məsələlərdən biri də bank sektoru oldu. Prezident İlham Əliyev bank sektorunda islahatların, konsolidasiya siyasətinin davam etdirilməsinin vacib olduğunu diqqətə çatdı. Ölkə rəhbəri bank sektorunun şəffaf və ən yüksək dünya standartlarına cavab verməli olduğunu bildirdi.

Qeyd ki, prosesə artıq başlanılıb. Ekspertlərin fikrincə, həyata keçirilən bu addımlar bank sektorunun sağlamlaşdırmasında ciddi rol oynayacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, təmərkkülzəşmə və sağlamlaşdırma ilə bağlı çoxdandır, işlər aparılır: "Hətta ilk beşliyə daxil daxil olan "Bank Standart" ilə bağlı da radikal qərar verildi. Onun aktivlərinin sağlamlaşdırılması üçün böyük vəsaitlərin lazım gəldiyini nəzərə alaraq bankın bağlanması münasib hesab edilib.

Görünən odur ki, bu sahədə konsolidasiya işləri davam edəcək. Bunun da məntiqi nəticəsi kimi ola bilər ki, yaxın gələcəkdə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsini sürətləndirsin. Bu fonda xarici bankların Azərbaycana sürətlə daxil olması üçün şərait yaranır. Bu da vacib amillərdən biridir. Ancaq bundan öncə yerli bankların sağlamlaşdırılması və gələcəkdə həmin xarici banklarla rəqabətə girə bilməsi önəmli amildir. Bu istiqamətdə də işlər gedir. Azərbaycanda bundan sonra da qeyri-sağlam bankların birləşdirilməsi və ya bağlanması prosesinin baş vermə ehtimalı yüksəkdir. Qalan banklar daha ciddi rəqabətə hazır vəziyyətə gətiriləcək. Çünki, bank-maliyyə sistemi ölkə iqtisadiyyatının "qan-damar" sistemidir. Bu sistem sağlam olmalıdır ki, digər sahələrdə də irəliləyişlərə nail olunsun. Ona görə də əgər xarici iri bankların bizim maliyyə bazarına daxil olmasına şərait yaradılacaqsa, gələn ildə də qalan bankların daha da sağlamlaşdırılmasına çalışılacaq. Bu, doğru yanaşmadır, rəqabəti artıracaq.

Yerli bankların sağlamlaşdırılması rəqabəti daha da gücləndirəcək ki, bu da əhalinin xeyrinə olacaq. Bank sektorunda rəqabətli mühit güclənərsə, əhali daha aşağı faizlə kredit, daha yüksək keyfiyyətli xidmət ala biləcək".

Bank məsələləri üzrə ekspert Cəfər İbrahimli da hazırda bank sektorunda problemlərin yaşandığını təsdiqləyir: "Bunları həll etmək vacibdir. İlk olaraq bankların kapitalartırma ehtiyacları yaranmışdı. Kapitala olan tələbə görə, kapitallarını artırmalı idilər. Göründüyü kimi, bu tendensiya gec də olsa, başladı.

Banklar bu gün də kapitallarını artırıb durumlarını düzəltməyə çalışırlar. İkinci olaraq kapitalını ciddi həcmdə itirmiş, düzəlmə ehtimalı çox zəif olan bankların bağlanma məsələsinə başlanıldı. Ancaq bağlanmaqdansa, bankların sağlamlaşdırılması daha vacibdir. Yəni, vasitə və yollara, ehtimallara baxaraq bankların mümkün qədər sağlamlaşdırılmasını həyata keçirmək lazımdır. Çünki, Əmanətlərin Sığortalanması Fondunda da kifayət qədər vəsait toplanmayıb. Yəni, böyük bankların bağlanması ölkə büdcəsinə, borclanma məsələsinə, həm də Mərkəzi Bankın burada likvidliyi təmin etməsinə problemlər yarada bilər. Bu mənada bankların sağlamlaşdırılması prosesinə başlanılmasına ehtiyac var. Daha çox bunun üzərində durulmalıdır".