Məktəb direktoru ölən uşaqdan danışdı

11 Yanvar 2013 12:10 (UTC+04:00)
Dünən Binəqədi qəsəbəsində yerləşən 182 saylı məktəbdə 5-ci sinif şagirdi Elmir Babaşovun idman dərsində həyatını itirməsindən sonra onun ölümü ilə bağlı müxtəlif versiyalar səsləndi. Binəqədi Rayon Prokurorunun köməkçisi Bəsti Emçiyeva hadisənin mini-futbol üçün quraşdırılmış qapının uşağın üzərində aşması nəticəsində baş verdiyini söyləsə də, bəzi məlumatlarda 10 yaşlı məktəblinin ştanqanı qaldırarkən ağırlıq daşının başına düşüyü bildirilirdi.
Movqe.az hadisənin hansı səbəbdən baş verdiyini dəqiqləşdirmək ücün 182 saylı məktəbin 5-ci sinif şagirdləri və təhsil müəssisəsinin direktoru ilə görüşüb. Mərhumla eyni sinifdə oxuyan şagirdlər bildiriblər ki, hadisə mini futbol ücün quraşdırılmış qapıdan Elmir turnik kimi istifadə edərkən baş verib. Onların sözlərinə görə, həmin vaxt idman dərsini tədris edən müəllim zalın yuxarı başında olub. Məktəbin direktoru Zinyət Tağıyeva isə əməkdaşımıza baş verən olayın bədbəxt hadisə olduğunu, buna görə, məktəbi günahkar görməyin doğru olmadığını söyləyib: "Bu bədbəxt hadisədir. Ola bilərdi ki, Elmir məktəbin həyətində futbol oynayarkən başı daşa dəyib ölə bilərdi. Buna görə məktəbi günahkar görmək doğru deyil. Uşaq mini futbol ücün quraşdırılmış qapıdan turnik kimi istifadə edib. Bu zaman əli qapının setkasına ilişib və qapı üzərinə aşıb. Buna məktəb neyləsin? Hadisə baş verəndə müəllim zalın yuxarı başında olub. Yəni uşaqlar başlı-başına olmayıb. Müəllim də haradan bilərdi ki, qəfil uşaqlardan biri mini-futbol ücün quraşdırılmış qapıdan turnikdəki kimi asılacaq?"
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin vəzifəli şəxsin işə vicdansız yanaşması və laqeyd münasibəti nəticəsində etdiyi səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma (314.2-ci) maddəsi ilə cinayət işi başlanıb.