Sahibkarlıqdan uzaq düşən universitetlərimiz
11 Yanvar 2013 14:15 (UTC+04:00)
Hazırkı "Təhsil haqqında" qanunda qeyd olunur ki, hər bir fakültə
profilinə uyğun fərdi sahibkarlıqla məşğul ola bilər. Yəni,
fakültələr təcrübi praktikalarında əldə etdikləri və yaxud da
ümumiyyətlə, istiqamətləri üzrə istehsal etdikləri məhsulları
satışa çıxa bilərlər. Təbii ki, göstərilən fəaliyyət ən çox
texniki, tikinti istiqamətdə olan ixtisaslara şamil edilir.
Satışdan əldə olunan gəlir isə müəyyən nisbətlərdə həm fakültənin
öz, həm də ali məktəbin büdcəsinə daxil edilir.
Xarici universitetlərdə belə praktika mövcud olsa da, Azərbaycanda
hələlik qanun kağız üzərində qalıb. Lakin təəssüf ki, ölkəmizdə bu
gün satışa çıxardığı məhsulundan əldə etdiyi gəliri ilə universitet
büdcəsinə dəstək olan ali məktəb demək olar ki, yoxdur. Ekspertlər
bildirirlər ki, mövcud qanuna əməl olunsa, ali məktəb maliyyə
baxımından daha çox vəsait əldə edə bilər.
İqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirir ki,
universitet beyin fabrikidir: "Universitetlər fabrik və zavodlara
düşüncə satır. Zavodlar da həmin insanlara satdığı məhsulun müəyyən
miqdarında pul verirlər. O professorlara da həmin şəraiti
universitet yaradır. Təbii ki, universitet pul qoyub, pul
qazanacaq. Yəni, layihələr satılır, əvəzində pul alınır. Əsasən də
texniki profilli ali təhsil müəssisələri texnikanı, materialları
yox, texnikanın, materialların keyfiyyətini yüksəltmək üçün əldə
oluna biləcək mövzusunu satır. Ona görə də universitetlər üçün əsas
göstərici tələbələrin sayı yox, ideyanın satışı, yeni - yeni
məhsulların çıxışıdır".
Alim bildirir ki, bu gün Azərbaycanda belə layihələr istehsal edən
təhsil müəssisləri az da olsa var: "Onlardan biri Azərbaycan Dövlət
İqtisad Universitetidir ki, hazırda onun tərkibində İqtisadi
Araşdırmalar Elmi Tədqiqat institutu fəaliyyət göstərir. O,
çox böyük layihələr verir. AMEA-nın İqtisadiyyat institutu da bir
neçə şirkətlərdə menecment - idarəetmənin yenidən qurulması, insan
kapitalının dəyərləndirilməsi üçün layihələr istehsal ediblər. Amma
bizdə bazar və alıcı azdır. Düşüncə dəyişməlidir. Şirkətlər deyir
ki, biz layihələri xaricdən alırıq. Milli innovasiya sistemi
lazımdır. Milli düşüncəyə sahib olmalıyıq, milli iqtisadiyyatı
inkişaf etdirməliyik. Universitetlər buna doğru getməlidir.
Bir-birilərini təkrarlayan universitetlər dövlət hesabına fəaliyyət
göstərməməli, birləşməlidirlər. Meydanı düşüncəli, novator
insanlara vermək lazımdır. Universitetlər özləri öyrənməlidir. Özü
öyrənməyi bilməyən başqasını öyrədə bilməz".
İqtisadçı bildirir ki, bu gün Moskva Maliyyə Akademiyası,
Türkiyə Mərmərə Universiteti ən zəngin universitetlərdəndir:
"Çünki, ölkələrindəki əksər şirkətlər onlarla işləyir. Burada da
hər kəs eyni maaş almır. Kim bilik istehsal edirsə, yüksək maaş
alır. Bundan başqa dövlət sərmayəli olub da inkişaf etmək olar.
Universitetlər dövlətin adından marka kimi istifadə edə bilər.
Dünyaya çıxışı üçün dövlətin adı onlara bəsdir. Bununla da öz
büdcələrini qoruyacaqlar. Bu gün Beynəlxalq Bank
və ARDNŞ dövlət əhəmiyyətlidir. Lakin
bu, o demək deyil ki, onlar sərmaya dalınca getmir. Universitetlər
də onlar kimi, dövlət maraqlarını nəzərə almaqla inkişafları üçün
bu istiqamətdə gərəkli addımlar atmalıdırlar. Bu da
universitetlərin büdcələrini qorumağa dəstək olar. Burdan əldə
olunan gəlirin 30 faizi fakültənin, 70 faizi isə universitetin
büdcəsinə əlavə olunur".
Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı bildirir ki, qanundakı bu
maddə istehsal sahələrinə yaxın olan ixtisaslara aiddir: "Məsələn,
kimya, fizika, tikinti sahəsində bunlar nəzərdə tutula bilər.
Humanitar fənlərdə elə bir məsələ ola bilməz. Amma Azərbaycanda
artıq universitetlərə müstəqillik verilməsi halları müşahidə
olunur. Gələn ildən müəllimlərin əmək haqlarının universitetin
özünün müəyyən etməsi nəzərdə tutulub. Yəni, universitetin büdcəsi
olacaq. O büdcəyə uyğun da istədiyi müəllimə istədiyi əmək haqqı
vermək hüququ olacaq. Ona görə də gələcəkdə bu məsələ də gündəmə
gələ bilər ki, universitetlər öz büdcələrini artırmaq üçün istehsal
sahələri aça bilərlər. Büdcəyə gəlir gətirmək üçün praktikada
tələbələrin zəhmətinin nəticələrinin həm tələbələrə, həm də
universitetə xeyir verilməsi nəzərdə tutula bilər. Amma hələ ki,
deyilən məsələ barədə heç bir universitetdə hansısa işlər görülmür.
Qərb təcrübəsinə istinad etsək, orada böyük universitetlər var ki,
onlar sifarişlər qəbul etməklə büdcələrinə yüksək gəlir
gətirirlər".
Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə ali məktəblərin bu cür
işləri görə bilməmələrinin kökündə universitetlərin müstəqil
olmaması, nazirlikdən və digər orqanlardan asılı olması durur: "Hər
il Maliyyə Nazirliyi universitetlərdə yoxlama keçirir. Hansısa
əlavə xərc, vəsait olarsa, onlar nöqsan kimi tutulur. Ona görə də
belə ciddi nəzarət olan universitetlər hələ ki, bu işləri
görə bilmirlər. Amma Qərb ölkələrində təhsil sahəsində sadələşmiş
rejimlər mövcuddur".