Azərbaycanda Həcc ziyarətinin qiymətləri niyə bahalaşır?

11 Yanvar 2013 17:05 (UTC+04:00)
Məlum olduğu kimi, bu il Həcc ziyarətinin qiymətlərində artım gözlənilir. Qiymət artımı Səudiyyə Ərəbistanında tutulacaq otellərin və kirayə götürüləcək çadırların qiyməti ilə əlaqələndirilir. Qiymətlər bu ilin aprelində Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanacaq protokolun hazırlanması zamanı dəqiq məlum olacaq. Amma Həcc ziyarətinə gediş haqqının demək olar ki, hər il artırılması bu müqəddəs məkana biletin qiymətindəki bahalaşmanın hansı səbəbdən baş verməsi ilə bağlı ortaya suallar cıxarır. Turizm şirkətləri isə Həcc ziyarətinin qiymətlərinin Azərbaycanda hər il bahalaşmasının səbəbini bu ziyarətin təşkilinin bir qurum tərəfindən aparılmasında görürlər. "Azintour Travel" şirkətinin direktoru Əhməd Səmədzadə Movqe.az-a bildirib ki, bir necə ildir ki, tur şirkətlərinə Həcc ziyarətinə zəvvar aparmaqla bağlı QMİ-nin qoyduğu qadağa ölkədə Həcc ziyarətinin qiymətini bahalaşdırıb: "Əvvəllər tur şirkətləri də Həcc ziyarətinə zəvvar aparırdılar. Zəvvarların secim imkanı vardı ki, hansı tur şirkəti ucuz qiymət təklif edirdisə, o şirkətlə də Həcc ziyarətinə gedirdi. Amma necə ildir ki, tur şirkətləri Həcc ziyarətinə zəvvar aparmırlar. Bu isə qiymətlərə təsir göstərir. Nəticədə QMİ Həcc ziyarətinə istədiyi qiyməti qoyur. Bizə isə hec gəlir lazım deyil. Əgər tur şirkətlərinə icazə versələr bizdə bu xeyirxah əməldə payımız olması üçün zəvvarları sərfəli qiymətə Həcc ziyarətinə apara bilərik".

İqtisadçı Nazim Məmmədov da Həcc ziyarətinə zəvvarların aparılmasının bir qurum tərəfindən təşkil edilməsinin qiymətlərin bir əldən idarə edilməsinə gətirib çıxardığını söylədi. Onun sözlərinə görə, bu bazarda rəqabət mühitinin yaranmasına mane olur: "Əlbəttə ki, Həcc ziyarətinə zəvvarların aparılmasında tur şirkətləri iştirak edəndə rəqabət yaranırdı. Rəqabət mühitində qiymətlər dəyişirdi ki, bu da zəvvarlara seçim imkanı verirdi. Zəvvar büdcəsinə uyğun olan tur şirkətini seçib ziyarətə də həmin şirkətlə yollanırdı. İndi isə Həcc ziyarətinin təşkili QMİ-nin monopoliyasındadır.  Zəvvarların secim imkanının olmaması isə QMİ-yə Həcc ziyarətinin qiymətini hər il istədiyi kimi müəyyənləşdirməyə fürsət verir". 

QMİ-dən isə suallarımıza cavab almaq ücün mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlasaq da cavab verən olmadı.