Sevinc Babayevanı ölkədən Gülər Əhmədovanın cıxarması təsdiqləndi

11 Yanvar 2013 17:18 (UTC+04:00)
Respublika Baş Prokurorluğu Sevinc Babayevanın ölüm işi ilə bağlı məlumat yayıb. Movqe.az Prokurorluğun yaydığı məlumata istinadən xəbər verir ki,  Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunmuş Sevinc Babayevanın Türkiyə Respublikasında vəfat etməsi ilə əlaqədar Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları İstanbul şəhərinə ezam olunublar. Həmin fakt üzrə Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Türkiyəli həmkarları tərəfindən həyata keçirilən araşdırmalarla əlaqədar İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibbi ekspertizası müayinəsində, daha sonra baxış, dindirmə, götürmə və digər istintaq hərəkətlərində iştirak ediblər. Araşdırmalarla müəyyən edilib ki, S.Babayeva 25 sentyabr 2012-ci il tarixdə internet saytlarında məlum videogörüntülər yayımlandıqdan sonra Gülər Əhmədovanın təklifi ilə ertəsi gün saat 05:57-də Beynəlxalq Hava Limanından Bakı-İstanbul reysi ilə öz ümumvətəndaş pasportu ilə ölkədən çıxmış və həmin tarixdə saat 08:37-də İstanbul Hava limanında qeydiyyatdan keçib. İstanbul şəhərində G.Əhmədovanın tanışı, Türkiyə Respublikası vətəndaşı Səlcuk Ağlayan onun xahişi ilə S.Babayevanı qarşılayaraq özünün adına "Bəynova" otelində nömrə götürüb və S.Babayeva həmin oteldə 10 oktyabr 2012-ci il tarixə qədər yaşayıb. Qeyd edilən tarixdən etibarən S.Babayeva İstanbulun Esenyurt Atatürk məhəlləsində yerləşən "Ay işığı" yaşayış kompleksində S.Ağlayanın öz adına müqavilə bağlayaraq kirayə etdiyi mənzildə tək yaşayıb. Orada yaşadığı müddətdə S.Babayeva özünü "Meryem Solmaz" adı ilə təqdim edib, S.Ağlayana məxsus mobil telefonla öz ailə üzvləri və G.Əhmədova ilə əlaqə saxlamış, "Skype" proqramı vasitəsi ilə danışıb. Həmin vaxt o, ürək ağrılarından şikayətlənərək müxtəlif dərman preparatları qəbul edib. Noyabrın 16-da "Meryem Solmaz Muhammed" adı ilə "Cərrahpaşa Tibb fakültəsi" xəstəxanasının kardioloji poliklinikasına müraciət edərək müayinə olunub və müalicə pulunun yüksək olması səbəbindən müayinə və müalicəsini davam etdirə bilməyib. Dekabrın 26-da S.Babayeva səhhətinin pisləşməsi ilə əlaqədar yaşayış kompleksinin mühafizə xidməti tərəfindən çağırılmış təcili tibbi yardımla Esenyurd dövlət xəstəxanasına aparılıb. S.Babayeva huşsuz vəziyyətdə xəstəxanaya qəbul olunarkən, onunla birlikdə xəstəxanaya gəlib S.Ağlayan onu "Meryem Solmaz" adı ilə təqdim etdiyindən tibbi sənədlər həmin ad və soyadla rəsmiləşdirilib. Xəstəxananın təqdim etdiyi sənədlərdə S.Babayevaya saat 09:32-dən saat 16:13-dək ilkin tibbi yardım göstərilməsi, o cümlədən kardioqrammasının çıxarılması, qan nümunələrinin götürülməsi və xəstəyə "ürək çatışmazlığı" diaqnozunun qoyulması göstərilib. Həkimlərin daha keyfiyyətli kardioloji müayinə və müalicə tədbirlərinin davam etdirilməsi üçün xəstənin ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsi barədə məsləhətlərindən sonra o, S.Ağlayan tərəfindən təcili tibbi yardım maşıını ilə "Medicana International İstanbul Hospital" xəstəxanasına aparılıb. Xəstəxananın təqdim etdiyi tibbi sənədlərdə S.Babayevanın "Meryem Solmaz" adı ilə qeydiyyata alınaraq "ürək, qan-damar və ağ ciyər çatışmazlığı" diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilməsi və intensiv müalicətədbirlərinin aparılmasına baxmayaraq onun qeyd edilən tarixdə saat 19:15-də orada vəfat etməsi göstərilib. Araşdırmalar zamanı S.Babayevanın yaşadığı mənzildən şəxsi əşyaları, 10 adda müxtəlif dərman preparatları, o cümlədən ürək və qan-damar xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan "Diltiazem" və "Aldactazide" preparatları və ekspertiza tədqiqatları üçün zəruri nümunələr götürülüb. Dekabrın 29-da S.Babayevanın meyiti Azərbaycana göndərilib və həmin tarixdə onun ölümünün səbəblərinin müəyyənləşdirilməsi və digər xüsusatların araşdırılması məqsədi ilə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin "MTE və PA" Birliyinə tapşırılıb. Hazırda S.Babayevanın ölkədən çıxmasında və Türkiyədə gizlənməsində G.Əhmədova və onun ailə üzvlərinin nə kimi iştirakının olması və digər xüsusatların araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Türkiyə Respublikasına ezam olunmuş hüquq mühafizə orqanlarının əməkdaşları ölkəyə qayıtdıqdan və iş üzrə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticələri, həmçinin Türkiyə tərəfindən məhkəmə-tibbi ekspertizanın rəyi alındıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.