Qarabağda Avropa sülhməramlı qüvvələri

12 Yanvar 2013 07:35 (UTC+04:00)

Təkcə Azərbaycanın yox, bütünlükdə Cənubi Qafqazın inkişaf yolunda əsas problemlərdən biri olaraq dəyərləndirilən Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması regionda bəzi maraqlı qüvvələri də ciddi şəkildə narahat etməkdədir. Belə qüvvələrdən biri qismində Avropa İttifaqı çıxış edir.

Qurum Qarabağ münaqişəsinin mövcudluğunu regional maraqlarına təhdid sayır və problemin mümkün qədər tez həllinin vacibliyini bəyan edir. Elə Avropa İttifaqı Şurasının prezidenti Herman van Rompey Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun qəbuledilməz olduğunu bildirib, münaqişənin həlli prosesinə təmsil etdiyi qurumun töhfə vermək niyyətində olduğunu deyib. Ümumiyyətlə, Avropa İttifaqı xeyli müddətdir ki, konfliktin çözümündə əsas rollardan birini oynamaq istəyir. Hətta məlumdur ki, münaqişənin həlli ilə bağlı qurum tərəfindən müəyyən təkliflər də hazırlanıb. Lakin həmin təkliflərin münaqişə tərəfləriən təqdim olunması və mahiyyəti barədə ictimaiyyətə hansısa açıqlama verilməyib.

Ekspertlər isə hesab edir ki, Avropa İttifaqı həqiqətən də Qarabağ konfliktinin həllinə böyük töhfə verə bilər. Digər tərəfdən bəzi mübahisəli məsələlər məhz Avropa İttifaqının konfliktin həllinə cəlb olunacağı təqdirdə öz həllini tapa bilər. Misal üçün sülhməramlı qüvvələr məsələsi məhz bu qəbildən dəyərləndirilir.

Yəni bölgəyə məhz Avropa İttifaqının sülhməramlı qüvvələri yeridilə bilər. Xatırladaq ki, bu vaxta qədər Rusiya bölgəyə öz sülhməramlı qüvvələrini yeritməkdə maraqlıdır və Ermənistan buna razıdır. Lakin Azərbaycan əks mövqedən çıxış edir. Belə şəraitdə neytral mövqe sahibi kimi Avropa İttifaqının sülhməramlı qüvvələrinin bölgəyə yeridilməsinə həm Azərbaycanın, həm də Ermənistanın razılıq verə biləcəyi istisna edilmir.

Xatırladaq ki, Avropa İttifaqı sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi məsələsi zaman-zaman gündəmə gəlib. İttifaq özü isə bununla bağlı qəti mövqe bildirmir. Avropa İttifaqı bəyan edir ki, belə bir addım zəruri və xeyirli olsa, Avropa İttifaqı bu işə öz töhfəsini verməyə hazırdır. Lakin yenə də hazırkı mərhələdə Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupu vasitəsilə hər hansı bir razılığa gəlməsə, Aİ-nin diplomatik yolla hamıya irəliləyiş əldə etməyin zəruriliyini xatırlatmaqdan başqa vəziyyətə real təsir imkanı yoxdur.

Yuxarıda qeyd olunduğu kimi, Avropa İttifaqı Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə yönəlmiş etimad tədbirlərinə dair yeni təkliflər verib. Qurumun ali komissarı Ketrin Eşton Azərbaycana səfəri zamanı qurumun Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini gücləndirəcəyini bildirmişdi. O da məlum idi ki, qurum tərəflərin istəyi əsasında münaqişənin daha tez həlli, xüsusən də münaqişə tərəfləri arasında etimadın qurulması üçün yeni ideyalar irəli sürüb. Lakin bu ideyaların taleyindən hələ də xəbər yoxdur.

Bundan başqa, ötən il belə məlumatlar da yayılmışdı ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə dair postkonflikt ssenari hazırlamağa hazırlaşır. Bu ssenari İttifaqın prosesdə iştirakı üçün əsas ola bilər. Bu niyyətini qurum həm də onunla əsaslandırır ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsində irəliləyiş müşahidə edilməməsindən narahatdır. Qeyd olunan ssenari İttifaqın prosesdə iştirakı üçün əsas bazis yaratmaq imkanındadır.

Beynəlxalq Böhran Qrupu Avropa proqramlarının direktoru Sabina Freyzer isə hesab edir ki, Avropa İttifaqı azərbaycanlılar və ermənilər arasında inam yaratmaqla məşğul olur, nəinki siyasi rol oynayır. Sabina Freyzer bildirir ki, Avropa İttifaqı Dağlıq Qarabağ məsələsinin həllini tapmaqda böyük rol oynamaqda maraqlıdır: "Lakin qurum bunu azərbaycanlı və ermənistanlı gənclər, jurnalistlər, alimlər və idmançılarının görüşünü maliyyələşdirmək və onları bu istiqamətdə həvəsləndirməklə etməyə çalışır, nəinki siyasi razılıq əldə etməyə can atır. Avropa İttifaqı Minsk qrupunun baza prinsipləri sahəsində razılıq əldə etməsi cəhdlərini dəstəkləyirdi və indi onlar yeni nəsə təklif edərsə mən təəccüblənərəm".