Daha bir neçə bank sıradan çıxır

12 Yanvar 2013 08:10 (UTC+04:00)

Məlumat verildiyi kimi Mərkəzi bankın müvafiq qərarı ilə 2014-cü ilin yanvarından Azərbaycanda kommeriya banklarının nizamnamə kapitalı 50 milyon manatdan aşağı olmamalıdır. Buna əməl etməyən bankların fəaliyyət göstərməsi mümkün olmayacaq. Hazırda ölkədə 43 bank fəaliyyət göstərir. Nizamnamə kapitalı isə indilikdə 10 milyon manat olaraq müəyyənləşib.

Hətta 10 milyon manatlıq həcmdə belə 3 bank bu limiti də doldurmaq iqtidarında deyil. Bu hal onu göstərir ki, nizamnamə kapitalı 50 milyon manat müəyyənləşəndən sonra iflas təhlükəsilə üz-üzə qalan bankların sayı daha çox ola bilər. Görəsən, ekspertlər nə fikirdədir, nizamnamə kapitalının 50 milyon manata qaldırılması fonunda bir çox bankların fəaliyyətini dayandırması gözləniləndirmi?

İqtisadçı alim Nazim Məmmədovun fikrincə, ən azı 2-3 bank nizamnamə kapitalının 50 milyon manata qədər çoxaldılması fonunda rəqabətə tab gətirməyərək iflasa uğrayacaq: "Azərbaycanda bankların bir çoxunun konsolidasiya olunmasına ciddi ehtiyac var. Bu ilin sonuna qədər bankların nizamnamə kapitalının 50 milyondan aşağı olmaması barədə hədd qoyulması o deməkdir ki, onlara nizamnamə kapitalını nəzərdə tutulan həcmə çatdırmaq üçün kifayət qədər vaxt verilib. Proqnozlarıma görə, təxminən 10-a qədər bank 50 milyonluq nizamnamə kapitalını əldə etmək üçün bir-birilə birləşməlidir. Eyni zamanda, gözləniləndir ki, 2-3 bank prosesdən kənar qalacaq, lisenziyaları ləğv olunacaq. Baxmayaraq ki, nizamnamə kapitalının 50 milyon manata qaldırılması inzibati addımdır, amma bununla belə nizamnamə kapitalının müəyyən bir həddini müəyyənləşdirmək Mərkəzi Bankın səlahiyyətləri daxilindədir. Rəsmi qurum inzibati yolla bankların sayının azalmasını istəyirsə, məcburi yolla bunun baş verməsi yolverilməzdir. Amma iqtisadi rıçaqlara əsaslanaraq nizamnamə kapitalının artırılması və bu xüsusda bankların sayının azadılması prosesinə normal yanaşıram".

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev də bu qənaətdədir ki, nizamnamə kapitalının 5 dəfə artırılması ilə bir çox banklar tarixin arxivinə düşəcək: "Bankların nizamnamə kapitalının 50 milyon manata çatdırılması bankların konsolidasiya, yəni birləşdirmə prosesinin tərkib hissəsidir. Bir müddət bundan öncə Mərkəzi Bank konsolidasiyanı təklif etmişdi, amma banklar bunu qəbul etmədilər. Görünür, bunun nəticəsi olaraq Mərkəzi Bank sərt addıma keçməyə məcbur oldu. Belədə yeni yaranacaq banklar üçün nizamnamə kapitalını, mövcud banklar üçünsə məcmu kapitalı 50 milyon manat civarında müəyyənləşdirdi. Bu proses proqnozlara görə bir neçə bankın bazarı tərk etməsilə nəticələnəcək. Mərkəzi Bankın sədri Elman Rüstəmovun bu yaxınlarda verdiyi açıqlamaya görə, ölkə banklarının 80 faizə qədərinin məcmu kapitalı 50 milyon manatlıq həcmə cavab verir. Yalnız 20 faiz bank bu limiti təmin edə bilməmək təhlükəsi qarşısındadır. Bir müddət bundan öncə apardığımız araşdırmaya görə, 20-dən artıq bankın nizamnamə kapitalı sözügedən həddən aşağı olub. Görünür, ötən müddət ərzində banklar kapitallarını artırmaq istiqamətində fəaliyyətlərini gücləndiriblər. Problemi həll edə bilməyən az sayda bank qalıb. Nizamnamə kapitalının 50 milyon manata çatdırılması fonunda bəzi banklar bazarı tərk etməli olacaq, digərləri də birləşmə yolunu tuta bilərlər. Gələn ilin yanvarına qədər bu barədə daha dəqiq məlumatlar üzə çıxacaq. Amma bəzi məlumatlara görə, indidən bəzi iri banklar kiçik bankların kapitalını almaqla həm onların kapitalının artırılmasında iştirak edir, həm də onların kapitalında paya malik olmaq siyasəti yürüdürlər. İstənilən halda gələn il fəaliyyət göstərən bankların sayı indiki həddə olmayacaq. Proqnozlara görə, azı 5, uzağı isə 10-a yaxın bank bu və ya digər formada bazarı tərk etməli olacaq".