Aksiyada bir neçə nəfər saxlanılıb

12 Yanvar 2013 19:00 (UTC+04:00)

Bu gün Bakıda əsgər ölümünə etiraz olaraq keçirilən aksiyada bir neçə nəfər polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov məlumat verib. S.Bağırov qeyd edib ki, bir qrup gənc paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib: "Polis qanunsuz aksiya cəhdinin qarşısını alıb. Aksiyada bir neçə nəfər saxlanılıb. Yəqin ki, onlar inzibati qaydada cəzalandırılacaqlar".

Qeyd edək ki, bu gün Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə əlaqədar bir qrup gəncin sosial şəbəkələr vasitəsilə Bakının Fəvvarələr meydanına təyin etdiyi aksiya keçirilib. Aksiyada  hərbi xidmət zamanı dünyasını dəyişmiş əsgərlərin şəkilləri, Azərbaycan və Türkiyənin bayraqları qaldırılıb.  Aksiyaçılar "Şəhidlər ölməz, Vətən bölünməz!", "Əsgər ölümünə son!" və digər şüarlar səsləndiriblər. Aksiyanı yerli hüquq müdafiəçiləri, ATƏT-in Bakı ofisinin və bəzi səfirliklərin nümayəndələri izləyiblər.